Hakimiyyətdən Seçki Məcəlləsi ila bağlı qəti mövqe

“Beynəlxalq təşkilatlar, o cümlədən, bizim tərəfdaşlar bilməlidirlər ki, artıq Azərbaycan keçid mərhələsini yaşayan ölkə deyil. Azərbaycan inkişaf etmiş dövlətlərin sırasına qatılmaq niyyətini ifadə edib”.

2013-05-21 14:18:00
Bunu yap.org.az saytına müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Əli Hüseynli deyib. O, bilidirib ki, Azərbaycan özünün siyasi, iqtisadi, mədəni, sosial potensialına görə regionda lider dövlətdir: “Azərbaycan keçmiş SSRİ respublikaları ilə də müqayisəolunmaz səviyyədədir. Biz iqtisadi, siyasi baxımdan ən sabit, ən inkişaf edən ölkəyik.

Ona görə də, gərək Avropa təsisatları da Azərbaycanla bağlı baxışlarını dəyişməlidirlər. Mənim mövqeyim belədir ki, seçki prosesi ilə bağlı maddi-texniki, təşkilati və bir sözlə, bütün məsələləri Azərbaycan yüksək səviyyədə təşkil edib. Mövcud olan problemlərin araşdırılması mexanizmləri var.

Hazırda Seçki Məcəlləsinə yeniliklərin gətirilməsi müzakirə predmeti deyil və olmayacaq da. Seçki prosesi açıqdır, şəffafdır və hesab edirəm ki, biz yenə beynəlxalq təşkilatlarla əməkdaşlıq edəcəyik ki, onlar bu prosesi müşahidə etsinlər. Amma mən bir subyektiv fikrimi söyləmək istəyirəm: Azərbaycanda vətəndaş cəmiyyətinin, ictimai şüurun, demokratiyanın və demokratik təsisatların inkişafı artıq elə səviyyədədir ki, bizi kənardan müşahidə etməyə də ehtiyac yoxdur. Amma əlbəttə ki, biz həm də əldə etdiyimiz nailiyyətləri göstərmək niyyətindəyik. Bu baxımdan, belə bir əməkdaşlıq faydalı ola bilər. Amma yenə də deyirəm ki, hamı anlamalıdır ki, Azərbaycan artıq nə postsovet ölkəsi deyil, nə də keçid dövrünü yaşayan ölkə deyil. Azərbaycanın standartları artıq kifayət qədər yüksəkdir və tam milli-daxili mexanizmlər var ki, istənilən proses şəffaf həyata keçirilsin, ictimai nəzarət olsun”.