Ana dilində namaz

Nə üçün namazı ana dilində qılmaq olmaz?

2011-01-11 14:55:52
Namaz dil, bədən və qəlbin sintezindən ibarət olan mürəkkəb və mühüm bir ibadət növüdür. Namazda dilin payına düşənlərin böyük hissəsini Allahın kitabı - Quran təşkil edir. Qalan hissəsini təşkil edən dua və zikrlər də əsasən, Quran kəlmələrindən ibarətdir.  İndi sizin dediyinizi (namazın başqa dildə qılınmasını) nəzərə alsaq, Allah kəlamından başqa bir şeyi Allah kəlamına tərcih edilmiş olur. Çünki Allah kəlamı Cəbrail  tərəfindən olduğu kimi Məhəmməd peyğəmbərin (s) qəlbinə yerləşdirilmiş, o da öz növbəsində mübarək dili ilə oxuduğu, bu gün əlimizdəki iki qapaq arasındakı 114 surədən ibarət olan Qurandır. Quranın tərcüməsi isə artıq Allah kəlamı deyildir. Bu səbəbdən “azərbaycan, türk, rus, fars dilində Quran” demək doğru deyil. Quran adlanan kitab Allah tərəfindən göndərilən kitabın adıdır. Hətta Qurandakı bir ayədəki sözlərin yeri dəyişdirilərsə belə, artıq bu Quran adlandırılmaz. Qaldı ki, göndərilən sözləri tamamən başqa sözlərlə əvəz etmək. Allah belə bir şeylər göndərməyib, Cəbrayıl  belə bir şey gətirməyib, Allah rəsulu (s) belə bir şey təbliğ etməyib. Quran müqəddəsdir, onun nəinki ayələri, həm də hər hərfi, hər səsi müqəddəsdir. Onun hər hərfi qulaqlara, gözlərə, ağıllara, qəlbə, dilə şəfa və nurdur. Yer üzündə Allahın kəlamından qiymətli, əziz heç bir şey yoxdur. Rəsulullahın (s) dili ilə desək: “Allah kəlamının digər kəlamlara üstünlüyü, Allahın məxluqata olan üstünlüyü kimidir”
Quranın təsirindən namazda istifadə edilməyib də, namazdan daha uyğun yerdəmi istifadə ediləcək?! Adəm oğlu üçün bu dünyada Rəbbinə yaxınlaşacaq ən şərəfli anının namazdan başqası düşünülməz. Rəbbimizlə aramızdakı ən həyəcanlı, ən şərəfli, ən xoşbəxt anlarımızda (namazda) Allahın kitabını oxumaqla əldə edəcək nemətdənmi bizi məhrum etmək istəyirlər?!
Yenə başqa yerdə tərcümə oxumasın istəsəydilər, dərd yarı olardı. Namaz isə fərqlidir. Namaz Allah tərəfindən tərtib edilmiş kamilliyi, dərinliyi, fəziləti, faydası baxımından digər ibadətlərdən müqayisə edilməyəcək qədər fərqlənən Allahın qullarına bəxş etdiyi xüsusi bir ibadət növüdür. Bir tək namazın xaricindəki 7 (bədənin, paltarın, qılınan yerin təmizliyi, vaxtın girməsi, həya yerinin örtünməsi, qibləyə dönülməsi, niyyət edilməsi) şərtin olması artıq çox şeydən xəbər verir.
Əslində Quranın rəqabət və müqayisə edilməyəcək dərəcədə üstünlüklərinə rəğmən,   bəşər kəlamının ona tərcih edilməsinin özü Quranın bir möcüzə olmasını göstərir.
“...Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla  görməzlər. Onların qulaqları vardır, lakin onunla  eşitməzlər...” (əl-Əraf, 179)
Bir insanın gözünün, qulağının, qəlbinin olmasına rəğmən, görüb, eşidib, duymaqdan məhrum olması buna dəlalət edir.
Bu gün namazın başqa dildə qılınması fikrini insanların beyninə yeritmək istəyənlər var. Halbuki Rəsulullah (s) namazı ərəb dilində qılmışdır.
“Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir.” (əl-Həşr 7)
“Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur. Kim üz döndərsə (qoy döndərsin)! Biz ki, səni onların üzərində gözətçi olaraq göndərməmişik.” (ən-Nisa, 79-80)
Allahın əmrinə boyun əyərək Peyğəmbərə (s) tabe olan onun əhli beyti, səhabələri və sonrakı nəsillər namazı ərəb dilində qılmışlar. Sonralar əsirlər boyunca ərəb dilində bilib-bilməməyindən, ərəb-qeyri ərəb olmasından, yaşadığı zaman və məkandan asılı olmayaraq başda xalq arasında öz elmi, ədaləti, sədaqəti ilə şöhrət tapıb müsəlmanların hörmət, rəğbət, etibarını qazanmış imamlar, şeyxlər, müctəhidlər, alimlər; həmçinin görkəmli tarixi şəxsiyyətlər olanlar, hərbi komandanlar, siyasi rəhbərlər olmaqla bütün müsəlmanlar eyni yolu izləmişlər. Bu məsələdə ümmət həmfikir olmuşdur (ittifaq etmişdir). Həmfikir olmaqla bərabər praktik olaraq da tarix boyunca bu ümmət kütləvi və fərdi şəkildə 17 rükətdən ibarət beş vaxt namazını üzü Kəbəyə doğru, ərəb dilində qılmışdır. Rəsulullahın (s) buyurduğu kimi: “Ümmətim zəlalət üzrə bir araya gəlməz. Elə isə bir ixtilaf gördükdə siz çoxluğa meyl edin.” (İbn Macə 3950)
“Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərin tutduğu yoldan qeyrisinə uyarsa, onun istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir.” (ən-Nisa, 115)
Görəsən, bu ümmətin (Allahın rəhməti və bərəkəti üzərinə olsun!) 14 əsr boyunca tutduğu haqq yoldan fərqli yol tutmağa vadar edən nədir? Bunun kökündə nələr durur, bu oyunların arxasında nələr gizlənir?
Hər bir təxribat, fitnədə olduğu kimi, bu fitnənin də kökündə nəfsi arzular durur. Milyardlarla insanın 14 əsr ərzində bilmədiyi bir şeyi bildiyini zənn etməklə digərlərindən daha ağıllı, daha üstün sayması əlbəttə ki nəfsin həris arzularındandır. Böyüklük, üstünlük iddiasının fərqlənmək, ayrı bir şey olmaq istəyini doğurması təbiidir. Tarixdə və bu gün yalançı, saxta peyğəmbərlərin, mehdilərin çıxışı da bu iddiadan doğan şeylərdir. Quran, hər şeydən xəbər verən Allah insan nəfsi və onun mahiyyətinə də geniş yer ayrımşdır. Biz burda bunu təhlil etməyəcəyik. Sadəcə Quranda İblis və İsrail oğullarının timsalında nəfsin təkəbbürlük, özünü bəyənmə, həsəd paxıllıq, yersiz təəssübkeşliyin insanı hara qədər apardığına işarət etməklə yetinəcəyik. (Bax: əl-Bəqərə, 41-44, 109, 120, 146; Ali İmran, 119, 120; əl-Əraf, 11-17; əl-Hicr, 28-43; əl-İsra, 61,62; Sad, 71-85)
Namazı hamıdan fərqli olaraq öz dilində qılmaq ideyasına aldanaraq bununla Allaha gözəl şəkildə ibadət edəcəyinə inanan zümrəyə gəldikdə, bunların da bu qəflətdən oyanması gərəkdir. Onlar iki şeyi bilməlidirlər. Əvvəla, Allah iman və təslimiyyəti (dinin praktik yaşantısı) Özünün qoyduğu şərtlərə uyğun gələrsə, qəbul edəcək.
“Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!” (Ali İmran,  85)
Digər tərəfdən, Allah yalnız xalis olub digər şeylərin qarışmadığı iman və əməli qəbul edəcək. Həm Allah üçün, həm də təkəbbürlük, şan-şöhrət kimi mənfəətlər, seçilmək üçün çoxluğun tutduğu yol tutmaq; bütün bunlar iman və əməli xalislikdən çıxardar. Allahın layiq olduğu iman və əməl bundan çox-çox ucadır.
