Zərdüşt Əlizadə: “Bu təşkilatın İranda güclü sosial bazası yoxdur”

İran Xalq Mücahidləri Təşkilatı 11 illik fasilədən sonra ABŞ-da fəaliyyətə başlayıb. Təşkilatın ofisi aprelin 11-də Ağ Evin yaxınlığında açılıb və tədbirdə ABŞ-ın BMT-dəki keçmiş səfiri Con Bolton və başqaları iştirak ediblər.

2013-04-16 15:35:55
Qeyd edək ki, Avropa Birliyi və Böyük Britaniya İran hakimiyyətinin ən böyük müxalif qruplarından sayılan Xalq Mücahidləri Təşkilatının adını 2008-ci, ABŞ isə 2012-ci ildə terrorçu təşkilatlar siyahısından çıxarıb. Təşkilat İranda şahlıq dövründə, 1960-cı illərin sonunda yaradılıb, 1980-ci illərdə İran İslam Respublikasına qarşı silahlı mübarizə aparmağa başlayıb. Silahlı müqavimət məğlubiyyətə uğrayandan sonra İran Xalq Mücahidlər Təşkilatının minlərlə üzvü zindanlarda edam edilib, xeyli şəxs isə xarici ölkələrə mühacirət edib. Təşkilatın silahlı qanadı əsasən İraqdakı “Əşrəf” hərbi qərargahında cəmləşib. ABŞ-ın 2003-cü ildə İraqa hərbi hücumundan sonra bu ölkədəki mücahidlər tamamilə tərk-silah edilərək “Əşrəf” qərargahında ABŞ ordusunun nəzarətində saxlanılıb. 2009-cu ildə ABŞ hökuməti bu qərargahın nəzarətini İraq hökumətinə tapşırıb.

Bəs, Xalq Mücahidləri Təşkilatına ABŞ tərəfindən belə bir
dəstəyin verilməsi nə cür qarşılanır?

Bu sualla müraciət etdiyimiz politoloq Zərdüşt Əlizadə bildirib ki, Xalq Mücahidləri Təşkilatı Pəhləvi rejiminə qarşı yaradılmışdı. Onun sözlərinə görə, təşkilat sol platformada dayanırdı: “Onları hətta marksist adlandırırdılar. Rəhbəri Rəcəri soyadlı solçu idi. İmam Xomeyninin vaxtında onları darmadağın etdilər. Dağınıq qruplar bir müddət İraqda məskunlaşdılar. Onlar İranın daxilində dövlət məmurlarına, din xadimlərinə qarşı həqiqətən də, terror aktları həyata keçirirdilər. Hətta ABŞ da onları terrorçu təşkilatları siyahısına daxil etmişdi. Sonradan ABŞ-a sərf etmədiyi üçün onların adını siyahıdan çıxardı. Qərb bu təşkilatı sevdi, onların liderlərini Fransaya, Avropanın başqa-başqa ölkələrinə dəvət etməyə başladılar. Rəcəri dünyasını dəyişdikdən sonra təşkilatın rəhbəri onun xanımı oldu. Nəhayət, 2003-cü ildə İraq işğal olundu. Qeyd edim ki, Səddam Hüseynin vaxtında da Xalq Mücahidləri Təşkilatının İraqda bazaları, çoxlu sayda döyüşçüləri var idi, orada vaxtaşırı hərbi təlimlər keçirdilər və partizan hərəkatı planlaşdırırdılar. İraqın işğalından sonra da onlar öz bazalarında fəaliyyət göstərdilər. Amerikalılar İraqı tərk etdikdən sonra baş nazir Nuri əl-Maliki həmin bazanı bağladı və onları İraq ərazisindən çıxardı”. Hazıda bu təşkilatın harada yerləşməsindən xəbərsiz olduğunu, onun fəaliyyətini izləmədiyini deyən Z.Əlizadə bununla belə əlavə edib ki, Xalq Mücahidləri Təşkilatı İrandakı İslam rejiminə düşmən münasibət bəsləyir və imkan düşdükcə rəsmi Tehrana ziyan vurur: “Düşmənimim düşməni mənim dostumdur” prinsipi ilə hərəkət edən Amerika da onları dəstəkləyir”.

Müsahibimiz qeyd edib ki, Xalq Mücahidləri Təşkilatının İranda sosial bazası yoxdur: “Deyilənlərə görə, İranda bəzi nüvə alimlərinə qarşı terror aktlarını İsrail agentləri həyata keçirmişdi. Yəni, bu, mücahidlərin işi deyildi. Mücahidlər, farsca desək, Mücahidini-Xəlq 1980-ci illərdə bu işlərlə məşğul olurdu. İndi isə 2013-cü ildir. Əgər bu gün İranda hansısa terror aktı həyata keçirilirsə, İran hakimiyyəti bu məsələdə sionistləri, İsraili, Amerikanı ittiham edir, amma Mücahidini-Xəlqin adını bu siyahıda çəkmir”.

“Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi analitik Araz Aslanlı isə bildirib ki, ABŞ və Avropa Birliyi Xalq Mücahidləri Təşkilatının adını indiyədək bir neçə dəfə terror təşkilatlarının siyahısına salıb, sonra isə onu həmin siyahıdan çıxarıb. Analitik qeyd edib ki, ABŞ və Avopa Birliyinin İranla münasibətləri azacıq mülayimləşən kimi Xalq Mücahidləri Təşkilatının adı terror təşkilatlarının siyahısına daxil edilir, münasibətlər kəskinləşən kimi isə təşkilatın adı yenidən terror təşkilatlarının siyahısından çıxarılır: “Xalq Mücahidləri Təşkilatı ABŞ və Avropa Birliyinin İrana əlavə təzyiq mexanizmlərindən biridir. Bu təşkilat 1979-cu il inqilabı zamanı islamçılarla birgə ən güclü 2-3 qüvvədən biri idi. İnqilabdan sonra islamçılar digər qüvvələri sıradan çıxaranda da, onlara qarşı həm siyasi, həm də hərbi mənada ən kəskin müqaviməti Xalq Mücahidləri Təşkilatı apardı. Ən maraqlı cəhət isə ondan ibarətdir ki, üstündən 35 ilə yaxın vaxt keçməsinə baxmayaraq, Xalq Mücahidləri Təşkilatı hələ də İran dövlətinin özü tərəfindən İran daxilində kifayət imkanları olan təşkilat kimi qəbul olunur. Məsələn, bir neçə il əvvəl İranın nüvə alimlərinə qarşı sui-qəsdlər olanda rəsmi Tehran bildirirdi ki, bu qəsdlər İsrail kəşfiyyatı tərəfindən sifariş verilib, icraedicisi isə Xalq Mücahidləri Təşkilatıdır”.

A.Aslanlı qeyd edib ki, İran daxilində hərbi-texniki cəhətdən imkanları olan və xaricdə də kifayət qədər güclü təşkilatlanmış bir təşkilata ABŞ tərəfindən siyasi dəstək göstərilməsi, yeni imkanların yaradılması təbii ki, İranı narahat edir və İrana təzyiq baxımından ABŞ-a əlavə istiqamət qazandıracaq: “Təşkilata dəstək verilməsi ola bilsin ki, ümumiyyətlə, İranın siyasətinə cavabdır. Digər tərəfdən isə ola bilsin ki, son vaxtlar nüvə danışıqlarında arzuolunan nəticə əldə olunmaması, eyni zamanda qarşıdan prezident seçkilərinin gəlməsi ABŞ-ı Xalq Mücahidləri Təşkilatına güclü dəstək verməyə vadar edib”.