Məhəmməd Qütb kimdir?

Tanınmış misirli yazıçı, alim, pedaqoqdur.

2010-11-02 16:10:48
Tanınmış misirli yazıçı, alim, pedaqoqdur.

Əslən Səudiyyə Ərəbistanından olan Məhəmməd Qütb 1919-cu ildə Misirin Asyut qəsəbəsinin Kalia kəndində dindar bir ailədə anadan olub. Əkinçiliklə məşğul olmuş babası Şeyx Vaqur Səudiyyə Ərəbistanından Misirə köç etmiş və burada yerləşmişdir. Şeyx Vaqur elmi, təqvası və gözəl əxlaq sahibi olması ilə tanınırdı. M. Qütbün valideynləri də çox dindar insanlar idilər. Böyük qardaşı Misirin tanınmış mütəfəkkiri Seyyid Qütbdür. M. Qütb əvvəlcə anasını, sonra isə 1940-cı ildə atasını itirir.
1965-ci ilin iyulunda Məhəmməd Qütb qardaşı Seyyid Qütblə Misir hakimiyyətini devirməkdə və ölkənin bir sıra tanınmış siyasi xadimlərini öldürməkdə ittiham olunaraq, həbs edilir. 1966-cı ilin avqust ayında isə qardaşı Seyyid Qütb edam edilir. Altı il sonra – 1972-ci ildə həbsdən azad edilən Məhəmməd Qütb Müsəlman Qardaşlar hərəkatının digər üzvləri ilə birlikdə Səudiyyə Ərəbistanına sürgün edilir. Burada o qardaşı Seyyid Qütbün qələmə aldığı əsərlərin nəşri ilə məşğul olmaqla yanaşı, Məkkədəki Ümm əl-Qura Universitetində, eləcə də Ciddə şəhərindəki Kral Əbdüləziz adına Universitetdə dərs deyir.
Məhəmməd Qütbün əsərləri istər ərəb, istərsə də müsəlman dünyasında geniş yayılmışdır. “XXI əsrdə cahiliyyət” adlı kitabı alimin ən məşhur əsəri hesab olunur. M. Qütbün başqa bir tanınmış əsəri isə “İslam: Yanlış başa düşülmüş din” kitabıdır. Kitabda İslamın azğın, qəddar, vəhşi və geriqalmış Qərb dünyasından üstün olduğu aydın dəlillərlə göstərilir.
Hazırda alim Səudiyyə Ərəbistanının Məkkə şəhərində yaşayır.
Əsərləri:
“İnsan psixologiyasının öyrənilməsi”
“İslam: Yanlış başa düşülən din”
“Biz müsəlmanıqmı?”
“Maddi dünya və İslam arasında insan”
“XXI” əsrdə cahiliyyət”
“İslam konsepsiyası və bizim onu idrakımız”
“Gələcək İslamındır”
“İslam və müasir dünya böhranı” və s.