Hər bir “peyğəmbərlik” vasitəsi ilə özünə karyera etmək, tarixə düşmək, şan-şöhrət, qadın, maddi mənfəət istəyən səfehlər öz küfr, zəlalətlini yaya bilmək üçün ilk addım olaraq buna ən böyük əngəl olan Hz. Məhəmmədin (s) sünnətini inkar etməklə başlayırlar. Tarixdəki bütün yalançı peyğəmbərlər və mehdilərin tarixinə nəzər salsaq, onların arasında əvvəllər sünnətə tabe olduqları halda, sonralar öz iddiasını yaya bilmək üçün ilk olaraq sünnəti inkar etməsi kimi ortaq özəlliyi görmək mümkündür. Təbii ki, hər bir yalançı peyğəmbər özünü həqiqi peyğəmbərlərə bənzədərək yeni bir şeylər ortaya qoymaq istəyər. Bunlardan kimi də fərqli namaz şəklini təbliğ edər.
 
Bu gün bəziləri namazı Quranın tərcüməsi ilə qılmağı təklif edir, sünnəti inkar edir,  Qurana kefi istədiyi mənanı verir, din adına ağlına gələn şeylər danışır; bu sayıqlamalarla da özünü dahi sayaraq bu vaxta qədər hamının qafil qaldığı məsələləri kəşf etdiyini sanırlar. Bunların halı böyüklər arasındakı bir uşağın misalına bənzər: Belə ki böyüklər böyük və ciddi məsələləri müzakirə edir və uşağa da heç kim fikir vermir. Uşaq isə kimə yaxınlaşırsa, hər kəs: “hə! hə!..” deyərək onu başından edib öz böyük söhbətinə davam edir. Nəhayət uşaq bezib əynindən paltarlarını çıxarıb tullamaqla özünə diqqəti cəlb etməyə çalışır. Yəni, “Mən də varam!”
Namazın başqa dildə qılınmasını irəli sürən digər bir zümrə daha var ki, bunlar bəhs etdiyimiz zəlalət əhlindən fərqli olaraq daha təhlükəlidirlər. Bunların etdiyi düşünülmüş məqsədli bir təxribatdır. Bu insanlar özlərini vətənpərvər millətçi, millətin dərdini çəkən “qəhrəmanlar” kimi qələmə verməyə çalışırlar. Əslində isə bunların niyyətləri millətin qayğısına qalmanın tam ziddi olan millətin hüzurunu pozmaqdır. Bunlar millətin arasına nifaq toxumu səpməklə onu öz arasında parçalamaq istəyirlər. Bundan başqa bir də 15 əsirlik dünya müsəlmanlarını birləşdirən dinin sabit vahid qaydaları dəyişməklə Azərbaycan müsəlmanlarını dünya müsəlmanlarından ayırmaq arzusundadırlar. Bunların ən böyük arzusu əsirlər boyu formalaşmış müsəlmanların birlik və bərabərliyini saxlayan dinin əsas sabit qaydalarını sarsıtmaqla, ümumiyyətlə dini əsil kökündən ayırıb uzaqlaşdırmaqdır. Bu isə əsil ilahi dini - İslamı yox edib, yerinə təhrif olunmuş bir din gətirmək deməkdir. Millətçilik şüarları isə bu yolda istifadə edilən bir pərdədən başqa bir şey deyil.
Bütün bunlar əslində boş bir xəyaldan ibarət utopik fikirlərdən başqa bir şey deyil. Bunu onlar özləri də anlayır. Məsələ ondadır ki, bununla onlar İslam və millətin düşməni olan sifarişçi havadarlarının  rizasını qazanmağa çalışır, onlara olan sədaqətini nümayiş etdirirlər. Hər nə qədər onlar bunun istədikləri kimi baş tutmayacağını bilsələr də, öz ağalarına “iş gördüyünü” nümayiş etdirməyə çalışırlar. Müsəlmanlar Allahı razı salmaq üçün çalışdıqları kimi, bunlar da öz ilahiləşdirmiş ağalarını razı salmağa çalışırlar.
