SON HABERLER
Sol Ok
Sağ Ok
ANASAYFAGÜNDEMPOLİTİKADÜNYAGÜNCELEKONOMİYAŞAMSPORÇEVİRİSAĞLIKKÜLTÜREMLAKEĞİTİMFOTOVİDEO
Bəşşar Əsəd kimdir?
22.10.2010 14:22

Bəşşar Əsəd kimdir?

Bəşşar Əsəd 1965-ci il sentyabr ayının 11-də Suriyanın paytaxtı Dəməşq şəhərində anadan olub.

Bəşşar Əsəd 1965-ci il sentyabr ayının 11-də Suriyanın paytaxtı Dəməşq şəhərində anadan olub.

1988-ci ildə Dəməşq Universitetinin Oftalmologiya fakültəsini bitirən Əsəd 1992-ci ildə təhsilini davam etdirmək üçün İngiltərəyə yollanır. Ancaq 1994-cü ildə böyük qardaşı Basilin avtomobil qəzasında ölümündən sonra ailəsi tərəfindən geri çağırılır. Suriyaya qayıtdıqdan sonra hərbi akademiyaya daxil olan Bəşşar artıq 1999-cu ildə polkovnik rütbəsini daşıyırdı.

Böyük qardaşı Basilin avtomobil qəzasında qəfil ölümü Bəşşari atası Hafiz Əsədin yeni varisi etdi. O, 2000-ci ildə Bəəs partiyasının sədri olur və qısa müddət sonra 97,2 % səslə ölkənin yeni prezidenti seçilir. Maraqlıdır ki, bu zaman Suriya parlamenti prezidentin seçilməsinin şərtlərindən biri olan 40 yaş həddini 34-ə endirmişdi.

Bəşşar Əsəd prezident seçilmədən əvvəl siyasətlə məşğul deyildi. Onun yeganə siyasi fəaliyyəti Suriya Elm Dərnəyinin sədrliyi idi ki, bu dərnək də əsas etibarilə ölkənin internet şəbəkəsinə nəzarət funksiyasını yerinə yetirirdi.

Bəşşar Əsəd 2000-ci ildə vahid namizəd kimi daxil olduğu seçkilərdə elektoratın böyük əksəriyyətinin səsini toplayaraq prezident seçildi. Onun prezidentliyi dövründə Suriya xalqı Bəşşarin atasına nəzərən daha liberal olacağını gözləyirdi. Çünki Bəşşar Əsəd bir müsahibəsində demokratiyanın “firavan yaşayışın vasitəçisi” olduğunu bildirmişdi. Ancaq seçkilərdən sonra xalqın gözlədiyi liberallıq müşahidə edilmədi. İnauqurasiya mərasimində “açıqlıq və şəffaflıq” vədi verən Bəşşar qismən də olsa sözünün üstündə durdu. Suriyanın iqtisadi və siyasi vəziyyəti bir qədər yaxşılaşdı və yüzlərlə siyasi məhbus azad edildi. Məşhur Mezze həbsxanası bağlandı. Ölkədə ilk karikatura jurnalının nəşrinə başlandı. “Suriya baharı” adlı iqtisadi islahatların başlanmasına baxmayaraq, bu islahatların ömrü uzun olmadı. Bundan bir müddət sonra siyasi təzyiqlər yenidən gücləndi. Həbsxanalar siyasi məhbuslarla dolduruldu. İqtisadi islahatlar isə uğursuzluqla nəticələndi. Seçkilərdən əvvəl bankların özəlləşdiriləcəyinə söz verən Bəşşar nəinki sözünün üstündə durdu, hətta daha irəli gedərək özəl bankların iqtisadiyyata mənfi təsir göstərəcəyini bildirdi.

