Ramiz Mehdiyevlə Allahşükür Paşazadənin fərqi

Paşazadə hakimiyyətə bağlı olmasına baxmayaraq, Tehranda dindarların təmsilçisi kimi qəbul olunur

2013-05-22 09:57:44
“Atlas” Araşdırmalar Mərkəzi son vaxtlar İranla Azərbaycan arasındakı münasibətlər, Ramiz Mehdiyevin və Allahşükür Paşazadənin Tehrana səfərləri ilə bağlı analitik yazı hazırlayıb. 

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin mayın18-də İrana etdiyi səfər həftənin ən çox müzakirə olunan mövzularından idi. İran Allahşükür Paşazadənin ən çox səfər etdiyi ölkələrdən biridir. Paşazadə səfər çərçivəsində İran prezidenti və ali dini lideri ilə görüşdü.

Aprelin sonunda İrana Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev səfər etmişdi. Allahşükür Paşazadə ilə Ramiz Mehdiyevin İrana səfərləri arasında iki önəmli fərq üzə çıxdı.

Birincisi, Mehdiyevin İrana səfəri sırasında bu ölkədə iki Azərbaycan vətəndaşı həbs edildi və Bakı Tehrana nota göndərmək məcburiyyətində qaldı. Bununla da Tehran bilərəkdən Mehdiyevin səfərinin əhəmiyyətini heçə endirdi.

İkincisi, Ramiz Mehdiyevlə İranın ali dini lideri Əli Xamaneyi görüşmədi.

Paşazadənin İrana səfəri sırasında Tehran həm iki Azərbaycan vətəndaşını azad etmək qərarını verdi, həm də Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Əli Xameneyi tərəfindən qəbul edildi.

Tehran Ramiz Mehdiyevlə Allahşükür Paşazadənin səfərlərinə nədən fərq qoydu?

İrandakı rejim Ramiz Mehdiyevi Azərbaycanın apardığı dünyəvi siyasətin təmsilçisi kimi qəbul edir. Azərbaycanın ABŞ və İsraillə əməkdaşlığa köklənən bu siyasəti isə Tehranda narazılıqla qarşılanır. Allahşükür Paşazadə isə Azərbaycan hakimiyyətinə bağlı olmasına baxmayaraq, Tehranda dindarların təmsilçisi və gərəkli halda fərqli mövqe ortaya qoya bilən şəxs kimi qəbul olunur. Təsadüfi deyil ki, İsrail mayın əvvəlində Suriya ərazisini bombaladıqda Azərbaycan rəsmiləri susarkən, Allahşükür Paşazadə Tel-Avivin bu aksiyasını pisləyən bəyanat yaydı. Aydındır ki, bu cür bəyanat Tehranın xoşuna gəlməyə bilməzdi.

Tehran dinin dünyəvi siyasətdən üstün olduğunu vurğulamaq və bunu əyani göstərmək üçün Allahşükür Paşazadəyə Ramiz Mehdiyevdən daha çox önəm verdi. Tehranın Paşazadənin xahişi ilə iki Azərbaycan vətəndaşını azad etməyə qərar verməsi Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycanda nüfuzunun artmasına hesablanmış addım idi. Ancaq Tehranın da Paşazadədən qarşılıqlı istəkləri ola bilərdi.

İrandakı siyasi və dini dairələr Azərbaycan həbsxanalarında müxtəlif ittihamlarla həbs cəzası çəkən dindarların azad olunmasını Paşazadədən xahiş edə bilərdilər. Əlbəttə, Paşazadə bu xahişi Azərbaycan rəsmilərinə çatdıracaq. Ancaq bu istəyin Azərbaycan hakimiyyəti tərəfindən həyata keçiriləcəyini söyləmək çətindir. Azərbaycanda islami cərəyan klassik müxalifəti tədricən üstələməyə başlayıb. Bu baxımdan hakimiyyət bəzən dünyəvi müxalifətdən daha çox dini cərəyanların fəallıqlarından ehtiyat edir. Bu gün Azərbaycan həbsxanalarında dini cərəyan təmsilçilərinin sayı dünyəvi müxalifət tərəfdarlarından çoxdur və hakimiyyətin onları qısa zamanda azadlığa buraxacağını söyləmək problematikdir.

Tehranın Bakıdan bir başqa istəyi də var. Mayın 29-da Tehranda “Suriyanın dostları” adında konfrans keçiriləcək. Tehran həmin konfransda yüksək səviyyəli Azərbaycan nümayəndə heyətini görmək istəyir. Əslində Tehran üçün “Suriyanın dostları” ifadəsi “Bəşər Əsəd rejiminin” dostları mənasına gəlir. Ona görə də belə bir konfransa qatılmaq Əsəd rejimini dəstəkləmək anlamıma gələcək. Rəsmi Bakının bu halda iki seçimi var: Ya Tehrana yüksək səviyyəli nümayəndə heyəti göndərmək, ya da konfransda Azərbaycanı Tehrandakı səfir səviyyəsində təmsil etmək. Birinci seçim o demək olacaq ki, Bakı Tehranın Suriyadakı olaylara baxışını bölüşür, ikinci seçim isə Azərbaycanın beynəlxalq aləmin mövqeyi ilə hesablaşdığını göstərəcək. Rəsmi Bakı bugünə qədər Suriyadakı olaylara rəsmi mövqe bildirməyib. Odur ki, böyük ehtimalla Tehrana da yüksək səviyyəli nümayəndə heyəti göndərilməyəcək. Bu isə Tehranda qəzəblə qarşılanaraq Bakıya qarşı əsəb savaşını davam etdirməsinə şərtləndirəcək.