Bakı Şəhər İcra Hakimiyyətindən uşaq bağçaları ilə bağlı AÇIQLAMA

Paytaxtdakı uşaq bağçalarının Təhsil Nazirliyindən alınaraq, Bakı şəhər İcra Hakimiyyətinə verilməsindən sonra azyaşlıların bu müəssisələrə qəbulu daha da çətinləşib. Valideynlər şikayətlənirlər ki, uşaq bağçalarında qəbulla bağlı süründürməçilik hökm sürür.

2013-05-21 09:43:14
Əksər bağçalarda yer olmadığı əsas gətirilir və uşaqlardan imtina olunur. Bəzi müdirlər Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun qorxusundan bağçalara az uşaq götürməyə məcbur olduqlarını deyilər.

“Bağçalarda uşaqların yerləşdirilməsi problem olaraq qalır”. Bunu Modern.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusov da etiraf edib. Amma o, problemi başqa səbəblə əlaqələndirir. Deyir ki, bu gün bağçaların 25 faizi təmirə bağlanılıb.

“Bir sıra bağçalar normativə uyğun olmadığı üçün bağlanıb. Hətta belə tendensiya da olub ki, uşaq bağçalarının bir hissəsi hansısa təşkilatlara verilib və orada yerləşiblər. Biz onların hamısını çıxartmışıq və həmin bağçalarda da təmir işləri gedir. Ümumiyyətlə, təmir işləri bitdikdən və bağçalar standartlara cavab verdikdən sonra onlara uşaqların qəbulu başlanılacaq”.

E.Yunusov eyni zamanda yeni bağçaların da tikildiyini deyib. “Heydər Əliyev Fondun hesabına yeni bağçalar da tikilir. Bu bütövlükdə olmasa belə, qismən uşaqların bağçalara verilməsi problemi aradan qaldıracaq. Proses davam edir və çalışırıq ki, bu işləri tez zamanda bitirək və uşaqların yerləşdirilməsini həyata keçirək”.