Roje Qarodi kimdir?

O, 1913-cü ildə Marseldə dünyaya göz açıb. 1952-ci ildə Sorbon Universitetində ədəbiyyat üzrə doktor dərəcəsini alır. 1954-cü ildə SSRİ Elmlər Akademiyasında doktor olur. Fransa Kommunist Partiyasında zirvəyə çatdıqdan sonra sözügedən təşkilatdan ayrılır.

2012-06-18 07:35:34




İslamı seçmək zamanı seçmək deməkdir. Çünki İslam bu zamanın yeganə dinidir, zamanın ümididir”.

Bu sözlər məşhur fransız filosofu, yazıçı və keçmiş kommunistlərdən biri Roje Qarodiyə məxsusdur.

O, 1913-cü ildə Marseldə dünyaya göz açıb. 1952-ci ildə Sorbon Universitetində ədəbiyyat üzrə doktor dərəcəsini alır.  1954-cü ildə SSRİ Elmlər Akademiyasında doktor olur. Fransa Kommunist Partiyasında zirvəyə çatdıqdan sonra  sözügedən təşkilatdan ayrılır. Müxtəlif illərdə Fransa parlamentində millət vəkili, parlament sədrinin müavini, milli təhsil komissiyasının üzvü və senat vəzifəsində fəaliyyətini davam etdirib.

 Marksist fikirlərin təsirində qalaraq  onu müdafiə etmişdir.

“Marksist  Tədqiqatlar və Araşdırma Mərkəzi”nin müdiri vəzifəsində işlədiyi vaxt Kommunist partiyasının rəsmi filosofu olur. 

1939-cu  ildə hərbi xidmətə çağırılır. Viki hökumətinin Şimali Afrikadakı düşərgələrinə sürgün edilir. Viki hökumətini sərt şəkildə tənqid edir. Bu səbəbdən də ölümə məhkum edilir. Ancaq müsəlman əsgərlər ona atəş açmaqdan imtina edirlər.  Əsgərlərə “Nə üçün atəş açmadınız?” -deyə sual verildikdə onlar bu maraqlı cavabı verirlər: “Bir müsəlman əsgərin, silahsız bir şəxsə atəş açması  şərəfsizlikdir”. Bu hadisə daha sonralar filosofun həyatında köklü dəyişikliyin baş verməsinə səbəb olacaq idi.

Buna baxmayaraq, yazıçı  kommunist fikirlərini müdafiə etməyə davam edir. 1954-cü ildə Fransa Kommunist Partiyası MK-nin üzvü seçilir. 1953-cü ildə “Materialist Elmi Nəzəriyyə” adlı dissertasiyasını müdafiə edir. Daha sonra Fransa Kommunist partiyasının siyasi bürosuna üzv seçilir.

Clermont-Ferrand və Poitiers Universitetlərində müəllim kimi fəaliyyət göstərir. Universitetlərdən siyasət kürsüsünə qədər fransızlara və Qərb dünyasına marksizmlə bağlı mühazirələr vermişdir. İnsanların xilasının yalnız bu sistemlə mümkün olacağını müdafiə etmişdir. Fransalı kommunistlərin ən böyük mənəvi memarı idi. Katolik kilsəsi və xristianlığa qarşı qələmi və mühazirələri ilə mübarizə aparmışdır.

1968-ci ildə Fransa Kommunist Partiyası rəhbərlərini Varşava Paktı müttəfiqlərini  Çexoslovakiyaya müdaxiləyə razılıq vermədiklərinə görə SSRİ-ni dəstəkləməkdə və Stalinçi metodlara baş vurmaqda təqsirləndirir. 1970-ci ildə FKP-nin siyasi bürosundan, 1970-ci ildə isə partiyadan uzaqlaşdırılır.  Kommunist ideologiyasından uzaq qalan filosof  katolik düşüncəni mənimsəyir. Hətta xristianlıqla kommunizmin bir-birini tamamladığını iddia edir.

Bundan sonra Rojenin həyatında dəyişikliklər daha açıq şəkildə özünü büruzə verir. İllər əvvəl ölüm hökmü oxunarkən əlcəzairli əsgərlərin ona atəş açmaması filosofun İslamı araşdırmasına səbəb olur. İllərcə apardığı tədqiqat və araşdırmalardan sonra 1983-cü ildə Liviyanın Benqazi Karyünes Universitetinin konfrans salonunda İslamı qəbul edir. Bu hadisə xristian və  kommunist aləmini kökündən sarsıdır.  O, İslam dinini seçərkən bu sözlərlə dünyaya xitab edir: “İslam çağları arxasınca aparan bir dindir. Digər dinlər isə çağların arxasınca sürükləndi. Yəni İslamdan başqa bütün dinlər zamana uyğunlaşdırıldı, islahatçılığa məruz qaldı. Müqəddəs kitabları zamana görə dəyişdirildi. Qurani-Kərim isə endirildiyi gündən bəri hər zaman hökm etdi. O, zamanı deyil, zaman onu izlədi. Zaman yaşlandıqca o gəncləşdi. Bu qeyri-adi bir hadisədir. Bu vaxta qədər dəhşətli müharibələrin, qorxunc sosial, siyasi və iqtisadi böhranlar belə bu hadisənin qarşısında heç bir şeydir. İslam materializmə də, pozitivistlərin görüşlərində də, ekzistansiyalistlərə də hakimdir. Ancaq bunların heç biri İslama hakim deyil”.

