Dostum namaza başlamaq istəyir. Lakin,.....

Mənim bir dostum var və namazı öyrənmək istəyir. Mən də ona namazı öyrətmək istəyirəm. Ancaq o bir şey ilə əlaqədar olaraq namaza başlaya bilmir

2011-10-17 15:52:03




Mənim bir dostum var və namazı öyrənmək istəyir. Mən də ona namazı öyrətmək istəyirəm. Ancaq o bir şey ilə əlaqədar olaraq namaza başlaya bilmir. Onun namaza başlaya bilməmə səbəbi odur ki, ondan tez-tez axşam yatdığı yerdə məni ixrac olur və o bunu bilərəkdən etmir. Bu hadisə tez - tez (demək olar ki, hər gün ) baş verir. Bununla əlaqədar olaraq o gərək hər gün qüsl alsın. Əlbəttə ki, bu onun üçün bir qədər çətin olacaqdır. Həmçinin bu məsələnin tibbi yönünün olub-olmasını da öyrənmək istəyirik..
 
 “…Allah haqqı söyləməkdən həya etməz…”(əl-Əhzab 53).Allah namazı əmr etmiş və onun yerinə yetirmə qaydalarını tərtib etmişdir. Bu qaydalardan bir qismi də namazın şərtləridir. Namazın bir neçə şərtindən biri təmizlikdir. Rəsulullah (s.a.s.) bu barədə belə buyurmuşdur: “Təmizlik namazın açarıdır.” Bu bir həqiqətdir, amma digər tərəfdən də Allah insanı daşımadığı qədər yükləməz.
“Allah insana daşımadığı qədər yükləməz...” (əl-Bəqərə 286)
Allah insanlara namazı əmr etmiş və onu güclərinin çatdığı nisbətdə yerinə yetirməsini istəmişdir. Eyni zamanda onlardan asılı olmayan şeylərdən dolayı da qullarını əfv etmişdir. Bu səbəbdən bir tək heyzli və uşaq doğuran qadınlardan başqa heç kəs namazdan azad olunmamışdır. Qalan digərləri isə bacardığı kimi namazını əda edər. Məsələn, namazı ayaq üstə qıla bilməyən oturan yerdə, uzanan yerdə qılar və ya üzü qibləyə çevirə bilmədiyi halda, hər hansı bir yerə dönər. Həmçinin təmizlik məsələsində də belədir. İnsan cünub olarsa (qüslü pozularsa) qüsl alar, qüsl ala bilməzsə torpaqla təyəmmüm alar, o da mümkün olmazsa təmizlənmədən qüslsüz, dəstəmazsız, təyəmmümsüz namazını qılar. Dəstəmazını saxlaya bilməyən yaşlı və ya xəstələr də dəstəmaz alar, namaza başlayarlar. Əgər namazda dəstəmazları pozularsa, artıq namazlarına davam edərlər, namazdan çıxıb təkrar dəstəmaz almazlar.
Buna görə sizin dostunuz heç bir şeyə baxmadan namaza başlamalıdır. Onun düşdüyü vəziyyət haqqında isə bunları söyləyə bilərik.
Kişilərdə ixrac olan hər mayə məni deyil. Məniyə bənzər “vədi” və “məzi” deyilən mayələr də var.
1. Vədi. Vədi sidikdən sonra qalın, qatı və şəffaf xaric olan susdur. İbn Abbasdan gələn rəvayətə görə o belə demişdir: “Mənidən (spermadan) dolayı qüsl gərəkdir. Məzi və vədidə isə çıxan yeri yumaq yetər.” Başqa yerdə isə İbn Abbas belə demişdir: “Övrət yerini yu və dəstəmaz al!” demişdir. (Bəyhəqi).
Vədi adətən ağır yük qaldırdıqda və ya soyuq dəydiyi hallarda xaric olar.
