ABŞ-dan Əsədi bitirəcək layihə

ABŞ Senatının xarici əlaqələr komitəsi Suriyalı müxalifətçilərə silah yardımını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

2013-05-22 14:42:55
Teleqraf.com-un xəbərinə görə, Komitə sədri, demokrat Robert Menendez ilə respublikaçı Bob Korker tərəfindən təqdim olunan layihə 15 səslə qəbul olunub. 3 nəfər layihənin əleyhinə səs verib.

Suriyada iki ildir davam edən proseslərlə bağlı ABŞ-ın ilk dəfə müxalif qüvvələrə silah yardımı nəzərdə tutan qanun lahiyəsinin müzakirəsi gündəmə gəlib.

"Suriyanın keçid prosesinə dəstək" adlı layihə ABŞ hökumətinə görə, geniş bir araşdırmadan sonra suriyalı müxalifətçilərə məhdud silah yardımını, döyüşçülərə hərbi təlim  keçirilməsini, Əsəd rejiminə silah və neft məhsulları satışına sanksiyaların tətbiq edilməsini, Suriya xalqına hümanitar yardımı və Əsəddən sonrakı Suriya üçün planlaşdırmanı nəzərdə tutur.

ABŞ Konqresinin bəzi üzvləri prezident Barak Obamaya suriyalı müxalifətçilərə daha böyük yardım edilməsi üçün təzyiq göstərir.

Layihənin Konqresdə qəbul olunması üçün öncə Senatın ümumi iclasında, daha sonra isə Nümayəndələr Palatasında təsdiq olunması lazımdır.