Cavanşir Quliyev kimdir?

Cavanşir Rəhim oğlu Quliyev 1950-ci il noyabr ayının 22-də Şəkidə doğulub. Orta məktəblə bərabər 1968-ci ildə Şəki Musiqi texnikumunu bitirib və həmin

2011-06-30 08:43:19


Cavanşir Rəhim oğlu Quliyev 1950-ci il noyabr ayının 22-də Şəkidə doğulub. Orta məktəblə bərabər 1968-ci ildə Şəki Musiqi texnikumunu bitirib və həmin il Üzeyir bəy Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tar sinfinə daxil olub. İki ildən sonra bəstəkarlıq fakültəsinə keçib və 1975-ci ildə görkəmli bəstəkar, professor Cövdət Hacıyevin bəstəkarlıq sinifini bitirib. Tələbəlik illərindən, yəni 1973-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio verilişləri Komitəsində səs rejissoru işləməyə başlayıb və həmin vəzifədə 17 il çalışıb.

1990-1993 Azərbaycan Konsert Birliyində bədii rəhbər olub, Musiqi Akademiyasında və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləyib. Paralel olaraq 1992-ci il sentyabr ayının 1-dən Akademik Milli Dram Teatrında musiqi hissə müdiri işləyib. 2003-cü ildən Azərbaycən Milli Konservatoriyasının dosenti, 2005-ci ildən professoru, 2005-ci ildən – Şimali Kıprıs Türk Respublikasının “Yaxın Şərq” universitəsinin səhnə sənətləri fakultəsinin professorudur.

Bəstəkar Akademik Milli dram teatrında hazırlanmış İlyas Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı","Tənha iydə ağacı", Bəxtiyar Vahabzadənin "Fəryad", "Özümüzü kəsən qılınc" ("Göytürklər"), "Dar ağacı", “Rəqabət”, Eldar Baxışın "Qədr gecəsi", Kamil Abdullayevin "Min illərin işığı", xalq nağılları əsasında "Şıltaq şahzadənin nağılı", Sofoklun "Şah Edip və yaxud alın yazısı" ("Sah Edip"), Nəbi Xəzrinin "Burla xatun", Kamal Abdullanın "Hərdən mənə mələk də deyirlər...", Cəfər Cabbarlının "Aydın", Həsən Həsənovun “Brüsseldən gələn məktublar”, Hidayət Orucovun “İrəvanda xal qalmadı” pyeslərinin tamaşalarına musiqi bəstələyib, bir sıra əsərlərin təranə tərtibatını verib.

Bundan əlavə O, Gəncə Dövlət Dram teatrında “Dədə Qorqud oğuznamələri” əsasında “Dəli Domrul”, Eldəniz Quliyevin “Beş atılan”, Gənc Tamaşaçılar Teatrında Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin məktəbi", Rəhman Əlizadənin “Sabah artıq başlanıb”, Miryusif Mirnəsiroğlunun "Axırıncı təcavüz olmayacaq";

Sumqayıt Dövlət Musiqili Dram Teatrında Nəriman Həsənzadənin "Bütün Şərq bilsin", Fərman Kərimzadənin "Şah İsmayıl", Hacıbaba Nəzərlinin "Ayıl, bax dünyaya", Əkrəm Əylislinin "Bir cüt bədmüşk ağacı", Ağalar Mirzənin "Məlik Məmmədin yeni sərgüzəştləri", Rafiq Səməndərin "Püşk", Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəlişah";

Dövlət Gənclər Teatrında Rəhman Əlizadənin "Tıq-tıq xanım", "Dadaşbala əməliyyatı", "Laləli düzən", Məhəmməd Füzulinin "Leyli və Məcnun", Teyyub Qurbanın "Hacı Zeynalabdin", İmir Məmmədlinin "Açar", Mikloş Xubanın "Neron oynayır və ya İblisin komediyaları", Hüseynbala Mirələmovun "Vicdanın hökmü"

Şəki Dövlət Dram Teatrında Abdulla Şaiqin "Bir saatlıq xəlifə", Anarın "Şəhərin yay günləri", Mixail Sebastianın "Adsız ulduz", Əli Səmədlinin "Hərənin bir ulduzu", Sergey Mixalkovun "Bahalı oğlan", Mirzə Fətəli Axundzadənin “Xırs quldurbasan”, Hüseyn Cavidin “Knyaz”, Arif Abdullazadənin “Evlərin axşamları”, Rəhman Əlizadənin “Kəndimizin narları”, Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəlişah"

Xankəndi Dövlət Dram Teatrında "Mirzə Fətəli Axundzadəni oynayırıq"