2. Məzi. Bu adətən şəhvət hissi oyandıqda, cinsi münasibət kimi şeyləri düşündükdə və ya qadınla cinsi münasibətdə olmadan qucaqlaşmaq, öpüşmək kimi yaxınlıq etdikdə xaric olur. Məzi həm kişi, həm də qadından xaric ola bilər. Bu maye tərkibinə görə məni və vədidən daha şəffaf və daha durudur. Eyni zamanda onlar kimi yapışqandır. Hz. Əlinin (r.a) rəvayət etdiyinə görə Rəsulullahdan (s) bu haqda soruşduqda o, belə dedi: “Övrət yerini yu və dəstəmaz al.” (Buxari)
3. Məni. Digər xaric olan maye mənidir. Bu vədi və məzidən daha qatı və daha bulanıqdır. Bu yuxu və oyaq halda kişi və qadından şəhvət hissi ilə çıxar. Amma halbuki, vədi və məzi çıxarkən insan şəhvət hissi keçirməz. Məni çıxdıqda qüsl vacib olur. Rəsulullah (s) buyurur: “Su (qüsl) sudan (məninin çıxmasından) dolayı gərəkdir.” (Müslim)
Məni haqqında bəzi məsələlərə toxunmaq istərdik. Bəzən olur ki, məni şəhvətsiz olaraq xəstəlik və ya soyuq dəymə səbəbi ilə çıxar. Bu halda qüsl gərəkməz, inşallah. Rəsulullah (s) buyurur: “Məni şiddətlə (yəni şəhvətlə) çıxdığı zaman qüsl et.” (Əbu Davud)
Mücahid rəvayət edir ki, bir gün məsciddə oturduğumuz halda bir nəfər gəldi və: “Sidik ehtiyacımı ödədiyim zaman ardınca bir maye gəlir.” Biz də: “Uşağın yarandığı sumu (məni)?” deyə soruşduq. Adam: “Bəli” - dedi. Biz: “Sənə qüsl gərəkdir” dedik. Bu vaxt İbn Abbas (r.a) namazı bitirərək adamı geri qaytarıb bir neçə sual verdi: “O maye gəldiyi zaman bir şəhvət hissi duyursanmı ?”. Adam: “Xeyir” - dedi. “Vücudunda bir yüngüllük hiss edirsənmi?” Adam yenə: “Xeyir” dedi. İbn Abbas: “Gələn maye soyuqdan dolayı xaric olmuşdur. Sadəcə dəstəmaz almağın sənə kifayət edər” - buyurdu.”
Dostunuzu dəqiqləşdirin: Odan çıxan maye vədidir, məzidir yoxsa məni? Əgər vədi və məzidirsə, dəstəmaz almaq kifayət edər. Qüsl almağa lüzum yoxdur. Əgər mənidirsə, yenə diqqət etsin. Əgər bu şəhvət hissi ilə ixrac olan mənidirsə, qüsl vacib olur. Yox, əgər şəhvət hissindən deyil xəstəlik səbəbindən adamdan asılı olmayaraq sidikdən sonra gəlirsə, qüsl gərəkməz, dəstəmaz kifayət edər, inşallah. Bunun müalicəsinə gəldikdə isə həkimlərə müraciət etməyiniz gərəkdir.
Yox, əgər gələn mayə qüslü gərəkdirən mənidirsə, onda qüsl vacib olur. Əgər qüsl almaqdan dolayı xəstələnmə və ya xəstəliyin artma ehtimalı böyükdürsə, onda təmiz torpaqla təmizlənməsinə izin var. Allah hər vəziyyətdən gec və ya tez çıxış yolu açar. Amma, bunun üçün təqvalı olmaq gərəkdir. Yəni Allahın əmr etdiyi şeyləri yerinə yetirməmək, və qadağan etdiyi şeylərdən çəkinməməklə Allaha qarşı çıxmaq kimi davranışdan özünü qorumaq vacibdir.
“...Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər. Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü (hədd, müddət) təyin etmişdir.” (ət-Talaq 2,3)
Gündəlik beş vaxt namazı qılmadan isə təqva olmaz.