Xankəndiyə zərbə endirmək Azərbaycanın daxili işidir

Aleksandr Skakov

2013-02-14 06:40:18







Rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu Mərkəzi Asiya və Qafqaz Tədqiqat Mərkəzinin işçi qrupunun koordinatoru Aleksandr Skakovun APA-nın Moskva müxbirinə müsahibəsi

- Rusiyanın Ermənistanı silahlandırması Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində Rusiyanın vasitəçiliyini şübhə altına qoymurmu?
- Unutmaq lazım deyil ki, Rusiya təkcə Ermənistana deyil, Azərbaycana da silah satır. Bunlar zenit-raket komleksləri, hərbi helikopterlər və hərbi texnikanın digər növləridir. Bir sözlə, hesab etmək olar ki, bu biznesdən başqa bir şey deyil. Digər bir tərəfdən isə, regionu silahla təchiz etmək rolu potensial rəqiblər arasında güc balansını saxlamağa kömək edir. Lakin, sözsüz ki, ən yaxşı ssenari Cənubi Qafqaza bütün silah satışına embarqo    qoyulması olardı. Regionun hərbiləşdirilməsi təhlükəsi çox yüksək səviyyədədir və bu inkişaf tendenssiyası nə vaxtsa iri partlayışa səbəb ola bilər. 
- Rusiya ilə Ermənistan arasında hərbi sahədə əməkdaşlığın gücləndirilməsi Qarabağda müharibə başlayacağı təqdirdə Rusiyanın tərəf olmasına işarədirmi?
- Bu sual mənə çətin və birmənalı gəlir. Elə hiss yaranır ki, Moskvada hələ son qərarı verməyiblər. Bəli, Moskva İrəvanla tərəfdaşlıq əlaqələrinə və onun qarşısında müvafiq öhdəliklərə malikdir. Amma Moskva Bakı ilə də xüsusi əlaqələrə malikdir. Əgər Dağlıq Qarabağ uğrunda müharibəni təsəvvür etsək, bu, Rusiyanın müdaxilə etməsi üçün bəhanə ola bilməz. Rusiya və hətta Ermənistan da “DQR”ın müstəqilliyini tanımayıblar, ona görə də Azərbaycanın Xankəndiyə zərbə endirilməsi Azərbaycanın daxili işi olacaq. Amma açıq məsələ odur ki, yaranan hərbi münaqişəyə dərhal Ermənistan qoşulacaq və o zaman Rusiya çətin bir qərar qəbul etməli olacaq, amma bunu etməyi çox da istəməyəcək. Anlamaq lazımdır ki, əgər Moskva İrəvanı dəstəkləməsə, Ermənistan üzərində bütün təsirini itirəcək. Digər tərəfdən Rusiya elitasının biznes maraqları onu Ermənistanla yox, məhz Azərbaycanla bağlayır. Burada maraqların toqquşması nəzərəçarpandır.
Hər həlda, hətta əgər Moskvada Ermənistanı dəstəkləmək qərarı qəbul olunsa, çox güman ki, bu barədə elan son anda veriləcək. Yəni Moskva öz qərarını “gizlətməyə”, öz mümkün olan planlarını nümayiş etdirməməyə çalışacaq. Kreml eyni ilə 08.08.08 müharibəsi öncəsi özünü belə aparırdı. O zaman Tiflisdə əmin idilər ki, Rusiya Cənubi Osetiyanı dəstəkləməyək və Gürcüstan “kart-blanşa” sahib çıxacaq. Nəticədə isə Rusiya müdaxilə etdi, Saakaşvili isə dezinformasiyaya inanıb. Ehtimal etmək olar ki, eyni hadisələr bu dəfə də baş verə bilər.
- Rusiyanın Ermənistanda hərbi gücünü artırmasını onun Cənubi Qafqaz planının tərkib hissəsi saymaq olarmı?
