Müəmmər Qəddafi kimdir?

Hərbi və siyasi xadim, qəddar ölkə başçısı, “Yaxın Şərqin dəli köpəyi”, “Afrika krallarının kralı”, “yaşıl sosializm” tərəfdarıdır.

2011-10-20 16:57:16
Hərbi və siyasi xadim, qəddar ölkə başçısı, “Yaxın Şərqin dəli köpəyi”, “Afrika krallarının kralı”, “yaşıl sosializm” tərəfdarıdır.

Müəmmər Qəddafi 1942-ci il iyun ayının 7-də Liviyanın Sirt şəhərinin 30 km cənubunda məskunlaşan əl-Qəddafa bədəvi qəbilələsinə mənsub ailədə anadan olub. Babası 1911-ci ildə italyan işğalçıları tərəfindən öldürülüb. Atası kimi yeni və məhsuldar torpaqlar axtarışında olan Müəmmər Sirt, Səbha və Misurat şəhərlərindəki məktəblərdə təhsil alır. Misirin sabiq prezidentlərindən olan Camal Əbdünnasiri özünə kumir seçən Müəmmər 1956-cı ildə baş verən Süveyş böhranı zamanı anti-İsrail əleyhinə aksiyalarda iştirak edir.
1959-cu ildə Qəddafi Səbha şəhərində qurucusu olduğu gizli “Azad Zabitlər Hərəkatı”nın fəallarından birinə çevrilir. 1961-ci ilin oktyabrında Suriyanın Birləşmiş Ərəb Respublikaları tərkibindən çıxmasından dolayı etiraz aksiyası təşkil edən Qəddafi bir neçə gün sonra Səbha internat-məktəbindən qovulur. Elə həmin il o, Misirdə olduğu kimi Liviyada da monarxiyanın devrilməsi üçün yaratdığı hərəkat çərçivəsində fəaliyyətə başlayır. 1961-ci ilin oktyabrında Qəddafinin təşkilatçılığı ilə ölkənin Səbha şəhərində keçirilən gənclərin Əlcəzair inqilabına dəstək xarakterli nümayişi qısa müddət ərzində kütləvi xarakter alan anti-monarxiya etiraz aksiyasına çevrilir.
1963-cü ildə orta təhsilini Misurat şəhərində başa vuran Qəddafi iki il sonra Benqazi şəhərindəki hərbi kolleci bitirərək, leytenant rütbəsinə yüksəlir. 1966-cı ildə isə o, İngiltərədə hərbi təlimlərdə iştirak etdikdən sonra kapitan rütbəsi ilə Liviyaya qayıdır. Ərəb dünyası onu ilk dəfə Liviya kralı I İdrisin göstərişi olmadan tabeçiliyindəki qoşun hissələrini 1967-ci il müharibəsində iştirak edən Misir prezidenti Camal Əbdünnasirə köməyə göndərdiyi zaman tanıyır.
1969-cu ildə üç dəfə martın 12-də, 14-də və avqustun 13-də Liviyada hərbi çevriliş etməyə cəhd göstərən Müəmmər Qəddafi “əl-Qüds” adlandırdığı planı müxtəlif səbəblərdən dolayı təxirə salmaq məcburiyyətində qalır. Elə həmin ilin sentyabr ayının 1-də isə kapitan Qəddafinin rəhbərlik etdiyi xüsusi hərbi briqada Benqazi, Tripoli və ölkənin digər şəhərlərində eyni vaxtda nümayişlərə başlayaraq, kral I İdris Türkiyədə müalicə almasından istifadə edərək, dövlət binalarını və hərbi obyektləri nəzarət altına alır. Çevrilişə rəhbərlik edən Qəddafi İnqilab Komandanlığı Şurasının yaradıldığını bəyan edir və ölkənin adı Liviya Ərəb Respublikası kimi dəyişdirilir.
