Hidayət Orucov kimdir?

Hidayət Orucov 5 sentyabr 1944-cü ildə Zəngəzurun Muğru bölgəsinin Maralzəmi kəndində anadan olmuşdur.

2010-11-29 16:34:06
Hidayət Orucov 5 sentyabr 1944-cü ildə Zəngəzurun Muğru bölgəsinin Maralzəmi kəndində anadan olmuşdur.
 
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.
 
Bir müddət kənddə müəllim, «Sovet Ermənistanı» qəzetində ədəbi işçi işləmiş, 1968-ci ilin iyul ayında C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrının direktoru təyin olunmuş, fasiləsiz olaraq on altı il Azərbaycanın bu qədim sənət ocağına başçılıq etmişdir.
 
Ədəbi mühitdə Hidayət adı ilə tanınan yazıçı, eyni zamanda, Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbərlik etmiş, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində XIX-XX əsr Azərbaycan ədəbiyyatından dərs demişdir. Onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həmin dövrdə təkcə İrəvanın deyil, indi Ermənistan adlandırılan Oğuz ellərinin milli ədəbi-mədəni mühitində canlanma yaranmış, Qərbi Azərbaycanda onlarla şair və nasirlərin kitabları İrəvanda işıq üzü görmüş, «Ədəbi Ermənistan» məcmuəsi nəşr olunmuşdur.
 
Hidayətin həyatının İrəvan dövründə poeziya, publisitika, nəsr, tərcümə kitabları nəşr edilmiş, pyesləri İrəvan və Azərbaycan teatrlarında səhnəyə qoyulmuşdur. Azərbaycan ədəbiyyatının və incəsənətinin inkişafındakı xidmətlərinə görə ona Ermənistan SSR əməkdar mədəniyyət xadimi fəxri adı verilmiş (1978), Sovetlər Birliyi dönəmində «Əməkdar igidliyə görə» medalı (1970), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir (1978). Hidayət 1989-cu ildə ermənilərin ölkəmizə və xalqımıza növbəti təcavüzə başlamalarına etiraz əlaməti olaraq Ermənistan SSR Əməkdar mədəniyyət xadimi fəxri adından imtina etmişdir.
 
Azərbaycan Respublikasının «Şöhrət» ordeni, Gürcüstan və Dağıstanın ən yüksək dövlət mükafatları – «Ləyaqət» ordeni və Dağıstan Respublikasının Fəxri Fərmanları ilə təltif olunmuşdur.
 
Çuvaşstan Respublikasının ali ədəbi mükafatı – Paydulla İskeyev adına Çuvaş Beyənlxalq Ədəbi Mükafatı laureatıdır.
 
1984-cü ildə Bakıya köçərək «Gənclik» nəşriyyatının baş redaktor müavini (mart 1984, mart 1986), sonra da baş redaktoru (1986-1992-ci illər) vəzifələrində işləmişdir. Bu illərdə «Gənclik» nəşriyyatında böyüməkdə olan nəsillər üçün dəyərli kitablar, o cümlədən klassik ədəbi irsimiz, floklorumuz, tarixi keçmişimiz sistemli şəkildə nəşr edilib yayılmışdır. «Gənclik» nəşriyyatında onun baş redaktor olduğu müddətdə 50 cildlik «Dünya Uşaq Ədəbiyyatı Kitabxanası»nın nəşri kitab mədəniyyəti tariximizdə mühüm bir hadisədir. Hidayətin təşəbbüsü və rəhbərliyi ilə 15 cildlik «Azərbaycan folkloru», 25 cildlik «Macəra və fantastika», 17 cildlik «SSRİ Xalqları Ədəbiyyatı» kitabxanalarının, bir sıra mühüm seriyaların nəşrinə də həmin illərdə başlanmışdır. Hidayət ədəbiyyat, incəsənət, kitab mədəniyyəti məsələləri, millətlərarası münasibətlər, din, milli-mədəni dəyərlərimiz barədə eyni zamanda tarixi keçmişimiz, türk xalqlarının deportasiyası və soyqırımına, yaşadığımız günlərin problemlərinə həsr olunmuş 150-dən çox məqalənin, publisist qeydlərin müəllifidir. «Heydər Əliyev və Azərbaycanda milli siyasət» monoqrafiyası rus, ingilis, gürcü dillərində də nəşr olunmuşdur.
 
