Musayev Fəxrəddin kimdir?

30 iyul 1957-ci ildə Türkmənistan Respublikasının Bayraməli şəhərində dünyaya gəlmişdir

2011-01-22 09:12:04
30 iyul 1957-ci ildə Türkmənistan Respublikasının Bayraməli şəhərində dünyaya gəlmişdir. 1974-cü ildə orta məktəbi bitirmiş və Qorki Politexnik İntitutunun gəmiçilik fakültəsinə qəbul olunmuşdur. 1975-ci ildə Ordu sıralarına göndərilmiş, hərbi xidmətini əvvəlcə Çexoslavakiyadakı Şimal Qrupunda, sonra isə Orenburq vilayətinnin Orsk şəhərində keçmişdir. Ordu sıralarından tərxis olunaraq Bakı Məişət Kondisionerləri Zavodunda işləmişdir. 1979-cu ildə Sasovski adına Mülki Aviasiya məktəbinə daxil olmuşdur. 1982-ci ildə məktəbi fərqlənmə diplomu ilə bitirmiş və Bakıya qayıdaraq, Zabrat - 2 Aviasiya İdarəsində öz ixtisası üzrə işə başlamışdır. 1987-ci ildə Kremençuq Hava Uçuş məktəbində vertolyotun idarə olunması ixtisasına yiyələnmişdir. Milli
Ordu yarandıqdan sonra o, təhsilini yarımçıq qoyaraq, hərbi əməliyyatlarda fəal iştirak edir. 1992-ci il aprel ayının 11-də baş leytenant Fəxrəddin Musayev Füzuli rayonunda düşmənə raket zərbələri endirərkən faciəli surətdə həlak olmuşdur.
Ailəli idi. Bir oğlu yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Musayev Fəxrəddin Musa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Qusar rayonundakı mərkəzi küçələrdən biri qəhrəmanın adını daşıyır.
Yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.
http://www.milliqahraman.az