1970-ci ilin yanvarında artıq polkovnik rütbəsi daşıyan Müəmmər Qəddafi ölkənin Baş və Müdafiə naziri, elədə də Liviya Hərbi Qüvvələrinin Baş komandanı seçilir. Bundan dərhal sonra isə ölkədəki bütün xarici hərbi kontingentin Liviyadan çıxarılması prosesi başlanır. Elə həmin ilin oktyabrında 20 min italyan Liviyadan qovulur və həmin gün “İntiqam günü” adlanır. “İntiqam günü” Liviyada öldürülən italiyalı əsgərlərin qəbirlərinin açılması ilə də yadda qalır. (2004-cü ilin oktyabrında İtaliyanın Baş naziri Silvio Berluskoni ilə görüşündə “İntiqam günü”nün “Dostluq günü” ilə əvəz ediləcəyini deyən Qəddafi vədinə əməl etməmiş, 2009-cu ildə isə İtaliyaya tarixi səfəri zamanı uzun illər əvvəl Liviyadan qovduğu italyanlarla görüşmüşdü).
1969-71-ci illərdə Qəddafinin göstərişi ilə ölkədə fəaliyyət göstərən banklar, daha sonra isə xarici neft şirkətləri milliləşdirilir. Qəddafinin hakimiyyətə gəldiyi zaman ilk təlimatlarlarından biri də təqvimin dəyişdirilərək, Məhəmməd peyğəmbərinin vəfat etdiyi ayın ilin başlanğıc ayı kimi qəbul edilməsi olur. Həmçinin, təqvimdəki ayların adları da yeni Baş nazirin göstərişi ilə dəyişdirilir.
1973-cü ilin aprel ayının 15-də Zuvar şəhərində çıxış edən Qəddafi 5 maddədən ibarət mədəni inqilabın həyata keçiriləcəyini bəyan edir:
- Monarxiya rejimində qüvvədə olan bütün qanunların ləğv edilərək, şəriətə əsaslanan qanunların qəbulu;
- Kommunizm və konservatizm repressiyası – siyasi sferada təmizlik (İnqilaba qarşı çıxan bütün qüvvələrin – kommunistlər, ateistlər, Müsəlman Qardaşlar, kapitalizmin müdafiəçiləri və qərb təbliğatını həyata keçirən casuslar) fəaliyyətinin ləğvi;
- İctimai müqavimətin inqilaba dəstək verməsi üçün insanlara silah paylanılması;
- Bürokratiyanın kökünün kəsilməsi üçün inzibati islahatların keçirilməsi;
- İslam ideyalarının yayılması.
Misirdə Camal Əbdünnasirdən sonra ABŞ və İsraillə dostluq əlaqələri quran Ənvər Sədatın hakimiyyətə gəlməsindən dolayı Qəddafi 1970-ci illərdə Liviyanın inkişaf planını yenidən nəzərdən keçirmək qərarına gəlir. O, ölkəsinin özünəməxsus inkişaf strategiyasını müəyyənləşdirərək, bu müddəaların öz əksini tapdığı kitabını “Yaşıl kitab” (Cəmahiriyyə) adlandırır.
İsrail-Fələstin münaqişəsinin həllində özünəməxsus ideya irəli sürən Qəddafi problemin həllinin “İzratin” adlandırılacaq vahid ərəb-yəhudi dövlətinin yaradılmasından keçdiyini bildirir. İzratinin müddəaları aşağıdakı kimi idi:
Fələstinli qaçqınların vətənlərinə geri qaytarılması işi həyata keçirilməli;
Livan modeli əsasında çoxmillətli dövlət yaradılmalı;
BMT-nin nəzarəti altında müstəqil seçkilər keçirilməli;
Yəhudi-Fələstin Birləşmiş Parlamenti yaradılmalı;
Yaxın Şərqdə bütün silahlar ləğv edilməlidir.
1974-cü ildə ABŞ-ın etirazlarına rəğmən Türkiyənin həyata keçirdiyi Şimali Kipr əməliyyatını dəstəkləmiş və yardım etmişdir.
1976-cı ilin ilk rübündə Misir, Tunis və Sudan Liviyanı ölkələrindəki müxalif dairələri maliyyələşdirməkdə ittiham edir. Həmin ilin iyulun 20-də isə Liviya ordusunun Misir tərəfinə ilk atəş açmasından sonra tərəflər arasında müharibə başlanır. Bununla belə Əlcəzairin və Fələstin Azadlıq Təşkilatının hadisələrə müdaxiləsindən sonra tərəflər arasında atəşkəs haqda razılıq əldə olunur.