Mingəçevir Dövlət Dram Teatrında Yusif Səmədoğlunun "Qətl günü";
Ağdam Dövlət Dram Teatrında Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu";Naxçıvan Dövlət Dram teatrında “Göyçək Fatma”

"Yuğ" Dövlət Teatrında Ramiz Rövşənin "Gəl gedək", Məhəmməd Füzulinin "Leyli və Məcnun" poeması əsasında "Leyli demə...", "Dad", Firdovsinin poetik nümunələri əsasında "Yasaq", Anton Çexovun "Sentimental vals";Lənkəran Dövlət Dram Teatrında Tamara Vəliyevanın "Mənim ağ göyərçinim";Moskvadakı Qoqol adına Dram Teatrında Alla Axundovanın "Sirlər... sirlər... sirlər..." dramlarının səhnə təcəssümündə bəstəkarlıq edib.

Bakı bələdiyyə teatrında “Tomris”,  Azərbaycan Dövlət televiziyasında hazırlanmış Hüseyn Cavidın "Topal Teymur", Mixael Cavaxaşvilinin "Günahsız Abdulla", Vaqif Səmədoğlunun "Yaşıl eynəkli adam-1", “Yaşıl eynəkli adam-2”, “Yaşıl eynəkli adam-3”, Cəlil Məmmədquluzadənin "Qurbanəli bəy", "Kamança", Əbdürrəhim bəy Haqverdıyevin "Ac həriflər", Anatoli Dudarevin "Astana", Vaqif Səməd oğlunun "Yumurta", Nejdat Sevinc və Mövlud Süleymanlının "Fatehlərin divanı", "Dədə Qorqud - Dirsə xan", “Dədə Qorqud – Qazan xan”, dram, faciə və komediyalarının  bəstəkarı da Cavanşir Quliyevdir.

O, həmçinin "Çoban-bayatı", "Qəm pəncərəsi", "Süd dişinin ağrısı", "Fəryad", "Aşıq Qərib"(Gürcü-film), "Lətifə", "Araqarışdıran", “Girişmə,öldürər!”, “Şirbalanın məhəbbəni”, “Cavid ömrü”, bədii filmlərinin, “İtgin gəlin”, “Dodaqdan qəlbə”, teleseriallarının əsrarəngiz musiqisinin müəllifidir.

Akademik Avropa musiqisi ilə milli musiqimizin bədii məziyyətlərini və struktur xüsusiyyətlərini ustalıqla birləşdirən Cavanşir Quliyev beş yüzə qədər mahnı, fortepiano üçün “Prelüdlər”,”Sonatina”, muğam səssıralarında hazırlanmış royal üçün “Yeddi Pyes”, çöxsəsli xor üçün “Dönübdü”, fleyta və fortepiano üçün “Skertso”, birinci və ikinci simli “Kvartetlər”, taxta nəfəsli alətləri üçün “Kvartet”, mis nəfəsli alətləri üçün “Kvintet”,  simli orkestr və zurna üçün "Musiqi", simfonik orkestr və zurna üçün "Uvertüra", saz və skripka üçün “Sonata",  Birinci, İkinci, Üçüncü və Dördüncü Simfoniyalar, saz, fleyta və violonçel üçün ( ABŞ-lı violonçel çalan Yo-Yo-Ma-nın sifarişi ilə) “Karvan” triosu, dünya xalqlarının musiqi alətlərindın ibarət orkestr üçün(“Atlas” - Hollandiya)“Bayatı”, “Məhəbbət oyunu” və “Yeddi məhbusə” operettaları,  “Oğuznamə” baleti və digər əsərlər bəstələmişdir.

C.Quliyevin əsərləri ABŞ-da, İngiltərədə, Almaniyada, İsraildə, Polşada, Bolqarıstanda, Çexiyada, Rumıniyada, Slovakiyada, Türkiyədə, Yunanıstanda, Finlandiyada, Estoniyada, Rusiyada, Özbəkistanda, Gürcüstanda, Ermənistanda, KKTC-də ifa olunub.

Bir sıra beynəlxalq simpoziumların və festivalların iştirakçısıdır. Cavanşir Rəhim oğlu Quliyev Azərbaycan Lenin komsomolu (31 dekabr 1982), General Əsədov (14 aprel 1993), Şəhriyar (11 may 1995), “Avropa Türk-İslam Birliyinin qızıl medalı”(1997), ”Humay”(2000), “Qızıl dərviş”(2001) mükafatları laureatıdır.

Musiqi sənətindəki xidmətlərinə görə 20 avqust 1992-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

2005-ci ildə 113 saylı Şəki şəhərində deputatlığa namizəd olub.

Hal-hazırda Kuzey Kıbrıs Türk Cümhuriyyətində, Yaxın Doğu Universitetində səhnə sənətləri fakültəsində dərs deyir.

Adam.az