Kimliyimizin bərpası

İnsan dediyimiz varlığın mütləq inanma ehtiyacı olur. Bu dinə ,liderə,bütə,simvollara və s şəkildə təzahür edir. Bəlkə də sovet rejimini ayaqda tutan da Leninə olan inancın təbliği olmuşdur.

2013-02-18 08:37:38



İnsan dediyimiz varlığın mütləq inanma ehtiyacı olur. Bu dinə ,liderə,bütə,simvollara və s şəkildə təzahür edir. Bəlkə də sovet rejimini ayaqda tutan da Leninə olan inancın təbliği  olmuşdur. Azərbaycanda Sovet  İttifaqı dağılandan sonra hər sahədə yaranmış böyük boşluqlar inanc dünyasına da təsir etmişdir. Sovet İttifaqında  illərlə insanların inanma duyğusu əlindən alınmış, insanlarda inanma aclığı yaranmışdır .Artıq elə hazır haldaydı ki ,hər deyilənə inanır və qəbul edirdi. Sanki təzə doğulan körpəyə yeni sözlər öyrədilən kimi xalqımız da bir uşaq məsumiyyətində idxal olunan müsbət və ya mənfi hər cür mənəvi qidanı sorğu-sualsız qəbul edir, tabe olurdu. Dünya praktikasından da bilinir ki,bir xalqın yox edilməsi üçün ən keyfiyyətli usullardan biri mənəviyyatının əzilməsi və yox edilməsidir.Təsadüfü deyil ki, missioner təşkilatların təbliğatı sayəsində xristianlığın müxtəlif qolları , budizm, islama aid olmayan lakin sanki onun bir bir parcasıymış kimi göstərilən qruplaşmalar, təəssüf ki satanizm də yayılmağa başladı. Insanlarımızı maddi və mənəvi təltifnamələr şəklində yemlərlə zəhərlədilər. Bir cox savadlı gəncimiz nəhəng, üzdə pulsuz oxudurmuş və köməklik edirmiş kimi görünən şirkət, qrup və təşkilatların səyləri ilə gözəl həyat vəədiylə aldadıldı və xarici ölkələrə axın etdi. Zamanla din, dil, mədəniyyət və milli kimliyi unutduralaraq mənimsənildi və sadiq xidmətkar halına gətirildi. Təəssüflər olsun ki, bu tip müəssisələrin fəaliyyəti hələ də davam edir, gənclərimiz ölkədə olan iqtisadi çətinliklərin gətirdiyi bir sıra problemlərə görə bilik və qabiliyyətlərindən istifadə edərək onlara təklif olunan rahat vı firəvan həyat sevdası ilə ölkələrini tərk edirlər. Azərbaycanımızı tərk edən beyin gücü gələcəyimizin də mənfi istiqamətdə formalaşmasına gətirib cixaracaq, savadsız kütlə halına gəlməyimizlə də başqaları tərəfindən idarə olunmağımız da rahatlaşacaq.

Təbii bu cür missioner təşkilatların  pərdə arxasındakı planları ,fəaliyyətləri sezilmir və onların üzdə təklif etdikləri cazibədar görünür ,onlara rəğbət halları artır. Ölkələrinə aparmaq istəmədikləri kütlələri də nəzarət altında saxlamaq ,öz mexanizminin bir parçası halına gətirmək ,hər dediklərinə sözsüz tabe etdirmək məqsədləri olub.

Azərbaycanda bu sahədə nəzarətsiz qalan kütləvi informasiya vasitələri adətən həmən qurum və təşkilatların təbliğat maşını halina gəldilər. Illərlə xalqın əxlaq ,dəyər və inanışlarını zədələməyə ,silməyə səy göstərərək halhazırki mənəvi çöküşün zəminini az- az ,ustaca həyata keçirdilər. Müəyyən vaxt xalqı televiziyalara bağlamaq və heç nəyə müdaxil olmayan bir kütlə formalaşdırmaq cazib gələ bilər,lakin beyinləri yuyulmuş ,mənəviyyatı çirkinliklərlə doldurulmuş bir cəmiyyəti də  idarə etmək çətin məsələdir. Çünkü mənəviyyatsızlıq artdıqca cəmiyyətdə cinayətlərin sayı artar , qanunsuzluq baş alıb gedər, ölkə idarə oluna bilməz hala gələr.