Vaxt ilə XX-ci əsrin əvvəllərində Türkiyədə eyni fikri (namazın, azanın türk dilində olması fikri) türk xalqına da qəbul elətdirmək istəmişlər. Türklərin öz dilinə, kökünə, millətinə, vətəninə, dövlətinə bağlılığı hər kəsə məlumdur. Bütün bunlara rəğmən “millətçilik, vətənpərvərlik, milli qürur, türklərin ən üstün irq olması” şüarları altında gətirilmiş bu “təklif” türk xalq tərəfindən rədd edildi. Bir müddət süni şəkildə tətbiq edilən azan və namazlar qısa bir zamanda iflasa uğrayaraq tarixin zibilliyinə tullanıldı.
Bəziləri: “ərəb dilində olan Quran və sünnədən mütəşəkkil olan İslam dini ərəbləri birləşdirməklə onlar dünyaya hakim qılmaq məqsədi güdən siyasi bir “ideyadır” deməkdədir. Əgər bu, belə olsa idi, ərəblərin qılıncının qüvvədən düşməsi ilə bu “ideya” nəyə görə iflasa uğramadı? Nəyə görə bu “ideya” Çingiz xanın “Yasası”, Karl Marksın “Kapitalı”, Leninin “sosializmi” kimi iflasa uğramış ideyaların aqibətini bölüşmədi?  Nəyə görə bütün müsəlman ölkələrindəki ziyarətgahların olmasına rəğmən, Kəbə öz mərkəz qüvvəsini itirmədi? Nəyə görə hər millətin dilinin olmasına rəğmən Quran, namaz, azan bütün İslam dünyasında ərəb dilində oxunmaqdadır? Bu bir ərəbin gətirdiyi ideya deyil, bu Allahın dinidir. Bu din Allah tərəfindən vəd edildiyi kimi qorunur.
“Şübhəsiz ki, Zikri  Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!" (əl-Hicr, 9) 
Bəşəriyyət XXI-ci əsrdədir. Bu gün istər buddizmin, hinduizmin, istər əsil səmavi dinlər olan yəhudilik və xristianlığın məhdud din xadimləri tərəfindən yaşanmasının tam ziddinə İslam dini həm inkişafın zirvəsinə çatmış Qərbdə, həm ənənəvi Şərqdə, həm səfalət içindəki Afrikada öz həyatını İslamsız təsəvvür etməyən kütlələr tərəfindən yaşanmaqdadır. İslam dini dinin ana sütunu  adlanan təməllərinin saxlanması şərti ilə hər zaman və məkana uyğunlaşaraq bütün bəşəriyyətə rəhbər ola biləcəyinə qadir olmasını sübut etmişdir. Bu dinin təməl əsaslarından biri namaz və onunla bağlı bəzi məsələlərdir. Kişilərin imam olması, azanın dəyişikliksiz olaraq ərəb dilində verilməsi, qiblənin Kəbə olması, 17 rükətdən ibarət namazın 5 vaxt olması, namazda Quranın (Fatihə surəsinin) oxunması, qadınların hər yerdə, o cümlədən də namazda üz və biləklər xaric bütün bədəninin örtünməsi və sair məsələlər dinin (namazın) sabit təməllərindəndir. Əgər diqqət yetirilsə, din alimləri kimi özlərini təqdim edən bəzi münafiqlərin hədəf götürdüyü dinin ana sütunları, onun şüarlarıdır. Bunu dağıtmaqla İslama zərbə vurmaq, onu yerindən sarsıtmağı qəsd edirlər. Buna görə müsəlmanlar çox diqqətli olmalı, addım atanda kimin dəyirmanına su tökdüyünü, kimin oyununa girdiyinə diqqət yetirməlidirlər.
“Onlar Allahın nurunu (islam dinini) öz ağızları (öz iftiraları, təbliğatları, sözləri) ilə söndürmək istəyirlər. Allah isə - kafirlərin xoşuna gəlməsə də, öz nurunu (dinini) tamamlayacaqdır.
Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət (Quran) və haqq dinlə göndərən Odur!” (əs-Saff ,8,9)
Yuxarıda qeyd etdiyimiz fırıldaqçılar, səfehlər, iki üzlülər (münafiqlər)  zümrələrindən başqa namazın öz dilində qılınması tərəfdarı olan daha bir zümrə vardır. Bunlar bir mənfəət güdməyən, yalançı da olmayan və yalançı fırıldaqçıların fitnəsinə aldanmış insanlardır. Bu insanlar bununla Allaha gözəl ibadət edəcəyini zənn edirlər.
