Ankara Tehrandan ehtiyatlanır

Suriyada baş verən toqquşmalar pik həddinə çatmaqla yanaşı, hadisələrin qonşu ölkələrə də təsiri gündən-günə artır. Baş verən hadisələrin siyasi baxımdan ən çox təsir etdiyi ölkələrdən biri də, regionda super güc olmağa iddialı Türkiyədir.

2012-06-25 08:40:23




Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri
Suriyada baş verən toqquşmalar pik həddinə çatmaqla yanaşı, hadisələrin qonşu ölkələrə də təsiri gündən-günə artır. Baş verən hadisələrin siyasi baxımdan ən çox təsir etdiyi ölkələrdən biri də, regionda super güc olmağa iddialı Türkiyədir.
Suriyada toqquşmaların baş verdiyi ilk gündən etibarən rəsmi Ankara gözləmə mövqeyi tutsa da, daha sonra öz mövqeyində radikal dəyişiklik etməli oldu və ölkənin ərəb dünyasına yeganə çıxışı hesab edilən Suriya ilə münasibətlər kəskinləşməyə başladı.
Bir çox siyasi analitiklər Ankaranın Suriya inqilabına mövqe bildirməkdə tələsdiyini iddia etsələr də, Ankara Liviyada buraxılan səhvi Suriyada buraxa bilməzdi.
Qonşu Suriyadakı hadisələr Ankara üçün hər nə qədər risk olsa da, aparıcı siyasi elitanın Suriyadakı rejimə dəstək verəcəyi və ya baş verənlərə səssiz qalacağı inandırıcı deyildi.
İlk baxışdan Türkiyənin Suriya müxalifətinə siyasi dəstəyi qənaətbəxş hesab edilsə də, əslində bu, İranın Suriya hakimiyyətinə verdiyi dəstəklə müqayisə ediləcək dərəcədə deyil.
Ankaranın Suriya inqilabında müxaliflərə dəstəyindən sonra iki ölkə münasibətlərində gərgin anlar yaşansa da, iyunun 23 də Suriyanın hava ərazisində Türkiyəyə məxsus təlim uçuşları keçirən hərbi təyyarənin vurulması ilə, iki ölkə arasında gərginliyin daha da artacağı istisna edilmir.
Baş verən hadisədən sonra həm Suriya, həm də Türkiyə rəsmiləri açıqlama verdilər.
Ankara rəsmiləri vurulan təyyarənin neytral sularda təlim uçuşları keçirdiyini, silahlı olmadığını, Türkiyənin buna görə lazımi tədbirlərə əl atacağını bildirdi.
Suriya XİN-in rəsmi sözçüsü Cihad Maqdisi isə Türkiyə mətbuatına verdiyi açıqlamada təyyarənin vurulduqdan sonra Türkiyəyə məxsus olduğunun təsbit edildiyini bildirdi.
Maqdisi onu da qeyd etdi ki, Dəməşq insidentə görə Ankaradan üzr istəməyib.
Türkiyə Silahlı Qüvvələrinə məxsus təyyarənin vurulmasından sonra Ankaranın cavab olaraq daha radikal addımlar atacağı düşünülsə də, böyük ehtimal ki, Ankara heç bir halda Suriyaya birbaşa hərbi müdaxilə etməyəcək.
Ankaranın baş verənlər qarşısında nisbətən soyuqqanlı olmasının səbəblərinə gəlincə isə, təbii ki, burda bir çox səbəblər ola bilər.
Bir çox türkiyəli siyasi analitiklər təyyarənin vurulması ilə "üçüncü tərəfin" Ankara ilə Suriyanı müharibəyə sürükləmək istəyində olduğunu istisna etmirlər.
Əslində Türkiyə rəsmiləri də yaxşı bilirlər ki, NATO hələ ki, Suriyaya müdaxilə etmək istəyində deyil, problemin Ankara tərəfindən həll edilməsinin tərəfdarıdır. Lakin Ankaranın təkbaşına Suriya böhranının öhdəsindən gəlməsi qeyri-mümkündür. Ən azından ona görə ki, qonşu dövlətə birbaşa müdaxilə Türkiyə daxilində ciddi siyasi qalmaqal yarada bilər.
Digər tərəfdən, Suriya ordusu da ehtimal ediləcək dərəcədə zəif deyil. Ölkədə toqquşmaların olmasına və bir çox hərbiçinin ordudan ayrılaraq "Azad Suriya ordusuna" qoşulmasına baxmayaraq, ordu hələ də öz qüvvəsini itirməyib.
Hazırda Suriya ordusunun quru qoşunları personalının sayı 220 min nəfərdir. Ölkədə təxminən 830 hərbi təyyarə, 208 helikopter və 104 hava limanı mövcuddur.
Hərbi dəniz qüvvələrinin ümumi personalının sayı isə 4 min nəfərdir.
Bütün bunlarla yanaşı, mərkəzi qərargahı Hələb şəhərində olan ordu hissələrində kimyəvi və bioloji silahların olması da ehtimal edilir.
Təbii ki, silahlarının əksəriyyəti keçmiş sovet istehsalı olan Suriyanın hərbi potensialının Türkiyə ilə müqayisə edilməsi doğru olmazdı.
Ankaranın Suriyaya müdaxiləsini qeyri-mümkün edən əsas məqamlardan biri də Tehranın Suriya məsələsində tutduğu mövqedir.
Böyük ehtimal ki, Suriyaya Ankara tərəfindən hər hansı bir müdaxilə olsa, öz blokpostunu itirməmək üçün Tehran əlindən gələni edəcək. Bu isə regionda gözlənilən şiə-sünni toqquşmasının birinci raundunun başlaması olar. Məhz bu səbəbdən də, Ankaranın Suriyaya hərbi müdaxiləsi qeyri-mümkündür.