İslamla bağlı başqa bir fikri də maraq doğurur: “Qərb dünyasına aid olmayan başqa mədəniyyətləri araşdırdığım zaman İslamın xüsusi potensiyalını sezdim. Ani bir kəşf deyildi bu İslam. Ərəb mədəniyyəti ilə bağlı ilk yazımı 1946-cı ildə Şeyx İbrahimi ilə görüşümdə qələmə almışdım. İndi İslam həyatımın bütün suallarına cavab verir”.

XX əsrin tənqidi fikrini maraqlandıran başlıca üç məsələ haqda filosof yazır:

“Məhəmməd peyğəmbər (Allahın xeyir-duası və salamı ona olsun!) yeni bir din gətirməmişdi. Bizə İbrahim peyğəmbərin (Ona salam olsun!) təməl inancını təbliğ etdi. Quranda İsa və Musa peyğəmbər (Onlara salam olsun!) İslam peyğəmbərləridirlər. Dünya bu dinin içində yəhudi, xristian və müsəlman birliyini təmin edə bilər.

İslam elmi hikmətdən, hikməti də imandan ayırmaz. Müsəlman elmi Kordoba Universitetinin ən parlaq dövründə səbəblərin ortaya qoyulması ilə qayələrin araşdırılmasını bir-birindən ayırmırdı.  Bu da elm və texnikanın  elm və texnika bürokratizminə, siyasətin Makaiavellisizmə  çevrilməsinin qarşısını almışdır. İslam təkcə “necə” deyil, “nə üçün” sualını da verməyə məcbur edir.

İslam inanc və siyasət arasındakı əlaqələr məsələsinin ortaya atılmasını təmin edir və onları Fransa və Avropada çox müşahidə olunan  kilsə ilə dövlət arasındakı əlaqələrlə səhv salmır.

Sual verə bilərsiniz ki, bu ideallaşdırdığımız İslam harada mövcuddur? Belə cavab verərdim ki, heç  yerdə. Bəli, heç bir yerdə. Bir kitabda və insan ürəyində mövcuddur ideal İslam. Ancaq bu xristian cəmiyyətlərində heç bir zaman mövcud olmayıb. İdeal İslam tarixdə Məhəmməd peyğəmbər (Allahın salamı və xeyir-duası ona olsun!) tərəfindən Mədinədə quruldu. Beləliklə, İslam xristianlıqdakı boşluğu doldurmuş və cəmiyyətin təşkilatlanmasını təmin etmişdir. Onun (Allahın salamı və xeyir-duası ona olsun!)  qurduğu cəmiyyət nə qan, nə torpaq, nə bazar, nə də ki müəyyən bir mədəniyyət üzərinə qurulmuşdur;  imanda birlik, bərabərlik üzərində inşa edilmiş və hər kəsə açıqdır.  Mənim üçün bu, inanclı bir cəmiyyətin təməli kimi göründü.

“Ancaq tarix boyunca bir tək nümunə İslam üçün az deyildirmi?” - desəniz,  mən də xristianlıqda, yəhudilikdə və sosializmdə dediyiniz o yeganə nümunənin belə olmadığını deyərəm. Bəli,  bir  nümunənin belə olmadığı bir dünyada bir nümunə çoxdur, hətta belə demək mümkündürsə,  daha vacibdir.

Bu din  xəlifə ilə kölənin eyni haqqa sahib olduğunu deyir. Bir dəvə hadisəsi vardır. Bu hadisə  kralların qılınclarından daha kəskin bir hadisədir.  Hz. Ömər (Allah ondan razı qalsın!) köləsi ilə bir şəhərdən digərinə gedərkən köləsi ilə dəvəni növbə ilə minirlər. Bəzən xəlifə, bəzən də kölə dəvənin kəndirini çəkir. Budur ədalət və hüquqda ağlın inqilabı!”

Marksizm, kapitalizm və İslam arasındakı fərqə filosof belə toxunur:

“Biri insanı dövlətin əsirinə, digəri də sərmayənin əsirinə çevirir. Marksizm və kapitalizm insanı istismar edən sistemlərdir. Ancaq İslam bunlara qarşıdır, insanın ləyaqətini geri qaytaran bir sistemdir”.

Kitabları:

- Qərb terrorizmi

- İsrail siyasətinin başlıca mifləri

- Tanrının olması vacibdirmi?

- Karl Marks

- Lenin

- Hegelin düşüncəsi

- XX əsr marksizmi

- Tanrı öldü

- İnsanın üfüqləri

- Sionizm qovluğu


/azerimuslims/