Bunların qəlbinə şübhə toxumlarının yayılmasına səbəb namazın öz dilində qılınması fikrini irəli sürən fitnəkarların gətirdiyi bəzi üzdən iraq “əsaslarıdır”. Biz burda kiməsə cavab vermək, kimisə susdurmaq, kiməsə rəddiyə yazmaq niyyətində deyilik. Bunun onlara bir fayda verəcəyini də sanmırıq. Çünki yuxarıda da toxunduğumuz kimi onların bu fitnəni salmaqdakı səbəb zəlalətə düşmələri deyil, məqsədli bir işdir. Bu məsələlərə açıqlıq gətirməkdən məqsəd onların tələsinə düşmüş haqqı axtaranların qəlbindən şübhə toxumlarının çıxarılmasına yardım etməkdir.  
Namazın öz dilində qılınması üçün gətirilən bəhanələr aşağıdakılardır:
1. Namazda oxunan sözlərin ərəb dilində olduğu üçün mənasının bilinmir. Bu da namazda fikri cəmləşdirə bilməmək və fikrin yayınmasına səbəb olur.
Cavab. Bu məsələ qəlbdəki xuşu deyilən hala aiddir. Namazdakı qəlbin bu halı Allah qarşısında duyduğu qorxu və həyəcan halıdır ki, bu da ağla və bədənə sirayət edir. Onu da qeyd edək ki, ibadətin bu yüksək dərəcəsinə tam və davamlı şəkildə kimsə nail ola bilməyib, əldə edilən nailiyyət nisbi olmuşdur. Səhabələr daxil olmaqla bütün böyük şəxsiyyətlər bunu açıqca etiraf edib, bu haldan şikayət etmişlər. Bunu dili bilməməklə əlaqələndirmək obyektivlikdən uzaq bir iddiadır. İstər dediklərini anlayan, ərəb dilini bilən biri olsun, istər anlamayan fərq etməz. Neçə-neçə dediyi sözlərin mənasını bildiyi halda, namazda kiminləsə mübahisə etməkdən tutmuş, pul saymağa qədər düşünmədiyi qəlbinin məşğul olmadığı şeylər qalmır. Əksinə nə qədər sözlərin mənasını bilməyən savadsızlar, avamlar ancaq saf, səmimi insanlar var ki, namazda kimin qarşısında durduğunun fərqində olub qəlbi ürpəşir, bədəni titrəyir, gözləri yaşarır. Həm də namaz yalnız dil ilə oxunanlardan ibarət deyil ki. İnsan namaza “açılış (İftitah) təkbiri” ilə (əlləri qaldıraraq “Allahu əkbər” demək) daxil olur. Buna həmçinin “haram edən” (təhrim) təkbiri də deyilir. İnsan namaza daxil olmaqla yemək, danışmaq, sağa-sola baxmaq, ümumiyyətlə namazdan başqa bir işlə məşğul olmağı özünə haram edir. Bu, zahiri vücuduna aid olanlarla bərabər, bir də zehninin fikrinin qəlbinin də namazdan başqa hər hansı bir şeylə məşğul olmasını haram edir. Bunun fərqində olaraq namaza daxil olmaq bir aləmdən başqa bir aləmə daxil olmaq deməkdir. Bu artıq namazda xüsusi hal yaşamağa yetərlidir. Qaldı ki hələ namazdakı qiyam, rüku, səcdə kimi bəzi hərəkətlər.    
Xüşunun əldə edilmə yolu iman, təqva, çoxlu ibadət və Allah sevgisindən keçir. Allah bir insanı sevərsə, onun görən gözü, eşidən qulağı, gəzən ayağı olar. (Hədis. Səhih Müslim). Allahın sevgisi isə Onun rəsuluna itaətdən keçər.
“(Ya Rəsulum!) De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!" (Ali İmran,  31)
Bütün bunları nəzərə alaraq deyirik ki, bu gətirilən bəhanə əsassızdır. İstəyən ərəb dilində namaz qılan bir ərəbdən soruşa bilər. Və ya öz dilində (məs. Azərbaycan) qılan birindən soruşa bilər. Sənin qəlbin dünyaya meyl etdikdən sonra, sənin söylədiklərini bilib-bilməməyin nəyi dəyişəcək? Qəlblərin titrəməsi, tüklərin ürpəşməsi dil bilməklə deyil, həqiqi iman, Allah qorxusu, itaət, təslim olmaqla əldə edilir.