- Moskvada kimlərsə Rusiyanın Cənubi Qafqazda öz təsirini bərpa etmək üçün Dağlıq Qarabağda mümkün müharibədən istifadə etmək istəyə bilər. İstisna etmirəm ki, Brüssel və Vaşinqtonda da kimlərinsə belə planları var. Ona görə də, dünyanın güc mərkəzlərindən heç biri dəqiq anti-müharibə və münaqişə tərəflərini gözəştə çağıran mövqe ilə çıxış etmir. Hər kəs ümid edir ki, mümkün müharibə nəticəsində nəsə əldə etsin. Ola bilsin ki, Moskvanın, eləcə də NATO-nun başlayan müharibəyə müdaxilə etməklə həm Azərbaycan, həm də Ermənistan üzərində maksimum dərəcədə hərbi nəzarət yaratmaq planı var. Yəni, bu yolla iki ölkənin işğalına don geyindirilir. Bu oyunda “stavkalar” çox yüksək ola bilər.
- Bu fonda Rusiya-Azərbaycanla münasibətləri necə inkişaf edəcək?
- Moskvanın Qəbələ RLS-dən məcburən imtina etməsi Rusiya-Azərbaycan münasibətlərinə ciddi zərbə oldu. Başa düşmək lazımdır ki, Azərbaycanda Rusiya hərbi obyektinin mövcudluğu qarşılıqlı asılılıq yaradırdı, yəni Azərbaycan müəyyən dərəcədə Moskvadan asılı oldğu kimi, Rusiya da müəyyən dərəcədə Bakıdan asılı idi. Fikrimcə, hal-hazırda bu qarşılıqlı asılılıq zəifləyib və bu mənfi amil Rusiyanı Ermənistana dəstək istiqamətinə çevirə bilər.
- Dağlıq Qarabağ konfliktinin həllində bu il nəsə irəliləyiş gözləmək olarmı?
- Dağlıq Qarabağ münaqişənin həllində real irəliləyişlər üçün heç bir əsas görmürəm. Bunun üçün bütün vasitəçilər tərəfindən, xüsusən də ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən həm Bakıya, həm də İrəvana razılaşdırılmış və ciddi təzyiq olmalıdır. Hal-hazırda belə təzyiq yoxdur. Son zamanlar guya xeyli “ermənipərəstlənmiş” Minsk Qrupunun formatı dəyişməsi ilə bağlı başlayan söhbətlər mənə qeyri-produktiv görünür. Cənubi Qafqazda öz maraqları olan hər ölkə bu maraqların xarakterindən asılı olaraq ya “ermənipərəst” ya “azərbaycanpərəstdir”. Məsələn, əgər Minsk Qrupuna Polşanı əlavə etsək, dərhal deyəcəklər ki Minsk Qrupu “azərbaycanpərəst” olur. Regionda öz maraqları olmayan ölkələr sülh prosesində iştirak etməyəcəklər, çünki bu onlara lazım deyil. Münaqişənin həllinə Argentina, CAR kimi “neytral” ölkələrin cəlb edilməsi mənasızdır. Yuxarıda dediklərimi cəmləşdirsək, onda belə çıxır ki, münaqişə həllində irəliləyişə nail olmaq üçün vasitəçilər münaqişə tərəfləri ilə ultimatum dilində danışmalıdır. Əgər bu ortada yoxdursa, deməli vasitəçilər həqiqətən də münaqişənin həllində çox da maraqlı deyirlər.
- Bir sıra ekspertlərin fikrincə, Rusiya ilə Azərbaycan arasında münasibətlər heç də yaxşı deyil...
- Rusiya-Azərbaycan münasibətlərinin böyük potensialı var. Dövlət sərhədlərinin demarkasiyası məsələsində Moskvanın Azərbaycana güzəştə getməsini xatırlamaq lazımdır. Hal-hazırda bizim münasibətlərimizdə durğunluq müşahidə olunur və bu gözləntiləri parlaq hesab etmək olmaz. Dağlıq Qarabağ məsələsindən başqa, potensial ciddi problem İsrail və ABŞ-ın (ya da təkcə İsrailin) yaxın illərdə İrana zərbəsi ola  bilər. Bu, böyük regionda stabilliyin pozulmasına gətirib çıxaracaq. Azərbaycan-İran münasibətləri  heç də arzuolunan deyil və istisna deyil ki, İran Azərbaycanda vəziyyəti qeyri-stabilləşdirməyə çalışacaq, xüsusilə də Azərbaycanın talışlar yaşayan. rayonlarında. Ləzgi məsələsinin də qabardılmasını istisna etmirəm. Düşünürəm ki, yaranmış vəziyyətdə Azərbaycan özünü xeyli diqqətli aparmalı, öz gücünü dəyərləndirməlidir.