Bu müddət ərzində xarici siyasətdə prioritet olan İsrailə qarşı düşmənlik kursu dəyişmədi. Bəşşar Əsəd 2002-ci ildə əsas məqsədi Fələstin dövlətinin qurulması müqabilində İsrailin dövlət kimi tanınmasını nəzərdə tutan sülh planının müzakirə edildiyi Beyrutdakı Ərəb Birliyi zirvəsində “israillilərin hər yerdə vurula biləcəyini” bildirmişdi. Halbuki Hafiz Əsəd amansız düşmən olsa da yeri gələndə İsrail ilə sülh müzakirələri aparmaqdan çəkinmirdi. Gənc Əsəd isə ya təcrübəsiz olduğuna görə, ya da ərəblərin lideri olmaq iddiasında olduğu üçün ya atası kimi ola bilmədi, yaxud da onun kimi olmaq istəmədi. Məsələn, Hafiz Əsəd də Hizbullah təşkilatını açıq şəkildə dəstəkləyirdi. Ancaq oğlundan fərqli olaraq o, heç vaxt Hizbullah lideri Həsən Nəsrullah ilə görüşməmişdi. Əgər onlar arasında görüş olmuşdusa da Hafiz Əsəd bunu  məxfi saxlamağa müvəffəq olmuşdu.

Bəşşar Əsədin atası ilə müqayisədə daha mülayim siyasət yürütməsinə baxmayaraq, ölkədə hələ də siyasi azadlıq tam şəkildə təmin olunmayıb. O, bir çox cəhətlərinə görə atasını xatırlatsa da müxaliflərin hüquqlarının azaldılması məsələsində daha “gözəl” manevr edir.

Bəşşar Əsədin 2007-ci ildə yenidən prezident seçilməsinə baxmayaraq, siyasi müşahidəçilər onun mövqeyinin bir qədər zəiflədiyini hesab edirlər. Buna səbəb kimi isə 2005-ci ildə Suriya qoşunlarının Livan ərazisindən geri çəkilməsi göstərilir. Bütün bunlara baxmayaraq, Bəşşar hələ də Suriyada çox böyük gücə malikdir və yaxın gələcəkdə bu ölkədə hər hansı dəyişikliyin baş verməsi gözlənilmir.

189 santimetr boya malik olan Bəşşar Əsəd əla fiziki formadadır. O, mükəmməl ingiliscə və müəyyən qədər fransız dilində danışa bilir. Bəşşar Əsəd Suriya Tibb Universitetinin Oftolmologiya fakültəsini bitirdikdən sonra Londonun Qərbi Göz Xəstəxanasında təhsilini davam etdirirdi. Lakin qardaşının ölümünə görə təhsilini tamamlaya bilməyib. Belə ki, onun İngiltərədəki təhsil müddəti cəmi 18 ay davam edib. Buna görə də onun İngiltərədə ali təhsil aldığını demək yanlışdır. Əsəd İngiltərədə doğulub boya-başa çatan sünni müsəlman Əsma (Emma) ilə tanış olmuş və onunla evlənmişdir.

Ailəsi: Ailə klanı hazırda Suriya siyasətinin mühüm xüsusiyyətlərindəndir. Ailəyə yaxın olan üzvlər Hafiz Əsədin hökumətində aparıcı postlara yiyələniblər.

Suriyanın sabiq prezidenti  olan atası Hafiz Əsəd. 2000-ci ildə vəfat etmişdir.

Vaxtilə təhlükəsizlik xidmətinin rəisi olan yüksək çinli dayısı Rüfət əl-Əsəd hazırda Fransada sürgündədir.

Böyük qardaşı Basil Əsəd atasından sonra prezidentliyə əsas namizəd idi. Basil 1994-cü ildə avtomobil qəzasında həlak olub.

İxtisasca elektrik mühəndisi olan qardaşı Məcid Əsəd isə psixi problemlərdən əziyyət çəkir.

Bəşşarin digər qardaşı polkovnik-leytenant Mahir Əsəddir. O, Prezidentin təhlükəsizlik qvardiyasının rəhbəridir.

Bacısı Büşra Əsəd farmakoloqdur. Büşranın atası Hafiz Əsəd və qardaşı Bəşşar Əsəd üzərində böyük təsirinin olduğu ehtimal edilir. Onu bəzən “Suiriya siyasətinin beyni” də adlandırırlar. Xanım Əsəd general Asif Şövkətlə evlidir.


Foto Galeriler Videolar Yazarlar Günün Özeti
TİMETÜRK SON HABERLER
ÇOK OKUNANLAR
TİMETÜRK AJANS HABERLERİ
SON YORUMLANANLAR