“*...Sizin ilahınız yalnız bir olan Allahdır. Yalnız Ona təslim olub itaət edin. Sən də itaət edənlərə (təvazökar olanlara Cənnətlə) müjdə ver!
*O kəslər ki, Allahın adı çəkiləndə qəlbləri (qorxudan) titrəyər, üz verən müsibətlərə səbir edər, namaz qılar və onlara verdiyimiz ruzidən (ehtiyacı olanlara) sərf edərlər.” (əl-Həcc, 34-35)
“Allah sözün ən gözəlini (Quranı, ayələri) bir-birinə bənzər, təkrarlanan bir kitab şəklində nazil etdi. Rəbbindən qorxanların ondan tükləri biz-biz olar. Allahın zikrindən sonra ürəkləri yerinə gəlib qorxuları gedər. Bu (Quran) Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldər. Allahın yoldan çıxartdığı kimsəyə isə heç bir yol göstərən olmaz!” (əz-Zumər, 23)
Yalnız Quranın özü oxunduqda onun həzin təravəti qəlblərə təsiri edir. Oxunanları başa düşüb-düşməməkdən asılı olmayaraq Quran kəlmələri dinləndikdə insan bu hissləri keçirir. Tərcüməni oxuduqda yox!
2. Allah Quranı öyrənmək onun ayələri üzərində düşünmək, ibrət alıb nəticə çıxarmağı əmr edir. Bu isə yalnız Quranı başa düşməklə mümkündür.
Cavab. Bu iddia mahiyyət etibarı ilə doğrudur. Quran öyrənilməli, təhlil edilməli, üzərində təfəkkür edilməli, onun ayələrindən dərs və ibrətlər çıxarılmalıdır. Peyğəmbərin (s) səhabələri bir surəni aylarla oxuyub bitirə bilmirdilər.
Müəyyən ilkin dini məlumata sahib olduqdan sonra Quranı oxuyub ondan faydalanmaq mümkündür. Burada artıq dil problemi özünü göstərir. Bu problem Quranın tərcüməsinə müraciət etməklə öz həllini tapır. Sözsüz ki, biz Quranın mənasını bilmək üçün onu hər tərəfli öyrənməliyik. O cümlədən də tərcümələrdən. Hər nə qədər buna Allah kəlamı, Quran deyilsə də, onu oxumaq Allaha yaxınlaşmaq, Onun məktubundan xəbərdar olub həyatda tətbiq etməyi öyrənmək yolunda bir vasitədir.
Quranın tərcüməsi oxumaq digər dini kitabları oxumaq kimi dini elm öyrənmək olan ibadət növünə aiddir və inşallah, savabı da var. Quran oxumaq isə oruc, namaz, zəkat, həcc kimi xüsusi ibadət növlərindən sayılır. Namaz da özünə məxsus bir ibadət növüdür. Bunu demək olar ki, nəticədə üç ayrı-ayrı müstəqil ibadət növü ortaya çıxır.
