Əhmədinejadın siyasi fəaliyyəti 2013-cü ildən sonra da davam edəcək

İran siyasətçilərinin fikrincə, Prezident Mahmud Əhmədinejadın ötən həftə Almaniyanın 'Frankfurter Allgemeine Sonntagszeitung' qəzetinə verdiyi müsahibədə 2013-cü ildən sonra akademik fəaliyyətə qayıdacağı ilə bağlı ifadələri onun siyasət dünyası ilə vidalaşacağı anlamına gəlmir.

2012-06-19 08:25:52



İran siyasətçilərinin fikrincə, Prezident Mahmud Əhmədinejadın ötən həftə Almaniyanın "Frankfurter Allgemeine Sonntagszeitung" qəzetinə verdiyi müsahibədə 2013-cü ildən sonra akademik fəaliyyətə qayıdacağı ilə bağlı ifadələri onun siyasət dünyası ilə vidalaşacağı anlamına gəlmir.
Hakim Mühafizəkarlar Partiyasını təmsil edən siyasətçi Həsən Lastcerdi (Dr. Hassan Lastjerdi) Trend-ə müsahibəsində bildirib ki, hazırda Əhmədinejadın növbəti prezident seçkilərində qalib gəlmək üçün mütəşəkkil və məqsədəuyğun bir təşkilatı yoxdur. Buna görə də, ola bilsin ki, Əhmədinejad akademik fəaliyyətə qayıtmaqla 8 illik prezidentlik müddətində qazandığı təcrübələri yenidən götür-qoy edib, nəticə çıxarıb və gələcəkdə yenə də siyasət dünyasına qayıtmaqla, ondan istifadə etməyi düşünür.
"Onun sözləri siyasi fəaliyyətdən ayrılmaq demək deyil. İranda hər bir partiyanın siyasi cinahının müəyyən müddət xalq arasında xarizması və tərəfdarları olur. Bir müddət sonra isə bu dalğalar da keçir, başqa cinahlara rəğbət çoxalır. Əhmədinejadın təmsilçisi olduğu cinah da bu qaydadan kənarda deyil və bir gün yenidən xalq arasında bu cinaha rəğbət artarsa, mütləq siyasət dünyasına qayıdacaq", - Lastcerdi hesab edir.
Əhmədinejat administrasiyası ölkədə yaranmış iqtisadi problemlərə görə tənqid olunur. Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, İranda iqtisadi inkişaf 2012-cü il üçün 0,4 faiz təşkil edəcək. Rəsmi statistikaya əsasən, ölkədə işsizlik səviyyəsi 16 faizdən çox, inflyasiya isə 23 faizə yaxındır.
Mühafizəkarlar cinahından olan siyasətçi bir daha vurğulayıb ki, Əhmədnejadın siyasət dünyasından imtina etməsi inandırıcı deyil.
İranda əsas müxalif qüvvə olan İslahatçılar düşərgəsinə yaxın politoloq Sadiq Zibakəlam (Dr. Sadegh Zibakalam) isə Trend-ə müsahibəsində bildirib ki, onun fikrincə, Mahmud Əhmədinejada bağlı cinah (Əhmədinejadı 2005-ci ildə hakimiyyətə keçməkdə dəstəkləyən "Tir 3" cinahı) Prezident Əhmədinejaddan sonra da hakimiyyətdə qalacaqlar.
Zibakəlamın sözlərinə görə, Əhmədinejadın siyasətdən ayrılması məsələsi inandırıcı deyil. Lakin Əhmədinejad iki dəfə ardıcıl prezident seçilib və qanuna görə üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürə bilməz. Belə olan halda çox güman ki, 2013-cü il prezident seçkilərində onun ən görkəmli alternativi Səid Cəlili olsun.
Hazırda Cəlili "altılıq" ölkələri ilə nüvə müzakirələrini aparan rəsmi şəxs, İran Milli Təhlükəsizlik Şurasının baş katibidir.
Bundan əvvəl İran İslam İnqilabının Keçikçiləri Korpusunun sabiq rəhbəri Möhsün Rzayi də 2013-cü il prezident seçkilərinə namizədliyini irəli sürəcəyini elan etmişdi.
İranda növbəti prezident seçkiləri 2013-cü ilin iyun ayında keçiriləcək.
 
TREND