İran səfirliyi Xalidə Xalid müəmmasına aydınlıq gətirdi

İranın Bakıdakı səfirliyi azərbaycanlı alim Xalidə Xalidin həbsdən azad olunması ilə bağlı müəmmaya aydınlıq gətirib. Səfirliyin əməkdaşı Seyid Əli Musəvi mayın 23-də “Media forum”a deyib ki, Xalidə Xalid və sürücüsü azad olunublar: “Lakin onlarla bağlı sənədləşmə işləri aparıldığından Azərbaycan tərəfinə təhvil verilməyiblər”.

2013-05-23 14:43:46
Musəvi bildirib ki, İran Xalidə Xalidin və sürücüsünün azad olunması müqabilində Mikayıl Kazımi adlı İran vətəndaşının azad olunması şərtini irəli sürməyib. “Kazımi dörd-beş aydır tutulub və onun azad olunması üçün İran çoxdan iş aparır”.

Diplomat qeyd edib ki, səfirlikdə Mikayıl Kazıminin kimliyi haqda geniş məlumat yoxdur: “Biz də bu barədə Tehrana sorğu göndərmişik”.

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Xalidə İsmayılova (Xalid) və onun sürücüsü Şamxal Hüseynovu aprelin 30-da İranın xüsusi xidmət orqanı olan ETTELAAT saxlayıb. Mayın 19-da Xalidə Xalid və sürücüsünün həbsdən azad olunduğu elan edilib.