a) Namaz
b) Quran oxumaq
c) Quranın tərcüməsini oxumaq
Yuxarıda qeyd etdiyimiz kimi,  “Allah Quranı öyrənmək onun ayələri üzərində düşünmək, ibrət alıb nəticə çıxarmağı əmr edir. Bu isə yalnız Quranı başa düşməklə mümkündür” iddiası mahiyyət baxımından doğrudur. Amma bir şey anlaya bilmirik: bunun namazla (namazda Quran oxumaqla) nə əlaqəsi var. Təəccüb doğuran odur ki, bu cür dəlil təşkil etməkdən uzaq olan məsələyə demək olar ki, aidiyatı olmayan bir şüara insanlar necə olur ki, aldanırlar? Quranın tərcüməsini oxumaq Quranın içindəki bilgi və hökmləri öyrənmək üçün bir vasitə olub elm öyrənmək növündən olan bir ibadətdir. Namaz isə xüsusi zamanlarda, xüsusi hərəkət və hər hərəkətə xas müəyyən zikr Quran qiraətindən ibarət xüsusi qayda və şərtləri olan bənzəri olmayan bir ibadətdir. Namaz nə elm öyrənmə məclisi, nə də Allahın elm üçün ayırdığı bir vaxt və ibadət növüdür. Müstəqil ibadət növündən olan Quran oxunuşu bəzən müstəqil ibadət olduğu kimi, bəzən də namazın bir hissəsi (rüknü) olur. Namazdakı Quran oxunuşu ibadət növündən olub başqa şeylə (tərcümə ilə) əvəz edilməsi halında namazın vacib olan bir hissəsi ləğv edilmiş olur. Sabah biri də qalxıb namazda hədis oxunmasını söyləyəcək, digəri Peyğəmbərin (s) həyatını, üçüncüsü başqa bir şey. Əgər hərə bir söz desə və bu deyilənlər qəbul edilsə, onda nə namazdan nə də dindən əsər-əlamət qalmaz ki. Bu iddianı atanlardan bəzilərinin məqsədi də elə budur.
On beş əsirlik şanlı tarixə sahib, dünyanın üçdə birini təşkil edən İslam ümmətinin əlində Allahın göndərdiyi bir peyğəmbərin namazı kimi içində Allah kəlamı olan misilsiz bir xəzinə olduğu halda, daha dəyərsiz başqa şeylərə nə ehtiyac var?   
3. Hər şeydə örnək olan Avropa (Xristianlar) İncili öz dillərinə tərcümə edib ingilis dilində incil, fransız dilində incil, alman dilində incil və sair dillərdə incillər yaradıblar. Biz də digər məsələlərdə onları təqlid etdiyimiz kimi bu məsələdə də təqlid etməliyik. Yəni, bizim də öz ana dilində Quranımız olmalıdır.
Cavab. Əvvəla İncilin nə vaxtı kim tərəfindən hansı şərtlərlə yazıldığını öyrənib sonra İncili Quranla müqayisə edib bu cür iddia ilə çıxış etməyi məsləhət görərdik. İnsanların yazdığı bir İncili Quranla necə müqayisə etmək olar. İncili əzbərdən bilməyən insanların (həvarilərin) İsa peyğəmbərin yüksəldilməsindən otuz il (bəzi rəvayətlərə görə) sonra Avropada yazdığı az imişkən, hələ onu bu orijinaldan da ayıraraq hərə öz dilində yazmışdır. Nəticədə ilahi vəhy olan İncildən bəzi yerlərin məna olaraq qalması müstəsna əsər əlamət qalmadı. Yoxsa bunu iddia edənlər Quranın da İncilin aqibətini paylaşmasını istəyirlər?
Bir daha təkrar edirik: Quranın tərcüməsini oxumağı heç kəs qadağan etmir, əksinə bu işə təşviq edilir. Amma Quranı yox edib onun yerinə başqa bir şey gətirmək yol verilməzdir. Burada yenə Qurana düşmən olanların onu hədəf götürmələri açıq-aşkar üzə çıxır. Əldə Quranın tərcüməsi olduğu halda, onun oxunmasına heç bir əngəl qoyulmadığı halda, bu gün yer üzündə ən qiymətli dəyər olan aləmlərin rəbbinin yeganə kəlamı Quranı yox etməkdə məqsəd nədir?     
4. Ərəb dili yad və çətin dil olduğu üçün sözləri əzbərləmək çoxlarına ağır gəlir.
Cavab. Bunu iddia edənlər özünə əziyyətə vermək istəməyənlərin dəstəyi ilə bu fikri yaymağa çalışırlar. Halbuki bu adamlar ticari maraqdan ötəri qısa bir zamanda ərəb və hər hansı bir dildə qazanc əldə etmək üçün  yetərli qədər söz əzbərləməyə hazırdırlar. Həmçinin digər hər hansı bir maddi maraq üçün gərəkli olan hər şeyi əzbərləməyə hər zaman hazırdırlar.
Namazda sərf edilən sözlərə, bunların əzbərlənməsi Azərbaycan dilində əzbərlənəcək eyni miqdardakı sözlərin əzbərlənməsindən əlbət ki, çətin olacaq. Amma bu, şişirdilmiş, qələmə verilən şəkildə deyil. Eyni gileylənməni Azərbaycan dilində əzbərlənəcək sözlər haqqında da etmək olar.
O ki qaldı əziyyətə, bu dünyada hər bir şey zəhmət tələb etdiyi kimi, o cümlədən də Allahın rizası və cənnət də çox bahadır. Fədakarlıq göstərmədən, zəhmət çəkmədən, nəfsi arzulardan vaz keçmədikcə bu iş olmaz.
 5. Ərəb hərflərini tələffüz edərkən düzgün tələffüz edilmədiyi təqdirdə məna dəyişə bilər.
Cavab. Bu da mahiyyət baxımından doğrudur. İnsan hər halda çalışmalıdır ki, buna yol verməsin. Amma eyni zamanda bu sui-istifadə obyektinə də çevrilməməlidir. Əgər bu gerçəyi (düzgün tələffüz edilmədikdə mənanın dəyişməsi) bunlar bilirsə, bunu Allah da bilir. Buna rəğmən Allah namazda Quran oxumağı əmr edir.
“Həqiqətən, Rəbbin bilir ki, sən (yatağından) qalxıb bəzən gecənin təqribən üçdə ikisini, bəzən yarısını, bəzən də üçdə birini namaz qılırsan. Səninlə birlikdə olan bir zümrə də belədir. Gecəni də, gündüzü də ölçüb-biçən ancaq Allahdır. O sizin bunu ölçüb saya bilməyəcəyinizi bildiyi üçün sizi əfv etdi (sizə rüsxət verdi). Qurandan sizə müyəssər olanı oxuyun. (Allah) bilir ki, içərinizdə xəstələr də olacaq, bəziləri Allahın lütfündən ruzi axtarmaq üçün (ticarət məqsədilə) yer üzünü gəzib dolaşacaq, digərləri isə Allah yolunda vuruşacaqdır. Elə isə ondan (Qurandan) sizə müyəssər olanı oxuyun...” (əl-Müzzəmmil, 20)
Bu ayədə söhbət gecə namazından gedir. Məlum olduğu kimi, namazın qısalığı və ya uzunluğu əsasən qiraətdən (namazda oxunan Qurandan) asılı olur. Səhabələr gecə namazlarında uzun-uzadı Quran oxumaqla namazlarını uzadırdılar. Bu da səhəri gün onlar üçün çox ağır keçməsinə səbəb olurdu. Buna Allah onlara namazda Qurandan asan gələni oxumağı buyurdu. Bu əslində geniş bir hökmlər içinə alır. Qurandan asan gələndən məqsəd həm uzunluğu-qısalığı, həm əzbərdən yaxşı bilinən, həm mənası izahı təfsiri yaxşı bilinən, həm oxunması asan olan və sair anlamları içinə alır. Buna görə hər bir insan bir qədər zəhmət sərf etməklə Qurandan “Fatihə” və qısa bir surə mənası ilə bərabər əzbərləyib öyrənib onunla namazını qıla bilər.
Digər tərəfdən Allah təala məhz Qurandan asan gələni oxumağı əmr edir: “فاقرءوا ما تيسرمن القرءان” Burada Allah açıq və bir mənalı Qurandan asan gələni oxumağı əmr edir. “Nəriman Qasımoğludan, Əmircanlı Ələsgərdən, Kraçkovskidən sizə müyəssər, asan olanı oxuyun” demir.
Allah bunu əmr edərkən bu gün bəhanə kimi irəli sürülən (düzgün tələffüz edilmədikdə mənanın dəyişməsi) gerçəkləri də bilirdi.
Bir tərəfdə Allah, Onun kitabi, Onun rəsulu, onlara tabe olan möminlər, digər tərəfdə də şeytan və onun dəstəsi. Ehtiyatlı olun! Bəzən şeytan Allah adına danışır. Allahın razı olmadığı şeyləri Allah adına din adına faydalı şeylər kimi təqdim edir.
“Ey insanlar! Şübhəsiz ki, Allahın vədi haqdır. Dünya həyatı sizi aldatmasın. O tovlayan (Şeytan) da sizi tovlayıb yoldan çıxartmasın!” (Fatir , 5)