Demokratiya ,söz azadlığı  şüarları altında məkirli fikirlərini cəmiyyətə aşılayan bəzi kütləvi informasiya vasitələri,qeyri-hökumət təşkilatları,kurslar,qruplar öz istəklərinə nail olmuş kimi görünür.Xalqın bu istiqamətdə məlumatsızlığı və savadsızlığı onların rahatlıqla tora düşmələrinə gətirib cıxardır.

Hər gün yeni- yeni peyada olan ekstrasenslər,”peyğəmbər”lər,” mehdi”lər falçılar,”vergi” verilənlər  həm maddi, həm mənəvi bu xalqı istismar edirlər. Başlanğıcda hər şey normal kimi göstərilib inandırıldıqdan sonra mənəviyyatlara hücum edilir,insanlar təsir altına alınaraq sanki manqurt halına gətirilir. Təbii bunların da səbəblərinin  təməlində cahillik, savadsızlıq və məlumatsızlıq dayanır. Öz dini ,adət- ənənələri,milli kimliyini tam mənada öyrənmiş bir xalqı hansı təbliğat vasitəsi olur olsun, təsir altına sala bilməz.  Dünyada olduğu kimi ölkəmizdə  də  , demokratik qaydaları mənimsədiyinə görə, dini inaclara  hörmət qoyulmalı ,xüsusən əhalisinin əksər coxluğu müsəlman olan ölkədə islam dini tədris olunmalıdır. Orta məktəblərdə bu sahədə öz dövlətimizin yetişdirdiyi və ya kifayət deyilsə kurslar keçərək yetişdirəcəyi savadlı ekspert və müəllimlər vasitəsi ilə uşaqlıq çağından etibarən dinimizin hərtərəfli öyrənilməsi təmin edilməlidir.Bir mənada gələcək təhlükələrə qarşı “peyvənd” edilməlidir.Məqsəd qəbul etdirmək deyil (hər bir demokratik ölkədə dini seçimlər sərbəst olmalı və hörmətlə yanaşılmalıdır), oyrətmək, məlumatlandırmaq olmalıdır. Məsələn Almaniyada məktəblər xristian, katolik, protestan, dövlət  və. s. şəkildə müxtəlif  kateqoriyalara bölünür. Valideyn seçimini artıq bilərək edir. Bu o demək deyil ki, həmən məktəbi qurtaranlar rahib, rahibə, molla və ya buddist olacaq . Sadəcə yetişəcək nəslin mənəviyyatı gücləndirilir. Çünkü nə qədər savadlı olur olsun yetişmiş nəslin mənəviyyatı gücləndirilməsə xəstə bir cəmiyyət formalaşacaq. Bizdə isə əksinə dindən və xüsusən mənsub olduğumuz islamdan qorxmuş, soyudulmuş hala gətirilmiş, ehtiyat etməyə başlamısıq. Əslində isə ehtiyat etməyimiz vacib olan məsələ dinimizdən uzaqlaşdıran amillər olmalıdır.  Unudulmamalıdır ki, bu dövlət əgər bugünlərə gəlibsə yüksək inancları sayəsində gəlib. Nə vaxt ki suqut və müstəmləkəliyə düçar olmuşdur mütləq kökündə özündən uzaqlaşma yatmışdır.


 Səidə Doğancı/  mənbə /MİLLİ DÜŞÜNCƏ İNSTİTUTU ( http://mdi-az.org)