Xarici siyasəti: Daxili siyasətdə İslam dininə əsaslanan sosializm və ərəb milllətçiliyi yolunu tutan Liviyanın xarici siyasi kursu əsasən bir sıra ərəb ölkələri və SSRİ ilə münasibətlərin qurulmasına köklənir. 1970-ci ildə Qəddafi tunisli həmkarı Həbib Burqibaya iki ölkənin birləşdirilməsini təklif etsə də sonuncu bu təklifi qəbul etmir.
1972-ci ildə isə Qəddafi müsəlmanları ABŞ-a və İngiltərəyə qarşı mübarizə aparmağa çağırır. O, Birləşmiş Ştatlarda qaradərililərin inqilab başladacaqları təqdirdə bu fəaliyyəti dəstəkləyəcəyini bəyan edir. 1973-cü ildə Misir və Liviyanın mərhələli şəkildə birləşdirilməsi prosesinə start verilsə də bu ideyanın ömrü çox olmur və bundan sonra iki ölkə arasındakı münasibətlər pisləşmə fonunda davam edir. Bir il sonra, 1974-cü ildə Liviya rəhbəri Qəddafi birləşmə cəhdlərini bu dəfə Tunislə birgə həyata keçirməyə cəhd etsə də, məsələ ilə bağlı referendumun keçirilməsi səyləri baş tutmur.
1978-ci ilin avqustunda Liviya rəhbərliyinin rəsmi dəvəti ilə bu ölkəyə gələn Livan şiələrinin ruhani lideri “Amal” hərəkatının yaradıcısı Musa əs-Sədr itkin düşür. Hadisədən 30 il keçdikdən sonra, 2008-ci ilin avqustunda Livan Musa əs-Sədrin Liviyada oğurlanmasına görə Qəddafini ittiham edərək, onun həbsini tələb edir. Qəddafi isə bütün bu illər ərzində ona qarşı irəli sürülən ittihamları rədd edərək, livanlı dini liderin oğurlanmasında əli olmadığını, belə ki, Musa əs-Sədrin Liviya ərazisini tərk edərək, İtaliya istiqamətində hərəkət edərkən itkin düşdüyünü iddia edir.
1979-cu ildə Liviya ABŞ-ın terroru dəstəkləyən ölkələr siyahısına daxil edilir. Bir neçə il sonra isə Birləşmiş Ştatlar Liviyanı 45 ölkənin daxili işlərinə müdaxilə etməkdə ittiham edir.
Müəmmər Qəddafi 1980-cı ilin sentyabr ayının 1-də Suriya prezidenti ilə görüşündə İsrailə qarşı daha effektiv mübarizə aparmaq məqsədilə birləşməyi təklif edir və 10 gün sonra tərəflər arasında bununla bağlı müqavilə imzalanır.
1981-ci ildə Misir və Sudan müttəfiqliyi tərəfindən təhlükə hiss edən Qəddafi həmin ilin avqustunda Efiopiya və Cənubi Yəmənlə Aralıq dənizində və Hind okeanında Qərbin, ilk növbədə isə ABŞ-ın maraqlarına qarşı fəaliyyət göstərmək üçün üçtərəfli ittifaq yaradır.
1983-cü ilin avqustunda isə Müəmmər Qəddafi Mərakeşə səfəri zamanı kral II Həsənlə Böyük Ərəb Məğribinin yaradılması üçün ilk addım hesab edilə biləcək müqaviləni – Liviya və Mərakeş arasında Ərəb-Afrika Federativ Razılaşmasını imzalayır. Hər iki ölkədə keçirilən referendumlarda xalq böyük səs çoxluğu ilə sözügedən müqaviləyə “hə” deyir. Lakin 1985-ci ildə Liviyanın İranla əməkdaşlıq barədə müqavilə imzalamasından sonra Qəddafi Mərakeş kralını İsrailin o vaxtkı Baş naziri Şimon Pereslə görüşdüyünə görə tənqid edir. Öz növbəsində kral II Həsən Liviya ilə imzalanmış müqaviləni 1986-cı ilin avqustunda ləğv edir.
