Mehriban Ələkbərzadə kimdir?

M.Ələkbərzadə Azarbaycan Dövlər İncəsənət İnstitutunun rejissorluq fakültəsinə 1983-cü ildə daxil olmuşdur. İxtisas təhsilini görkəmli rejissor

2010-12-23 11:50:10
M.Ələkbərzadə Azarbaycan Dövlər İncəsənət İnstitutunun rejissorluq fakültəsinə 1983-cü ildə daxil olmuşdur. İxtisas təhsilini görkəmli rejissor M.Məmmədovun kursunda alan M.Ələkbərzadə tələbəlik illərində institutun Tədris Teatrında T.Uilyamsın «Sökülən yurd», E.Filipponun «Silindr», Dövlət Televiziyasında Elçinin «Ömrün son səhəri» pyeslərini tamaşaya hazırlamışdır.
1998-ci ildə o, Akademik Milli Dram Teatrının Kiçik səhnəsində Jan Pol Sartrın «Dəfn edilməmiş ölülər» dramını tamaşaya qoymuşdur.
Təyinatla Lənkəran Dövlət Dram Teatrında işlədiyi dövrdə M.Ələkbərzadə Ş.Qurbanovun «Sənsiz» (1989), B.Vahabzazə «Yağışdan sonra» (1989), S.Stratiyevin «Avtobus» (1990) pyeslərinə quruluş vermişdir.
1990-cı ildə, Lənkərandan Bakıya qayıdandan sonra, o,  «Azərbaycanfilm» kinostudiyasında «Güzgü»  adlı qısametrajlı bədii filmini çəkmişdir.
1991-ci ildə M.Ələkbərzadə Akademik Milli Dram Teatrına rejissor köməkçisi ştatına işə götürülmüşdür. 1994-cü ildən isə bu kollektivdə quruluşçu rejissor vəzifəsində çalışır. Onun Akademik Teatrda hazırladığı  «Min illərin işığı» (K.Abdullayev), «Müəmmalı bir qətlin üç versiyası» (Ryunesko Akutaqava),  «Poçt şöbəsində xəyal» (Elçin),  «Afət» (H.Cavid), «Qatil» (Elçin) kimi tamaşaları tamaşaçı rəğbətini qazana bilmişdir.
M.Ələkbərzadə Azərbaycan Dövlət Televiziyasında N.Hacızadənin «Yaşa, ey haqq!», J.Koktonun «İnsan səsi», M.Normanın «Gecən xeyrə qalsın, ana», M.Vəzirin «İlğım», A.Məsudun «Cəza» əsərlərinə quruluş vermişdir.
M.Ələkbərzadə «Spaсe» telekanalında həm rejissoru, həm də aparıcısı olduğu «Dünən, bu gün, sabah», «Telebenefis», «Fövqəl dünya və mən» bədii kompozisiyaları silsilə proqramların müəllifidir. Həmin telekanalda dörd seriyalı «Qırmızı terror və ya Mircəfər Bağırov», «Azərbaycan xanlıqları» bədii sənədli filmlərin rejissorudur.
Fəxri adları, mükafatlar, nailiyyətlər
2003-cü ildə M.Ələkbərzadə Naxçıvan MR-nın Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülmüşdür.