Ekspert təhsil nazirinə nə qədər vaxt verdi?

“Mikayıl Cabbarovun təhsil sahəsindəki problemlərlə bağlı dediyi məsələlərə indidən şübhə ilə yanaşmaq, bunların populist açıqlamalar, yoxsa ciddi planlar olduğunu iddia etmək tələskənlik olardı, ən azı bir neçə ay gözləmək lazımdır ki, yeni nazirin nə işlər görə biləcəyi ortaya çıxsın”.

2013-05-04 11:51:03
Bu sözləri AZNEWS.AZ-a açıqlamasında tanınmış təhsil eksperti Əlövsət Osmanlı deyib. Qeyd edək ki, M.Cabbarov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, bir sıra dərsliklərdə ciddi problemlər var və bunların aradan qaldırılması üçün Təhsil Nazirliyi qətiyyətli addımlar atacaq. O, həmçinin qeyd edib ki, yeni nazir kimi qarşısına qoyduğu əsas məsələlərdən biri də müəllimlərin əvvəlki nüfuzunun bərpa edilməsi, onların sosial təminatlarının yaxşılaşdırılması istiqamətində addımlar atılmasıdır.

Ə.Osmanlı açıqlamasında qeyd edib ki, dərsliklərdə olan problemlərin nazir tərəfindən dilə gətirilməsi müsbət haldır: “Bu problemlər uzun illərdir yazılır, deyilir, ancaq nazirlik bugünə qədər bu məsələlərin üstünü örtüb. Yeni nazirin dərsliklərin keyfiyyətinə nəzarət ediləcəyi ilə bağlı açıqlaması təqdirəlayiqdir. Mən buna sevinirəm.” Ə.Osmanlı onu da deyib ki, Təhsil Nazirliyi bu məsələdə onu əməkdaşlığa dəvət eləsə, dərsliklərdəki problemlərin həlli məsələsinə cəlb eləsə, məmnuniyyətlə bu işə kömək edər.

Ə.Osmanlı müəllimlərin nüfuzunun və həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı da nazirin açıqlamasını təqdir etdiyini bildirib: “Məktəbdə şagirdlər müəllimləri örnək alırlar. Müəllim məktəbdə nə qədər nüfuzlu olsa, bu, təhsilə, məktəbdəki mühitə birbaşa müsbət təsir göstərir. Buna görə də yeni nazirin bu sahədə görmək istədiyi işlər sevindiricidir. İndi gözləyək, görək, nazir bu planlarını tətbiq edəcək, yoxsa yox?!”