1980-ci ildə Müəmmər Qəddafi fəaliyyətinin bir hissəsi hesab etdiyi Britaniya koloniyaçılığına qarşı mübarizə çərçivəsində İrlandiya İnqilabı Ordusunu silahla təchiz edir. İsrailə qarşı mübarizə çərçivəsində isə o, 1984-cü ildə Qırmızı dənizdə müəyyən əraziləri minalayır ki, nəticədə 18 gəmi bundan zərər çəkir.
1984-cü ildə İngiltərənin paytaxtı Londondakı Liviya səfirliyinin qarşısında Qəddafi əleyhinə etiraz aksiyası keçirənlərə səfirlik binasından açılan atəş nəticəsində polis ingilis polis qadın Yvon Fletçerin həyatını itirməsi iki ölkə arasındakı diplomatik münasibətlərin 10 ildən artıq müddətdə kəsilməsinə gətirib çıxarır.
Daxili siyasəti: Liviyada 1972-ci ildə qüvvəyə minən qanunla müxalifətin fəaliyyəti qadağan edilir və İtaliya, İngiltərə, Qərbi Almaniya Respublikasında, Yunanıstanda və ABŞ-da olan 15 liviyalı müxalifət lideri öldürülür. Ölkədə isə Qəddafiyə qarşı çıxan yüzlərlə müxalifət nümayəndəsi, avtomobil və aviaqəzalar, zəhərlənmə və digər müxtəlif “səbəblər”lə həyatlarını itirirlər. Kralın devrilməsi zamanı 8,5 min hərbi qüvvəsi olan Liviyada Qəddafinin hakimiyyətinin ilk altı ayında ordunun sayı 2 dəfə artırılır, 70-ci illərin sonunda isə bu rəqəm 76 minə çatdırılır. Qəddafinin hakimiyyətinin ilk on ili ölkədə qadınların ordu sıralarına cəlbi, eləcə də təhsil müəssisələrinin və şəhərlərin hərbiləşdirilməsi ilə yadda qalır. 1988-ci ildə isə Qəddafi özünün “xalqın silahlandırılması” konsepsiyasını həyata keçirməyə başlayır və bu çərçivədə minlərlə liviyalıya silah paylanılır. Bir il sonra, 1989-cu ildə Qəddafi orduda əsaslı islahatlar həyata keçirir. 1980-ci illərin sonunda iqtisadi baxımdan çətin dövrlərini yaşayan Liviyada Qəddafi vəziyyətdən çıxış üçün bir çox iri şirkətlərin milliləşdirilməsi barədə göstəriş verir. İslam prinsiplərinə söykənən yaşıl sosializm quruculuğuna başlanacağını bəyan edən Qəddafi Ərəb Birliyi üçün çalışacağını, müstəqil ölkələrlə birlikdə irqi ayrı-seçkiliyə və müstəmləkəçiliyə qarşı olacağını bildirir.
Qəddafi əməliyyatları: 1986-cı ildə Qərbi Almaniya Respublikasında amerikalı hərbçilərin olduğu “La Belle” diskotekasında baş verən partlayışda Liviya izinin aşkar edilməsindən dolayı Birləşmiş Ştatlar prezidenti Ronald Reyqan Qəddafini beynəlxalq terrorçuluqda ittiham edərək, onu “Yaxın Şərqin dəli köpəyi” adlandırır və Liviyanın Tripoli və Benqazi şəhərlərinin bombalanması barədə əmr verir. 1986-cı ilin aprel ayının 15-də sözügedən şəhərlərdəki hərbi obyektlərin bombardman edilməsi nəticəsində isə onlarla liviyalı həyatını itirir. Həmçinin, bombardmanlar nəticəsində Qəddafinin həyat yoldaşı və iki övladı yaralanır, övladlığa götürdüyü qızı isə həyatını itirir.
1988-ci il dekabr ayının 21-də London-Nyu-York reysi ilə hərəkət edən “Boinq-747” tipli sərnişin təyyarəsi Şotlandiyanın Lokerbi rayonunun üzərində ikən partladılır. Təyyarədə olan 270 nəfər sərnişinin həyatını itirdiyi partlayışla bağlı aparılan araşdırmalar nəticəsində terror aktının Liviyanın xüsusi xidmət orqanlarının iki əməkdaşı tərəfindən həyata keçirildiyi məlum olur.
1989-cu ilin 19 sentyabrında Niger səmasında Brazzavil-Paris reysi ilə hərəkət edən “DC-10” tipli sərnəşin təyyarəsi partladılır, 170 insan həyatını itirir. Araşdırmalar nəticəsində hadisənin Liviya xüsusi xidmət orqanları tərəfindən törədildiyi aşkar edilir. Aradan 10 il keçdikdən sonra, 1992-ci ildə BMT-nin Təhlükəsizlik Şurası Liviyaya qarşı tətbiq etdiyi sanksiyaları bir il sonra daha da ağırlaşdırır. Sanksiyalarda bu ölkəyə nəqliyyat, neft və neft emalı məhsullarını satışı qadağan olunmaqla yanaşı, Liviyanın ölkə xaricində olan əmlakı müsadirə edilir.
1999-cu ildə Liviya hökumətinin sözügedən terror aktında ölənlərin ailələrinə ümumilikdə 31 milyon ABŞ dolları məbləğində vəsait ödəməsinə baxmayaraq, Qəddafi sözügedən hadisədə əli olmadığını iddia edir.
Müəmmər Qəddafi 1995-ci ildə Fələstin Azadlıq Təşkilatının İsraillə Norveçin Oslo şəhərində müqavilə bağlamasından sonra ölkəsində çalışan 30 min fələstinlini Liviyadan qovur. Bununla kifayətlənməyən Qəddafi ərəb ölkələrinin liderlərinə müraciət edərək, onları da eyni addımı atmağa çağırır.
ABŞ administrasiyasının 2002-ci ildə Liviyanı “şər zonası” siyahısına daxil etdikdən bir il sonra Liviya Lokerbi səmasında törədilən avia-terrorda ölkə rəsmilərindən bir neçəsinin əli olduğunu etiraf edir. Etirafdan sonra BMT Liviyaya qarşı tətbiq edilən sanksiyaların ləğvi barədə qərar qəbul edir.
Sui-qəsdlər: 1975-ci ilin iyununda keçirilən hərbi parad zamanı Müəmmər Qəddafinin olduğu tribuna silah atəşinə tutulsa da, Liviya prezidentinə qarşı törədilən bu sui-qəsd uğursuzluqla nəticələnir.
1989-cu ildə Suriya prezidenti Hafiz Əsədin Liviyaya səfəri zamanı polkovnik Qəddafiyə qarşı bıçaqlı hücum təşkil olunsa da, məqsədə nail olunmur.
1996-cı ildə Liviyanın Sirt şəhərində Qəddafinin kortejinin keçdiyi küçədə avtomobil partladılır, ancaq Qəddafi bu sui-qəsddən də yara almadan qurtulur. Daha sonra isə sözügedən sui-qəsdin İngiltərənin xüsusi xidmət orqanı “Mİ-6” tərəfindən törədildiyi məlum olur.
1998-ci ildə Liviya-Misir sərhədində naməlum şəxslərin Müəmmər Qəddafini silah atəşinə tutması zamanı prezidentin Təhlükəsizlik Xidmətinin rəisi Aişə adlı qadın bədəni ilə Qəddafini qoruduğu zaman həyatını itirir, daha 6 nəfər mühafizəçi isə yaralanır. Qəddafinin isə yüngül yaralanır.
Liviyaya qarşı tətbiq edilən sanksiyaların ləğvindən sonra Qəddafinin Qərblə açıq şəkildə konfrontasiyaya getməməsi ölkədə iqtisadi sferada bir qədər liberallaşma ilə müşayiət olunur. Belə ki, bir sıra şirkətlərin bu ölkədə fəaliyyətinə şərait yaradılır, müqavilələr bağlanır. İqtisadi sahə ilə yanaşı, siyasi baxımdan da bir sıra azadlıqların “tətbiqi” Müəmmər Qəddafiyə hakimiyyətdə qalmağa imkan verir. 2003-cü ildə isə Qəddafi ölkəsinin yeni kursunu – milli kapitalizmə keçidini bəyan edir. Bundan sonra isə neft və bəzi sənaye sahələrinin özəlləşdirilməsi həyata keçirilir. 2003-cü il dekabr ayının 19-da Liviya hər cür kütləvi qırğın silahlarının istehsalından imtina haqqında müqaviləyə qoşulur. 2004-cü ilin aprelində ABŞ bu ölkəyə qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların mərhələli ləğvinin başlandığını elan edir. Liviya 2001-2005-ci illərdə illik ən az inflyasiya həddinə (2001-2005 – 3,1%) görə Ginnesin Rekordlar kitabına düşür.
