Qalmaqallı heykəl tapıldı

Azərbaycan paytaxtındakı götürülmüş “Bakı fəhləsi” heykəlindən xəbər var. Milli.Az xəbər verir ki, bir neçə gün əvvəl Nobel prospektindəki heykəl qaldırıcı texnika vasitəsilə başqa yerə aparılmışdı. Heykəl yeni inşasına başlanan Bakı Ağ Şəhər Ofis Binasının qarşısına düşdüyündən götürülmüşdü.

2013-05-23 14:31:20
Götürülmüş heykəl başqa ərazidə ucaldılıb. “Bakı fəhləsi” heykəli Nizami rayonu ərazisində, Mikayıl Əliyev və Rüstəmov küçələrinin kəsişməsində, Dövlət Neft Şirkətinə məxsus “Azərneftyağ” İstehsalat Birliyinin yaxınlığında yenidən qoyulub. Hazırda ərazidə son tamamlanma işləri gedir.

Nizami Rayon İcra Hakimiyyətindən faktı təsdiq etsələr də, əlavə məlumat verilmədi.

Qeyd edək ki, keçmiş Fəhlə, indiki Nobel prospektində “Bakı fəhləsi” heykəli SSRİ vaxtında qoyulub və paytaxtın tez-tez ziyarət olunan, qarşısında mərasimlər keçirilən abidəsi olub. Bir neçə il əvvəl isə heykəlin yeri prospektin kənarına dəyişdirilib.

AzNews.az