İsa Qəmbər Milli Şuranın təsis toplantısına qatılmayacaq

Gələn həftə Milli Şuranın tərkibi elan olunacaq. Artıq bununla bağlı intensiv danışıqlar aparılır. Bunu “Gündəlik Teleqraf” a danışıqlarda iştirak edən, amma adının çəkilməsini istəməyən şəxs deyib. O, bildirib ki, son zamanlar Eldar Namazov əksər siyasi partiyalarla görüş keçirib və onlara Milli Şurada yer təklif olunub.

2013-05-23 11:42:13
Bildirilib ki, Milli Şuranın təsisçisi AXCP, Müsavat və “EL” Hərəkatı deyil, onun üzvlərinin hamısı olacaq. Ən son xəbərə görə, Milli Şuranı təsis edənlər fərdlər olacaq və burada partiyalıq əsas götürülməyəcək. Bununla bəzi siyasi partiyaların narazılığını aradan qaldırmaq məqsədi güdülür.

Bu arada daha maraqlı məlumatlar əldə etmişik. İctimai Palatada təmsil olunan bəzi şəxslər bu prosesdən narazıdır. Bu sırada daha çox Mehriban Vəzirin, Vidadi Mirkamalın, Rafiq Manaflının adı çəkilir. Milli Şuranın yaranacağı təqdirdə İctimai Palatanın Koordinasiya Şurasının üzvlərindən Leyla Əliyevanın, Mirvari Qəhrəmanlının, Qələndər Muxtarlının, Ədalət Yusifovun adının siyahıya düşməyəcəyi gözlənilir. Bu isə istər-istəməz həm narazılıq yaradacaq, həm də İctimai Palata ilə Milli Şuranı üz-üzə qoyacaq. Məhz bunun baş verməməsi üçün Milli Şuraya daxil olacaq İctimai Palatanın əsas simaları müəyyən addımlar atmağı vacib sayır. Onların zənnincə, Milli Şuranın aldığı qərarları bütün hallarda yerinə yetirməli olan bir quruma ehtiyac yaranacaq. Bu qurum isə İctimai Palata ola bilər. Başqa sözlə, regional komitələr tam tərkibdə İctimai Palatadan Milli Şuraya transfer olunacaq. Mənbə onu da söyləyib ki, məhz AXCP-nin atdığı addımların sayəsində palatanın regional komitəsinin toplantıları keçirilmir. Daha doğrusu, Müsavat başqanı namizəd olacağını elan etdikdən sonra AXCP palatanın fəaliyyətini mümkün qədər zəiflətməyə çalışıb.

Daha bir maraqlı məqam isə Müsavat Partiyasının başqanı İsa Qəmbərin Milli Şuranın təsis ediləcəyi gün bu tədbirdə iştirak etməməsidir. Əldə etdiyimiz məlumata görə, hazırda Avropada səfərdə olan İsa Qəmbərin Amerikaya gedəcəyi gözlənilir. Ola bilsin ki, Müsavat başqanı ya Avropadan birbaşa ABŞ-a yollanacaq, ya da ölkəyə qayıdıb buradan gedəcək. Bütün hallarda onun Milli Şuranın yaranmasına qatılmayacağı dəqiqdir.

Xatırladaq ki, Müsavat Partiyasının Milli Şuranın yaradılmasına maraqlı olmadığı haqqında xəbərlər gəzir və bunu Milli Şura ilə bağlı hazırda danışıqlar aparan siyasi qüvvələr də bildirirlər. Belə olan halda Müsavat başqanının Milli Şuranın təsis olunduğu gün tədbirə qatılmaması deyilənləri bir qədər də gücləndirir.