Qəza namazı olan şəxsin nafilə qılması

Sualım qəza və nafilə namazları ilə bağlıdır. Bir yerdə oxumuşam ki, nafilə namazlar qəzaya qalan namazları əvəz edir(xüsusən də mübarək gecələrdə),

2011-04-23 09:22:27



Sualım qəza və nafilə namazları ilə bağlıdır. Bir yerdə oxumuşam ki, nafilə namazlar qəzaya qalan namazları əvəz edir(xüsusən də mübarək gecələrdə),digər bir şey də oxumuşam ki, qəza namazlarını qılmadan nafilə namaz qılmaq olmaz, öncə qəza namazları qılınmalıdır. İndi bunların hansına görə əməl edilməlidir. Allah razı olsun.

Allaha həmd olsun. Nafilə namazlar, qulun Allaha yaxınlaşması üçün əsas vasitələrdən biridir. Allah Rəsulu buyurur:“Bir kimsə dostuma düşmənlik edərsə mən ona qarşı hərb elan edərəm. Qulum ona fərz buyurduqlarımdan daha sevimli olan digər başqa şeylərlə mənə yaxınlıq qazana bilməz. Qulum mənə nafilə ibadətlərlə durmadan yaxınlaşar. Nəhayət ki, mən onu sevərəm. Qulumu sevdiyim zaman da mən onun eşidən qulağı, görən gözü, tutan əli və yürüyən ayağı olaram. Məndən nə istəsə onu mütləq verərəm, mənə sığınsa onu qoruyaram.” (Buxari)
Nafilə namazlar dedikdə sünnət olan namazlar nəzərdə tutulmaqdadır. Bu baxımdan ümumən vaxt namazlarının sünnətləri də nafilə namazlar hökmünə girər, bunları da davamlı olaraq qılmaq qulun dərəcəsini artırar, günahlarının məğfirətinə səbəb olar. Hətta bu sünnətlərdən bəziləri, məsələn sübh namazının sünnəti digər sünnətlərə (nafilələrə) nisbətdə daha fəzilətlidir. Allah Rəsulu buyurur:
“Sabah namazının iki rükət sünnəti dünyadan və dünyadakı hər şeydən daha xeyirlidir.” (Müslim)
Eyni zamanda gecə namazı (təhəccüd), duha namazı, təhiyyətul-məscid namazı, ayın tutulması, günəşin tutulması namazları kimi rəsulullahdan möhkəm sünnət olaraq gələn namazlar vardır. Bunlar adlı nafilə ibadətlərə daxildir. Eyni zaman da bir müsəlmanın ürəyi istədiyi zaman qıldığı müəyyən bir adı olmayan namaz da nafilə namaz sayılır.
Nafilə namazların əsas faydalarından biri də onun axirətdə qılınmamış fərz namazları əvəz edəcəyidir. Tirmizi və Nəsəidə keçən bir hədisdə Allah rəsulu buyurur “Qiyamət günü bir şəxsin ilk hesab verəcəyi əməl namazlarıdır. Bu hesab doğru olarsa qurtulmuşdur. Bu hesab düzgün gəlməzsə o ziyan görəcəkdir. Əgər fərzlərindən əskiklik çıxarsa Rəbb təla “Görün qulumun dəftərində nafiləsi varmı?”- deyə buyurar. Beləcə fərzidən əksik olanlar nafilələrlə tamamlanar. Sonra bu tərzdə olmaqla digər əməllər də hesabdan keçirilər.”
Qəza namazlarına gəlincə əgər namazınız müxtəlif səbəblərdən qəzaya qalınca birinci onu qılın. Məsələn hər hansı bir namazı yataraq və ya unudaraq qəzaya qoydunuzsa birinci onu qılın. Çünki o vacib, nafilə isə sünnətdir. Fəqət burada bir məsələ var bəzi adamlar on illər boyu namazdan ibadətdə kənarda olur. Sonra Allah ona hidayət verir və namaza başlayır. Belə halda onun keçmişdə qılmadığı namazlarını qəza etməsi bu gün üləmanın əksərinə görə gərək deyil. Çünki bu əsasən imkan xaricində olur. Belə şəxslər nafilələrini də rahatlıqla qılarlar. İnşallah ki, bu nafilələr Allahın dərgahında qılınmamış fərzləri əvəz edər.