“İran tərəfi Şeyxin addım atmağını gözləmədi”

“İranda bizə xalqın səs verdiyi insanı prezident olaraq qəbul edəcəklərini dedilər”

2013-05-22 14:22:23
Milli Məclisin deputatı, İran səfərindən qayıdan nümayəndə heyətinin üzvü Cavanşir Paşazadənin Modern.az-a müsahibəsini təqdim edirik.

- Cavanşir müəllim, Azərbaycan nümayəndə heyətinin İrana səfərində siz də iştirak edirdiniz. Bilmək istərdik ki, bu səfər qabaqcadan planlaşdırılmışdı, yoxsa ölkələrimiz arasındakı gərgin situasiyadan irəli gəldi?

- Səfər planlı şəkildə baş tutub. İran tərəfi şeyx həzrətlərini dəvət eləmişdi. Eyni zamanda, Milli Məclisin Azərbaycan –İran dostluq qrupu da İrana dəvət olunmuşdu. Biz də onları dəvəti ilə İrana səfər etdik. Orada bir neçə gün ərzidə xeyli görüşlərimiz oldu. Ölkələrimizlə bağlı mühüm məsələləri müzakirə etdik.

- İran-Azərbaycan münasibətlərinin gərgin olması hər iki ölkə rəsmilərinin qarşılıqlı ittihamları ilə açıq-aydın sezilirdi. Xüsusən də İran tərəfi Azərbaycanla bağlı kəskin mövqe nümayiş etdirirdi. Səfər zamanı ölkələr arasında mövcud olan bu xoşagəlməz münasibətlər müzakirə olundumu? İran rəsmiləri bu haqda nə düşünürlər?

-Dövlət rəsmiləri arasında bir gərginlik yox idi. Onların da bəzi təşkilatları, müxalifət nümayəndələri tərəfindən bu gərginlik yaradılırdı. Dövlət rəsmiləri arasında hər hansı gərginlik yox idi. Səfər zamanı İran tərəfi Azərbaycanla İran arasında əsrlərdir davam edən dostluq əlaqələrini önə çəkirdilər. Onlar da münasibətlərin gərginləşməsində maraqlı olmadıqlarını bildirirdilər. Bu prezidentin danışığında da hiss olunurdu. Onlar da ortada böyük bir gərginliyin olmadığını qeyd edirdilər. Ortada bəzi söhbətlər var idi. Əlbəttə, bu məsələlərə də toxunduq. Ölkələrimiz arasında siyasətdə olduğu kimi bütün sahələrdə xoş münasibətlərin saxlamılmasının vacibliyi önə çəkildi. Neqativ söz-söhbətlərə fikir verməmək məsləhət görüldü.

- İran rəsmilərinin Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı mövqeləri nədən ibarətdir? Bu haqda necə danışıqlar oldumu?

- İran bilir ki, Azərbaycan dövlətinin özünün qanunları var. Onlar seçkilərdə bizə uğurlar dilədilər. Xalqın seçdiyi və səs verdiyi insanı prezident olaraq qəbul edəcəklərini və dəstəkləyəcəklərini bildirdilər. Ölkəmizdə keçiriləcək prezident seçilərində bizə uğurlar arzuladılar.

- Mətbuatda da izlədiyimiz kimi İran parlamentariləri zaman-zaman ölkəmizə qarşı ərazi iddiası qaldırırdılar. Xüsusən də Türkmənçay müqaviləsinin yenidən gündəliyə gətirilməsi Azərbaycanı da narahat edən məsələlərdən idi.

- Bu məsələlərlə bağlı fikir mübadiləsi aparılmadı. Heç o söhbət barədə danışıq olmadı. Nə onlar bunu rəsmi söhbət kimi qəbul edirlər, nə də biz. O söhbətlərin kökü olmadığı üçün danışıqlarda toxunulmadı.

- Cavanşir müəllim, İranda həbs olunan azərbaycanlıların birdən-birə azad olunması Şeyxin səfəri ilə bağlıdır?

-Bəli, onların həbsdən azad olunması şeyxin səfəri ilə bağlıdır. Şeyx ora gedəndə onlar fikirləşdilər ki, bu məsələ ilə bağlı şeyx xahiş edəcək. Şeyx bu məsələni qaldırmadan özləri bu addımı atdılar.  Bu addımla iki xalqın dostluq  münasibətləri daha da dərinləşdi. Onlar şeyxin təşəbbüsü iə azad olundular.