Cəlil Məmmədquluzadə kimdir?

Məmmədquluzadə Cəlil Məmmədqulu oğlu 1869-cu ildə fevralın 22-də Naxçıvan şəhərində doğulmuşdur.

2011-01-26 10:43:50
Məmmədquluzadə Cəlil Məmmədqulu oğlu 1869-cu ildə fevralın 22-də Naxçıvan şəhərində doğulmuşdur.
İlk təhsilini mollaxanada almışdır. 1882-1887-ci illərdə Qori Müəllimlər Seminariyasında oxumuşdur. Orada A.O.Çernyayevski, D.D.Semyonov, N.N.Novospasski, O.Lomouri, Mirzə Əbdülsəlam Axundzadə, Səfər bəy Vəlibəyov kimi pedaqoqlardan dərs almışdır.
Seminariyada oxuduğu müddətdə aktyor kimi də çıxış etmişdir. Uluxanlı, Baş Noraşen və Nehrəm kəndlərində dərs demişdir.  İlk qələm təcrübəsi olan «Çay dəstgahı» mənzum dramını Baş Noraşendə işləyərkən qələmə almışdır. Nehrəm kəndində işləyərkən qızları məktəbə cəlb etmiş, diyarşünaslıq muzeyi yaratmışdır. 
Nehrəm kəndində yaşayarkən «Kişmiş oyunu» (1892) pyesini, «Danabaş kəndinin əhvalatları» (1894), «Danabaş kəndinin məktəbi» (1896) povestlərini tamamlamışdır. 1895-ci ildə Moskvaya və Peterburqa səfər etmiş, latın əlifbasına keçmək barədə danışıqlar aparmışdır.Nehrəmdə müəllim ikən Həlimə xanım Nağı qızı ilə  evlənmiş(1896), ilk övladı Münəvvər xanım dünyaya gəlmişdir.
1897-1903-cü illərdə İrəvanda və Naxçıvanda hüquq orqanlarında işləmişdir. 1903-cü ildə «Poçt qutusu» hekayəsini yazmışdır.
1903-cü ildən Tiflis şəhərində yaşayıb-işləmişdir. Burada «Şərqi-Rus» qəzeti ilə əməkdaşlıq etməklə mətbuata qədəm qoymuşdur.
Sonra Ö.F.Nemanzadə ilə birlikdə «Şərqi-Rus» qəzetinin mətbəəsini almış, onu «Qeyrət» mətbəəsi adlandırmışlar. Elə «Poçt qutusu» hekayəsini də 1905-ci ildə «Qeyrət» mətbəəsində kitab şəklində çap etdirmişdir. 1906-cı il 7(20) apreldə redaktoru olduğu «Molla Nəsrəddin» jurnalını nəşr etdirmişdir. 1907-ci ildə Qarabağ xanlarından Əhmədbəy Cavanşirin qızı ziyalı Həmidə xanımla evlənmişdir.
1920-ci ilin sentyabrından 1921-ci ilin may ayına qədər Təbrizdə yaşamış, «Molla Nəsrəddin» jurnalının 8 sayını burada nəşr etdirmişdir. Onun «Ölülər» əsəri 1921-ci il mayın birində Təbrizdə tamaşaya qoyulmuşdur.
1921-1927-ci illərdə Sovet hökumətinin tədbirlərində yaxından iştirak etmiş, redaktoru olduğu «Yeni yol» qəzeti vasitəsi ilə latın qrafikasının tətbiq olunmasına çalışmışdır. 1926-cı ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyə qəbul olunmuşdur.
1928-ci ildən sovet cəmiyyətinin sərt ideoloji terroruna məruz qalmışdır. Belə ki, 9 aprel 1929-cu il tarixli plenumunda «din əleyhinə oxunaqlı, kütləvi, ucuz jurnal kimi yenidən təşkil etmək» adı altında «Molla Nəsrəddin» jurnalını Mübariz Allahsızlar İttifaqının orqanına  çevirmək haqqında qəbul edilmiş qərar baş redaktoru dərindən sarsıtmışdır.
O, «milli xırda burjua ədəbiyyatı nümayəndəsi», «cığırdaş», «Azərbaycan dilini korlayan yazıçı» kimi damğalanmışdır. Siyasi təzyiqlərə məruz qalan C.Məmmədquluzadə 1931-ci ildə «Molla Nəsrəddin» jurnalının baş redaktoru vəzifəsindən imtina etmişdir. Ömrünün sonlarında əlyazmalarını sobaya atmaqla keçirdiyi sarsıntılar quruluşa etiraz ifadəsi idi.  
1932-ci ildə yanvarın 4-də  vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.
adam.az