Yazıçının otuzdan çox poeziya, nəşr. Tərcümə və s. kitabları nəşr olunmuşdur. «Məni səsləyəndə» /1970/, «Məhəbbət qocalmır» /1973/, «Bir az gözləyin məni» /1975/, «Zirvə çağırır» /1977/, «İrəvanda xal qalmadı» /1984/, «Dənizi harayladım» /1978/, «Eviniz analı olsun» /1980/, «Sabaha çox var» /1990/, «Mən belə yaşayıram» /1991/, «Doxsanıncı il» /1992/, «Həsrət» /1995/, «Sözün vaxtı» /1999/, «Ömrümün çəlimləri» /2003/, «Burdan min atlı keçdi» /2004/ və s. kitabları oxuculara yaxşı tanışdır. U. Şekspirin «Sonu yaxşı bitən hər şey yaxşıdır» pyesini, H. B. Stounun «Tom dayının daxması» romanını, XIX əsrin ingilis, island poeziyasından nümunələri və bir sıra görkəmli rus və başqa xalqların yazıçılarının əsərlərini Azərbaycan dilinə çevirmişdir. Hidayətin xarici dillərdə nəşr olunmuş «Mən belə yaşayıram» (rus dilində), «Axtariş», «Sənsiz» (gürcü dilində), «Sabaha çox var» (Dağıstan dillərində) və s. kitabları maraqla qarşılanmışdır. Əsərləri iyiyrmidən çox dilə çevrilmişdir.
 
Pyesləri hal-hazırda Milli Akademik Dram Teatrında, S. Vurğun adına Rus Dövlət Dram Teatrında və başqa teatrlarda uğurla oynanılır.
 
Azərbaycan Yazıçılar Birliyi Məclisinin və «Ədəbiyyat» qəzetinin redaksiya heyətinin üzvüdür.
 
1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri olmuş, 1993-2005-ci illərdə Azərbaycan Respublikası milli siyasət məsələləri üzrə Dövlət Müşaviri işləmişdir. 2005-2006-cı illərdə Azərbaycan Respublikası Milli azlıqlarla və Dini Qurumlarla İş üzrə Dövlət müşaviri işləmişdir. 2006-cı ildən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədridir.
 
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimidir.
 
Ailəlidir, üç övladı var.
Əsərləri
 
   1. Məni səsləyəndə (şeirlər və poema). Yerevan: Hayastan, 1970, 46 səh.
   2. Məhəbbət qocalmır (şeirlər və poema). Yerevan: Hayastan, 1977, 124 səh.
   3. Bir az gözləyin məni (şeirlər və poemalar). Yerevan: Sovetakan qroğ, 1977, 175 səh.
   4. Dənizi harayladım (şeirlər). Bakı: Gənclik, 1978, 33 səh.
   5. Eviniz analı olsun (şeirlər və poema). Bakı: Yazıçı, 1981, 98 səh.
   6. Zirvə cığın (şeirlər və poema), Yerevan, Sovetakan qorğ, 1982, 147 səh.
   7. İrəvanda xal qalmadı (dramaturgiya, nəsr, publisistika). Yerevan, Sovetakan qorğ, 1984, 350 səh.
  8. Qatardan məktub. Bakı: Yazıçı, 1986, 159 səh.
   9. Qaynaq (şeirlər). Yerevan, Sovetakan qroğ, 1986, 91 səh.
 10. Sabaha çox var (nəsr, publisistika). Bakı: Yazıçı, 1989, 408 səh.
 11. Doxsanıncı il (şeirlər və poemalar). Bakı: Yazıçı, 1992, 360 səh.
 12. Hərdən xatırla məni (seçilmiş şeirlər). Bakı: Göytürk, 1998, 122 səh.
 13. Sözün vaxtı (publisistika). Bakı: Şərq-Qərb, 1999, 676 səh.
 14. Ömrümün çəhlimləri (şeirlər və poemalar). Bakı: Azərbaycan Milli Ensiklopediyası, 2002, 476 səh.
 
Tərcümələri
 
   1. Uçan nəğmələr (erməni sovet şeiri antologiyası). Yerevan: Hayastan, 1975, 104 səh.
   2. Ədəbi Ermənistan (toplu). Yerevan: Sovetakan qorğ, 1985, 200 səh.
   3. G.Emin. Bu yaşımda. Bakı: Yazıçı, 1986, 159 səh.
   4. Harriet Biçer Stou. Tom dayının daxması (roman). Bakı: Gənclik, 1991, 384 səh.
vikipedia