Elmar Məmmədyarov: “ATƏT ikili standartlarla işləyir“

“Bir ölkədə prezidentliyə bir namizəd o birini güllələyir, üçüncü namizəd aclıq keçirir, lakin bu faktlar ATƏT-in hesabatlarında əksini tapmır”

2013-05-23 11:44:26
“ATƏT-in bizim regiondakı fəaliyyətində ikili standartlarla üzləşirik”. APA-nın məlumatına görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “Nezavisimaya qazeta”ya verdiyi müsahibədə Azərbaycanın ATƏT-in Bakı Ofisinin mandatının dəyişdirilməsi niyyətini belə şərh edib.
 
Onun sözlərinə görə, bu ikili standartları ölkələrdə daxili situasiyanın dəyərləndirilməsində görmək olar: “Məsələn, bir prezidentliyə namizədin digərini güllələmək cəhdi, yaxud üçüncü namizədin aclıq aksiyası keçirməsi ATƏT-in hesabatlarında öz əksini tapmır, seçkilər isə şəffaf və demokratik kimi xarakterizə olunur. Başqa bir ölkədə isə hər şeyi mikroskopla öyrənirlər”.
 
XİN başçısı qeyd edib ki, Azərbaycan artıq ATƏT-də 20 illik fəaliyyət təcrübəsinə malikdir: “Paradoksal situasiyadır. Onlar (ATƏT – red.) bütün günü qanunun aliliyindən ATƏT çərçivəsində mövcud olan bütün qayda və nizamlamalara bağlılıqdan danışırlar. Və birdən birə Azərbaycanın ATƏT-in Bakı Ofisinin statusunu dəyişdirmək niyyətinə qarşı çıxırlar. Baxmayaraq ki, ATƏT-in ölkəmizdə hansı səviyyədə təmsil olunmasına ev sahibi olaraq biz qərar verməliyik”.