Türkiyə səfiri MSK-ya gəlib

O, iki ölkənin seçki qurumları arasında yüksək səviyyəli əməkdaşlığın qurulması təşəbbüsü ilə çıxış edib

2013-05-20 16:54:47
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşüb. MSK-dan verilən məlumata görə, qardaş ölkənin təmsilçisi ilə görüşdən məmnunluq duyduğunu bildirən MSK sədri Azərbaycanla Türkiyənin qardaşlıq və dostluğa əsaslanan münasibətlərinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əmin olduğunu vurğulayıb.

Səmimi qəbula görə minnətdarlığını bildirən səfir Azərbaycanda çalışdığı dövrdə dostluq və qardaşlıq münasibətlərinin daha da dərinləşməsi üçün bütün qüvvəsini sərf edəcəyini dilə gətirib.

O, iki ölkənin seçki qurumları arasında yüksək səviyyəli əməkdaşlığın qurulması təşəbbüsü ilə çıxış edib. MSK sədri qardaş ölkənin təmsilçisinə Azərbaycanın seçki sistemi və seçki institutlarının fəaliyyəti barədə ətraflı məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.