Prezidentin mətbuat xidmətindən dövlət başçılarının görüşü ilə bağlı açıqlama

Azərbaycan Prezidentinin mətbuat xidməti Azərbaycan və Ermənistan dövlət başçılarının 12 iyun tarixində Avstriyanın Zalsburq şəhərində görüşəcəkləri barədə erməni mətbuatında yayılan məlumatlara aydınlıq gətirib.

2013-05-22 14:13:48
Prezidentin mətbuat katibi Azər Qasımov Modern.az-a eksklüziv açıqlamasında xəbəri təkzib edərək, onlarda belə bir məlumatın olmadığını deyib.
“Bizə belə bir məlumat yoxdur”-deyə A.Qasımov bildirib.

Qeyd edək ki, Ermənistanın bir sıra KİV-lərinin yaydığı məlumata görə, iyunun 12-də Azərbaycan və Ermənistan prezidentlərinin Zalsburqda görüşü planlaşdırılır.

“12 iyunda İlham Əliyev və Serj Sərkisyanın çoxdan gözlənilən görüşünün baş tutacağı istisna edilmir. ATƏT-ə hazırda sədrlik edən Ukrayna bu görüşü öz ərazisində keçirmək istəsə də, görüş Zalsburqda baş tutacaq”-deyə erməni KİV-ləri məlumat yayıb.