Gəncəni su basdı

Gəncədə ötən gecədən başlayan güclü yağış şəhərin müəyyən məhəllələrində subasma halları ilə müşahidə olunub.

2013-05-21 08:28:52
ANS PRESS-in məlumatına görə, gecədən yağan güclü yağış və daşan kanalizasiya suları xüsusilə Fərhad Əliyev küçəsini keçilməz hala salıb. Bəzi evlərin zirzəmiləri su altında qalıb. Sakinlər, məhəllənin su altında qalmasının ilk belə hal olmadığını deyiblər. Hər dəfə yağış yağanda onlar bu vəziyyətlə qarşılaşmalı olurlar.

Qeyd edək ki, su basmış məhəllənin əksər hissələrində suyun dərinliyi yarım metrdən çoxdur. Bu həm sakinlərin gediş-gəlişinə mane olur, həm də yağış sularına kanalizasiya suları qarışdığından ətrafa infeksiyaların yayılmasına səbəb olur.

Mənzil İstismar Sahəsinin müdiri Çingiz Tağıyev bu haqda İcra Hakimiyyətinə məlumat verildiyini, lakin hələ ki, bir iş görülmədiyini bildirib.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov isə deyib ki, artıq problemin aradan qaldırılması üçün texnika cəlb olunub və analoji hal yaşanan küçələrdə və Fərhad Əliyev küçəsində problemin həlli üçün iş gedir.

Güclü yağış yağması nəticəsində adıçəkilən ərazidən başqa Gəncənin Xətai, Ziya Bünyadov, Bəxtiyar Əliyev küçəsinin müəyyən hissələri də subasmaya məruz qalıb. Gəncə şəhər icra hakimiyyətindən verilən məlumata görə, artıq adıçəkilən ərazilərin sudan təmizlənməsi başa çatdırılıb.