2008-ci ilin avqustunda 200-dən çox afrikalı kral, sultan, əmir və şeyxin iştirakı ilə keçirilən toplantıda “Afrika krallarının kralı” seçilən Müəmmər Qəddafi bir il sonra Afrika Birliyinin yeni sədri vəzifəsinə layiq görülür. Sözügedən quruma sədr seçilən Qəddafi yürütdüyü ərəb millətçiliyi xarici siyasət kursunu davam etdirəcəyini bildirir.
2009-cu ildə Liviya prezidenti BMT-nin Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a səfər edir. Assambleyada Qəddafinin çıxışı üçün 15 dəqiqə vaxtın ayrılmasına rəğmən, Liviya lideri sözügedən toplantıda 90 dəqiqə çıxış edir. Qəddafi çıxışına: “Oğlum Obama belə bunun tarixi toplantı olduğunu bildirmişdir”, - sözləri ilə başlayır. Həmçinin, Qəddafi çıxışında İngiltərənin o vaxtkı Baş naziri Toni Bleyer və ABŞ-ın sabiq prezidenti Corc Buşun İraq lideri Səddam Hüseynin edamında şəxsən iştirak etdiklərini iddia edir, eləcə də ABŞ-ın sabiq prezidenti Con Kennedinin və Martin Lüter Kinqin ölümlərinin araşdırılmasını, Barak Obamanın Birləşmiş Ştatların ömürlük prezidenti olmasını təklif edir.
Ailəsi: 1969-cu ilin dekabr ayının 25-də Müəmmər Qəddafi Fəthiyə Nuri Xalidlə evlənir. Sonralar boşanma ilə nəticələnəcək bu cütlükdən onun oğlu Məhəmməd dünyaya gəlir. Qəddafi ikinci dəfə 1970-ci ildə Səfiyyə Fərkaş ilə evlənir və bu izdivacdan onun 6 oğlu və 1 qızı dünyaya gəlir.
Maraqlı faktlar:
Qəddafi ingilis dramaturqu Uilyam Şekspirin ərəb əsilli olduğunu bildirmiş və onun öz vətənində Şeyx Zübeyr adlandığını söyləmişdir.
2001-ci ilin aprelində Liviya lideri afrikalıları bütün ağdərililəri qitədən qovub çıxarmağa və onlardan törətdikləri soyqırımına görə kompensasiya tələb etməyə çağırmışdır.
2006-cı ildə Müəmmər Qəddafi Liviyanı “Koka-Kola”nın vətəni elan etmişdir.
2009-cu ilin oktyabrında Müəmmər Qəddafi ölkə parlamenti hesab edilən Milli Konqresə müraciət edərək, oğlu Seyfulislamın işlə təmin edilməsini istəmişdir.
2009-cu ildə İtaliyaya səfəri çərçivəsində italyan qızlarla görüşən Qəddafi xristianlığın fırıldaqçılıq üzərində qurulduğunu bildirmişdir.
M. Qəddafi 40 qadından ibarət “Amazon Birliyi” adlı xüsusi təhlükəsizlik xidməti tərəfindən mühafizə olunur. Bütün üzvləri bakirə qadınlar olan bu birliyin əməkdaşlarını Qəddafi şəxsən seçir.
Liviya prezidenti istər ölkəsində, istərsə də ölkə xaricinə səfərləri zamanı olduqca lüks şəraitli bədəvi çadırında qalır.
2011-ci ilin fevalında Liviyada Qəddafinin istefasını tələb edən xalq kütləvi etiraz aksiyaları həyata keçirir. Buna cavab olaraq Qəddafi digər Afrika ölkələrindən gətirdiyi muzdlu əsgərlərə qarşılarına çıxan hər bir liviyalını qətlə yetirmək göstərişi verir...


20 sentyabr 2011 ci  ildə müəmmər Qəzzafi  Liviya  müxalifəti  tərəfindən öldürüldü