Əsgər qəzaları ilə bağlı ŞOK faktlar

“Sükan arxasinda oturan əsgərdirsə, o maşindan uzaq dur”

2013-05-21 10:08:23
2013-cü ilin ilk yarısında 41 hərbçi dünyasını dəyişib, 50-yə yaxını isə yaralanıb. Bunların arasında döyüş vəziyyətində qeydə alınan ölüm faktlarının sayı cüzidir. Nə qədər qəribə də olsa, müharibə vəziyyətində olan bir ölkədə qeydə alınan ölümlərin əksəriyyəti intihar və öz əsgər yoldaşı tərəfindən qəsd, əsasən isə yol terroru ilə bağlıdır. Vəziyyətin ağırlığını görmək üçün mətbuata nəzər yetirmək kifayətdir. Belə ki, “Azərbaycanda hərbçilər ağır yol qəzasına düşüb”, - başlıqlı xəbərlərlə “ordumuzda daha bir itki” başlıqlı qəsd (özünə qəsd və ya əsgərlərin biri-birinə qəsdi) xəbərlərinə qəza hadisələrini əks etdirən məlumatlar əlavə olunub. Məsələn, bu il baş verən qəza xəbərlərinə diqqət edək. Biləsuvar rayonu ərazisində baş verən qəza xəbərində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, leytenant Rəşad Mənsimovun idarə etdiyi “Mercedes” markalı maşının yoldan çıxaraq aşdığı deyilir. Həmin hadisənin nəticəsində də maşında olan sərnişin, gizir Kənan İsgəndərov həyatını itirdi.


“Azərbaycanda hərbçilər ağır yol qəzasına düşüb” – başlıqlı digər xəbərdə Naxçıvan Muxtar Respublikasında baş verən və Azərbaycan ordusunun kiçik çavuşu, müddətdən artıq hərbi qulluqçusu Abdullayev Turan Nazim oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobilin Kəngərli rayonunun Xok kənd sakini Səfərov Bəkir Aydın oğlunun idarə etdiyi “VAZ 2107” ilə toqquşduğu yazılıb. Həmin hadisəyə isə qarlı hava şəraitində sürücülərin manevr qaydalarına düzgün əməl etməməsi səbəb olub.

Martın 25-də Ağcabədi rayonunda qeydə alınan dəhşətli yol qəzasını da Azərbaycan ordusunun gizirləri törədib. 1992-ci il təvəllüdlü Qabilov İsmət Vidadi oğlu idarə etdiyi “Mercedes C Klass” markalı avtomobillə 2 nəfəri vurub. Hər iki piyadanın yerindəcə keçinməsi ilə nəticələnən hadisəyə yüksək sürət səbəb olub.

Bakının mərkəzi prospektində - Heydər Əliyev prospektində qeydə alınan iki maşının toqquşması da hərbçinin iştirakı ilə baş verib.

Hərbi dəniz qüvvələrinin 2 zabitinin onlardan birinin idarəetməni itirməsi nəticəsində törətdiyi qəza da bu qəzaların siyahısında öz ağırlığı ilə yadda qaldı.
Ən dəhşətli qəza isə ötən həftə baş verdi. Eyni gündə - mayın 18-də hərbi heyətin iştirak etdiyi 2 qəza qeydə alındı. Səhər saatlarında Qubada Daxili Qoşunların (DQ) əsgərlərini işə aparan “Raf” markalı maşın, günorta saatlarında isə Bakıda Dövlət Bayrağı Meydanına andiçmə mərasiminə aparan avtomobil qəzaya düşdü. Birinci qəzada 5 ölü, 6 yaralı, ikinci qəzada isə 10 yaralı qeydə alındı.

Eyni gündə baş verən 2 qəza isə bu sahədə həyəcan təbili çalmağın vaxtı çatdığını göstərdi.

Hərbi ekspert Üzeyir Cəfərli qəzaların səbəbini yalnız hərbi komandanlıqlarda deyil, həm də valideynlərdə axtarmaq lazım olduğu fikrindədir: “Bu çox vacib məsələdir. Sükan arxasında peşəkarlar oturdulmalıdır. Hərbi hissəyə daxil olan əsgərə bir neçə aydan sonra sükan verilir. Bununla da həmin komandir bütün şəxsi heyətini təhlükə altında qoyur. Təbii ki, burada sadəcə sürücü vəsiqəsi olan əsgərə hərbi maşın həvalə edən komandir məsuliyyət daşımır. Burada valideynin də günahı çoxdur. Övladını hərbi xidmətə göndərəcək valideyn müxtəlif yollarla ona sürücülük vəsiqəsi alır. Hərbi xidmətdə oğlunun yerinin rahat olması məqsədi ilə atdığı bu addım ilə həm özünün, həm də başqalarının övladlarının həyatını riskə atır”.

