“Miqrasiya Məcəlləsi geri qaytarılsın”

Bir qrup QHT və hüquqşünas parlamentə müraciət etdi

2013-05-23 14:44:55
Mayın 24-də ikinci oxunuşda Milli Məclisdə müzakirəyə çıxarılması nəzərdə tutulan Miqrasiya Məcəlləsi geri qaytarılmalıdır. Bu təklif bir qrup QHT nümayəndəsi və hüquqşünasın iştirakı ilə keçirilən və “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyi (AAM İB) tərəfindən Miqrasiya Məcəlləsinin layihəsinə həsr edilən ictimai müzakirədə səsləndirilib.

AzNews.az-ın məlumatına görə, ictimai müzakirənin məqsədi insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik və ədalətlilik, miqrasiya qanunvericiliyinin hamılıqla tanınan beynəlxalq hüquq normalarına uyğunluğunun təmin edilməsi, miqrasiya proseslərinin tənzimlənməsində innovativ metodların tətbiqi və şəffaflığın təmin edilməsi prinsiplərinə əsaslanan miqrasiya qanunvericiliyinin qəbul olunmasına yardım etmək olub.

AMM İB-in prezidenti Əlövsət Əliyev Azərbaycanda miqrasiya sahəsindəki münasibətləri tənzimləyən müxtəlif qanunvericilik aktlarının vahid məcəllə şəkilinə salınmasını miqrasiya idarəetmə sistemini inkişaf etdirmək baxımından çox əhəmiyyətli olduğunu bildirib. O, insan alverinə qarşı mübarizə aylığı çərçivəsində keçirilən müzakirələrdə Məcəllənin mükəmməl sənəd olmadığına diqqəti çəkib: “Məcəllədə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının müdafiəsi sahəsində bir sıra dəyişikliklərin olmasını müsbət haldır.

Ancaq layihədə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin inteqrasiya məsələləri nəzərdə tutulmayıb, birbaşa immiqrant statusu almaq hüququ məhdudlaşdırılıb, Azərbaycanda müvəqqəti yaşamaq üçün icazənin alınması əcnəbi və ya vətəndaşlığı olmayan şəxs üçün 500 000 manat investisiya tələbi qoyulub. Bu isə Azərbaycanın qapılarının sərmayədarların üzünə bağlamaq riskidir. Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslərlə başqa ölkələrdə daimi yaşayan və Azərbaycanda müvəqqəti və ya daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri fərqləndirilməlidirdir”.

Millət vəkili Çingiz Qənizadə layihənin müzakirəsini təqdirəlayiq hesab edərək bəzi məqamlarla bağlı təkliflər hazırladığını bildirib. Qeyd edib ki, sabah ikinci oxunuşda müzakirəsi gözlənilən layihədə yetkinlik yaşına çatmayan uşaqların atanın razılığı olmadan xarici ölkəyə hansı qaydada aparılması, oturum alınması üçün ödənilən dövlət rüsumunun miqdarı, eləcə də ikinci ölkədə, ancaq Azərbaycan vətəndaşının ailəsində dünyaya gələn uşaqların Azərbaycanda qalma müddətləri kimi məsələlərlə bağlı təkliflər səsləndirəcək.

BMT Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin hüquq şöbəsinin rəhbəri Aleksandr Novikau də sənədlə bağlı öz fikirlərini bildirib. Qeyd edib ki, Məcəlləyə qaçqınların statusu, ölkəyə məcburi geri göndərilmə kimi müddəaların salınmaması narahatlıq yaradır.

“Azərbaycan Miqrasiya Mərkəz” İB-nin hüquqşünasları Aynurə Gözəlova və Asima Nəsirli çıxış edərək sənəddə diqqət yetirilməsi vacib olan məqamlara toxunublar.

İctimai müzakirələrin nəticəsi olaraq Miqrasiya Məcəlləsinin ikinci oxunuşa çıxarılması məqbul hesab edilməyib. Müzakirə iştirakçıları sənədin geri göndərilməsi təklifi ilə parlamentə müraciət ediblər.