Maksim Leonardoviç Şevçenko kimdir?

Rusiyalı telejurnalist, din və mədəniyyət işləri üzrə ekspert, “HƏMAS-ın Rusiyadakı qeyri-rəsmi səfiri”dir.

2011-01-18 14:51:09
Rusiyalı telejurnalist, din və mədəniyyət işləri üzrə ekspert, “HƏMAS-ın Rusiyadakı qeyri-rəsmi səfiri”dir.

Maksim Leonardoviç Şevçenko 1966-cı ilin fevral ayının 22-də Rusiyanın Moskva şəhərində anadan olub. Alman dili təmayüllü xüsusi liseyi bitirdikdən sonra 1990-cı ildə Serqo Orconikidze adına Moskva Aviasiya İnstitutunda təhsilini davam etdirib. Bununla yanaşı, o, Moskva Dövlət Universitetində, eləcə də Asiya və Afrika ölkələri İnstitutunda mədəniyyət və ərəb dili üzrə seminar kurslarda iştirak edib.
1989-cu ildən 1991-ci ilədək Rusiyanın Xristian Demokratik Şurasının dərc etdiyi “Vestnik Xristianskoy Demokratii” (Xristian demokratiyası bülleteni) qəzetində redaktor vəzifəsində çalışan Şevçenko 1991-1995-ci illərdə “Radonej-Yasenevo” klassik pravoslav gimnaziyasında Rusiya və Qərbi Avropa tarixindən dərs deyib.
1994-95-ci illərdə “Bir Sentyabr” qəzetininin redaktoru işləyən Maksim Leonardoviçin növbəti beş il üçün yeni iş yeri “TvyordıyznakЪ” ədəbiyyat jurnalının poeziya şöbəsinin redaktorluğu olub.
Hazırda Rusiya Federasiyası İctimai Palatasının və Vicdan Azadlığı və Beynəlxalq Münasibətlər üzrə Komissiyanın üzvü olan Şevçenko 1996-cı ilin yanvarından etibarən “Nezavisimaya qazeta”-da dini problemlərə həsr olunmuş xüsusi şöbənin müdiridir.
1997-ci ildə “NQ-Din” jurnalının məsul redaktoru kimi fəaliyyətini davam etdirən Maksim jurnaldakı fəaliyyəti dövründə dəfələrlə dünyanın bir sıra qaynar nöqtələrinə ezam olunur. Belə ki, o. 1996 və 1997-ci illərdə Əfqanıstana, 1996-98-ci illərdə isə Şimali Qafqaz bölgəsinə - Çeçenistana və Dağlıq Dağıstana səfər edir.
Dini, mədəni və hərbi mövzulara dair onlarla məqalənin müəllifi olan Şevçenko Müasir Dünyada Strateji Dini Araşdırmalar və Siyasət Mərkəzinin rəhbəri, eləcə də “Özünüz mühakimə edin” analitik verilişinin aparıcısı, “Mayak” radiosunda efirə çıxan “Serqey Stillavin və dostları” verilişinin daimi qonağıdır.
Bütün jurnalistlərin hər birinin öz vətəndaş mövqeyinə sahib olmalı olduğunu hesab edən Şevçenko Ərəb-İsrail münqaişəsinə dair fikirlərinə görə bir çoxlarından fərqlənir. Belə ki, Rusiyada bəziləri onu bu mövqeyinə görə “Fələstinin HƏMAS hərəkatının Rusiyadakı qeyri-rəsmi səfiri” də adlandırırlar.