Qulu Məhərrəmli AzTV-dən gələn iradlara cavab verdi

“AzTV-yə qarşı heç kim “səlib yürüşü” etmir”.

2013-05-23 14:58:35
Bu sözləri Modern.az-a açıqlamasında media eksperti Qulu Məhərrəmli Dövlət Televiziyasının əməkdaşı, əməkdar jurnalist Xalid Niyazovun bu gün Modern.az-da yayımlanan köşə yazısına münasibət bildirərkən deyib. O, qeyd edib ki, hər bir kəsin müstəqil fikri var və o da bu cür fikirləşə bilər.

“Bu onun fikridir, qoy elə də fikirləşsin. Mən AzTV ilə bağlı dediklərimi demişəm. İstəyir lap xalq jurnalisti olsun, mövqeyim bəllidir. Biz reallıqdan çıxış edib danışırıq. Özü də AzTV-yə qarşı heç kim “səlib yürüşü” etmir. AzTV ən çox təriflənən, xüsusən məmurlar, müəyyən təmannalı, maraqlı adamlar tərəfindən, həmişə təriflənən televiziya kanalıdır. Mən AzTV-ni Xalid Niyazovun dediyi kimi qəbul etmirəm”.

Qeyd edək ki, Xalid Niyazov Qulu Məhərrəmlinin AzTV-nin əvvəlki ənənələrinin sıradan çıxması fikri ilə razılaşmadığını, əksinə, başqa televiziyalarla müqayisədə daha baxımlı verilişlər və prpoqramlar yayımladığını qeyd edib. O bildirib ki, AzTV-yə qarşı son illər müəyyən “mətbəxlərin iyini verən”  bir “səlib müharibəsi” tərtibləndiyi ortadadır.