Xalidə Xalidi gördüm deyən yoxdu

Mübariz Qurbanlı: “Bizə dəqiq bildirdilər ki, onlar azadlığa buraxılıb”

2013-05-23 11:40:43
İranda saxlanılan alimimiz Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadənin başçılıq etdiyi heyətlə birgə Vətənə qayıtmadı. Aprelin 30-da Təbrizdə ETTELAAT tərəfindən saxlanılan AMEA Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsünün şeyxin İrana səfərinin ikinci günü mayın 19-da azadlığa buraxıldığı barədə İran XİN məlumat yaymışdı. Vətəndaşlarımızın dünən ölkəyə qayıdacağı gözləndiyi halda hələ də onların Azərbaycanın Təbrizdəki Baş Konsulluğuna təhvil verilmədiyi məlum olub. İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin apa.az-a açıqlamasında Xalidə Xalid və Şamxal Hüseynov Azərbaycanın Təbrizdəki Baş Konsulluğuna təhvil verildiyini açıqlasa da, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev “Gündəlik Teleqraf”a bildirib ki, Azərbaycan vətəndaşları hələ ki Təbrizdəki konsulluğa təhvil verilməyib: “Onların konsulluğa nə vaxt təhvil veriləcəyi barədə məlumat yoxdur”.

O vurğulayıb ki, nazirlik vətəndaşlarla əlaqə saxlamağa çalışıb: “Biz vətəndaşlarımızla əlaqə saxlamağa çalışsaq da, buna şərait yaradılmayıb”.

Xatırladaq ki, ötən gün İranın Xarici işlər nazirliyinin sözçüsü Abbas Əraqçı Azərbaycanda həbsdə olan İran vətəndaşı Mikayıl Kazıminin də tezliklə azad olunacağına ümid etdiklərini bildirib.
İrana səfərdən qayıdan QMİ sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvü, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib ki, onlara Xalidə Xalid və sürücüsünün bu günlərdə Təbrizdən sərhədə gətirilərək Azərbaycana təhvil veriləcəyi barədə məlumat verilib: “Bizə dəqiq bildirdilər ki, onlar azadlığa buraxılıb. Mənim hesabımla onlar bu gün ( dünən -red.) Azərbaycanda olmalıdırlar”.

M. Qurbanlı qeyd edib ki, Xalidə Xalid və sürücüsünün viza müddəti bitibmiş və bu məsələ həll olunan kimi, onlar sərhədə gətirilərək Azərbaycan səfirliyinin əməkdaşının müşayiəti ilə təhvil veriləcək: “İran tərəfinin ən yüksək rütbəli şəxsləri bizə onların azadlıqda olduğunu rəsmən elan etdilər, hətta həmin gün bildirdilər ki, Xalidə Xalid artıq Təbrizdə yaxın adamının evindədir. Ardınca bizim oradakı səfirliyin nümayəndələri, səfir Cavanşir Axundov bizə dedi ki, artıq nümayəndə ezam eləmişik, xanımın viza müddəti ilə bağlı müəyyən sənədləşmə var, onu həyata keçirib yola salacağıq. Əgər sərhədi keçməyiblərsə, deməli, sənədləşmə hələ başa çatmayıb, həll edilən kimi göndərəcəklər”.

X. Xalidin qızı Ləman Məmmədova bildirib ki, anası və onun sürücüsünün yeri barədə onlarda məlumat yoxdur: “Biz konsulluqla əlaqə saxladıq, dəqiq heç bir məlumat yoxdur”.

Ədəbiyyat İnstitutunun X. Xalidin işçisi olduğu Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin müdiri Vaqif Arzumanlı isə qeyd edib ki, vətəndaşlarımızın konsulluğa təhvil verilməməsi barədə məlumatlar səhih deyil.