Türkiyəli nazir Azərbaycandakı təhsil fırıldağından danışdı

“Bəzi firmalar Azərbaycandan Türkiyəyə təhsil almaq üçün getmək istəyən gənclərə çox da düzgün olmayan məlumatlar, hətta bəzi mövcud olmayan universitet ixtisasları üçün yalançı vədlər verir”.

2013-05-22 14:48:11
APA-nın məlumatına görə, bunu Türkiyənin təhsil naziri Nəbi Avcı bu gün təhsil naziri Mikayıl Cabbarovla birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyənin Azərbaycandakı səfirliyi Azərbaycandan Türkiyəyə gəlmək istəyən tələbələrin ziyan görməməsi üçün Türkiyə universitetlərində öz imkanları ilə təhsil almaq istəyən namizədlərə və onların valideynlərinə müraciət edib.

Nazirin sözlərinə görə, hər bir tələbə tərəfindən müraciətlər səfirlik vasitəsilə ediləcəyi təqdirdə problem olmayacaq: “Fəaliyyəti bəlli olmayan vasitəçi qurumlara etibar edilməməlidir. Türkiyədəki universitetlərə qəbul üçün müraciətlər artıq internetlə mümkün olduğundan, ya birbaşa onların özlərinə, ya da Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət etməklə daha etibarlı məlumatlar ala bilərlər. Azərbaycandan Türkiyəyə oxumağa gələn azərbaycanlı gənclərin burada hər hansı problemlər üzləşməsini istəmirik. Bunun üçün də Türkiyəyə oxumaq ən yaxşı və etibarlı yollarla gəlmələrini arzulayırıq. Azərbaycanlı gənclərin Türkiyə universitetlərində təhsil almasından çox şadıq. Yetər ki, onlar bu universitetlərə etibarlı yollarla daxil olsunlar və ailələrinə ziyan dəyməsin”.