Üzeyir Cəfərli qeyd edib ki, elə bu səriştəsizliyin nəticəsidir ki, hər kəs hərbi maşınların təhlükəli olduğunu bilir: “El arasında “Sükan arxasında oturan əsgərdirsə, o maşından uzaq dur” deyirlər. Xalqda bu fikir elə-belə formalaşmayıb. Sürücülük vəsiqəsi olan əsgərin nə qədər təhlükəli olduğu illərin sınağından çıxıb. Başqa ölkələrdə belə deyil. Səriştəsi olmayan sürücüyə nəinki şəxsi heyət, hətta əsgərin özünü də etibar etmirlər”.


Ü.Cəfərlinin fikrincə, bu hadisələrdən sonra mütləq tərpəniş olacaq və belə hadisələrin qarşısını almağa yönələn önləyici tədbirlər görüləcək. Bu cür faktları mətbuatın gündəmində saxlamasının vacibliyini qeyd edən ekspertin fikrincə, ölkədə ciddi hadisə baş vermədən hər hansı addım atılmır: “Şimşək çaxmasa, xaç çəkmirik. Hadisələr baş verməsə, qorxmasaq, tədbir görmürük. Mətbuat intiharlardan və onun səbəblərindən mütəmadi yazdı. Nəhayət anladılar ki, hərbi hissələrdə hərbi psixoloq ştatı olmalıdır. Fikrimcə, hərbi psixoloqların fəaliyyəti sayəsində intiharların qarşısı alınacaq. Çünki intiharların böyük bir qismi məhz bu boşluqdan irəli gəlirdi. Əsgər problemləri ilə baş-başa qalanda silaha əl atır, ya özünü, ya da yoldaşını öldürürdü”.


Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu qəzaları müxtəlif səbəblərlə izah edib: “Televizoru açırsan, xəbərlər qəza hadisələri ilə başlayır. Allahın işidi. Qəza hər yerdə ola bilər. O cümlədən də orduda. Qəzaya texniki nasazlıq da səbəb ola bilər, maşının düzgün idarə edilməməsi də. Təbii ki, sükan arxasında sürücülük vəsiqəsi olanı oturdurlar. Ancaq hərbi hissələrdə onları seçir və avtomobili ən təcrübəlisinə etibar edirlər”.


Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Avtomobil xidmətinin rəisi polkovnik Fuad Alıyev isə açıqlamasında şəxsi heyət daşıyan avtomobillər əsgərlərə deyil, müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçulara həvalə olunur: “Qoşun növündən asılı olmayaraq, hərbi xidmətə qəbul edildikdən sonrakı ilk 40 günlük karantin dövründə çağırışçılar arasında sürücülük vəsiqəsi olanlar seçilir. Həm bu mərhələdə, həm də hərbi hissələrdə 2 həftəlik adaptasiya dövründə onların bu istiqamətdə bacarıqları yoxlanır və inkişaf etdirilir. Bölünərkən sürücülük vəsiqəsi olanlar avtomobil bölmələrinə göndərilir. Burada onlara 1 aylıq hazırlıq kursu keçilir. Burada onlara avtomaşının quruluşu, ola biləcək nasazlıqlar, onları aradan qaldırmağın yolları, praktiki idarəetmədən məşğələlər keçilir. Kursun sonunda əsgərlərdən imtahan qəbul olunur. Sınaqdan uğurla çıxanlar 500 kilometrlik xüsusi taktiki marşa cəlb olunur. Hər bir əsgər 3-4 gün ərzində eyni markalı maşınla yolsuzluq, şose, şəhər daxilində, günün müxtəlif saatlarında sınaqdan çıxarılır və yalnız bundan sonra ona bölmə komandirinin əmri ilə maşın təhkim olunur. Əsgərin marş keçdiyi maşınla ona təhkim olunan avtomobilin tipi uyğun gəlmirsə, əsgər 2 həftəlik yenidən hazırlıq kursu keçir”.


Xidmət rəisinin sözlərinə görə, şəxsi heyət daşıyan maşınlar yalnız 9 ay hərbi xidmət keçən əsgərlərə həvalə oluna bilər. Lakin əsasən şəxsi heyət daşıyan maşınları müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular idarə edir.



AzNews.az