Elimizin toy kimi bir adəti var
01.09.2011








İndiyə kimi yadımdadı uşaq vaxtı qonşuda, qohumda toy olanda evdə xüsusi hazırlıq gedirdi. Toy sözün əsl mənasında, əməlli-başlı bayram idi. Bəlkə də qəribə görünəcək, amma mağar toylarının ləzzəti bir başqa idi. Bir zamanlar güldüyümüz qadın toyu, kişi toyu bu gün heç nə ilə əvəz oluna bilməz. Qadın toylarında, indiyə kimi yadımdadır, musiqiçilər ancaq xanımlar olurdu. Heç kəsin xətrinə dəyməsin, bu gün mən toylardan o zövqü, səmimiyyəti, əhval-ruhiyyəni, münasibəti ala bilmirəm. Yazdıqlarımın toylarında böyük məmnuniyyətlə iştirak etdiyim insanlara heç bir aidiyyəti yoxdur, amma yenə də yazıram.

Toya kimi toya borc qaytarmağa, kimi toy edəcək deyə qonaq yığmağa, kimi doğrudan da toy yiyəsinin sevincinə şərik olub, ürəklə iştirak etməyə gedir.

Toylar mövsümü başlayır. Mən artıq yorulmuşam. Eynilikdən. Sünilikdən.Özünü, pulunu, dostunu, ailəsini, ətrafını, maşınını nümayişdən. Yenə restoranlar, gözəllik salonları o ki var müştəri yığacaqlar. Anonslarında deyilən eyni cümlələr - Aavropa və milli mətbəxin ən ləziz təamları, mükəmməl akustika, gəlin və bəy üçün restoran tərəfidən dəyərli hədiyyələr, Avropa dizaynı onsuz da hər gün mənalı və mənasız xəbər eşidən qulaqlarımızı bir az da qızardacaq. Xahiş edirəm, bir anlıq da olsa bugünkü toyları süzgəcdən keçirin.

Son zanmanların ən dəbdə olan nüanslarından biri qonaqları qapıda qara dərili qapıçıların qarşılayaraq, Azərbaycan dilində "Xoş gəlmisiniz" deməyi olur. Bu da restorana daxil olan qonaqların simasında ancaq və ancaq təbəssüm yaradaraq, "sən Allah görürsən, kişi əməlli başlı Azərbaycan dilində danışır" demələri ilə nəticələnir. Amma restoran sahibinin bununla nə demək istdiyini mən heç cür anlaya bilmirəm.

Bir çox valideynlər üçün mühüm əhəmiyyət kəsb edən elçilik, artıq gəlin və bəy zala daxil olana qədər başlayır. Qız və ya oğul anaları qızları və ya oğlanları üçün kimisə bəyənirlərsə, toy boyu bu insan haqqında məlumat yığmaqla məşğul olurlar. Bura daxil olan əsas faktorlar qızın və ya oğlanın imkanı və ətrafıdır. Mən bu gün çoxluq təşkil edən insanlar üçün böyük məna, önəm daşımayan intellekt və tərbiyədən danışmıram. Onlar bu gün ailə qurmaq üçün bir o qədər də dəbdə olmayan keyfiyyətlərdir.

Budur, gəlin və bəy zala daxil olurlar. Yeməkdən başı açılmayan, real olsa da, zarafata salıb "toya gedəcəm deyə 3 gündür heç nə yemirəm" deyib başını masadan qaldırmayan qonaqlardan tamada dəfələrlə toy sahiblərini alqışlamağı xahiş edir. Masalarda yeyə biləcəyin və bilməyəcəyin hər şey var. Ən xoşagəlməz məqam isə yeməklə dolu olan qabların bir-birinin üstünə qoyulması olur. Deməli, sən altdakı qabdan nə isə götürməli olsan, mütləq üstədi qabı kənara qoymalısan. Təbii ki, yer tapsan. Bu an "Bəxt üzüyü" filmindən bir səhnə yadıma düşdü. Restoranda yığışan harınlamış kişilər, gözlədikləri dostlarını ələ salmaq üçün ofisiant qadına deyirlər ki, masanı elə doldursin ki, gələn adam barmağını qoymağa yer tapmasın. Bu gün toylarda doğrudan da, dirsək qoymağa belə yer yoxdur. Hələ bu harasıdır. Bəzi restoranlarda əsas yeməklərin üstünə qoyulan əlavə üst masalar fırlanır da. Tut görüm yeməyi necə tutursan.

Zala daxil olan gəlin və bəyi imkanı olmayan, azyaşlı uşaqlar mələk geyimində qarşılayıb, onlar üçün rəqs edirlər. 5 manat xatirinə mələk olurlar. Valideynləri də bu mələklərin evə gətirəcəyi pulla göylərə uçurlar. Daha sonra şampan, imzalanma və artıq iki gəncin ər və arvad olmaları barədə "zaks" rəsmisinin elanı. Hər şey bundan sonra başlayır.
Sözün əsl mənasında qulaqların düşməni olan musiqi səsi qonaqları toyu tez tərk etməyə şərait yaradan ən gözəl vasitədir. Toyda bərbad akustika əlindən bircə saat belə otura bilməyən qonaqlar, xüsusi ilə kişilər foyeyə çıxmağa və ya xanımları ilə birlikdə "Allah mübarək eləsin!" deyib zalı tərk etməyə üstünlük verirlər. Bilirsiniz, bu əslində restoran sahibləri və musiqiçilər üçün əla siyasətdir. Restoran sahibi masalarda qalan yeməkləri növbəti gün yeni toy sahibinə ləziz təamlar kimi təqdim etmək, müğənni və musiqiçilər isə falş oxuyub, yalnış çaldıqlarını bu yolla gizlətmək imkanı əldə edirlər. Bu da sənə mükəmməl toy.

Toylarımızın "yaraşığı" olan ofisiantlardan da yazım. Mən heç kəsi təhqir etmək fikrində deyiləm, kimsə bunu özü istəmirsə. Ofisiantlara "tər" iyindən yaxın durmaq olmur. Daha doğrusu onların sənin qabını dəyişmək üçün masana doğru əyilmələri kifayətdir ki, iştahan qaçsın. Hələ mən dırnaqlarının çirkini demirəm. Ofisiantların ən özünəməxsus cəhətlərindən biri də, oturan qonağa tərəf əyilmələridir. Sənə yemək çəkmək adı altında elə əyilirlər ki, sən ofisiant işini görüb qurtarana qədər ayaq üstə durmağa üstünlük verirsən. Bir də, nə badə ofisianta toyun əvvəlində pul verəsiniz. Çünki nəinki sonunda, heç ortasında da onu tapa bilməyəcəksiniz.

Mən hələ müğənnin ifa etdiyi mahnılardan, müğənninin özündən danışmıram. Burada iki hala rast gəlmək olar. Digərinə "səviyyəsiz" deyib, "Mən ancaq xalq və bəstəkar mahnıları ifa edirəm" deyən və ya heç nə deməyib nə gəldi oxuyan müğənnilər. Ev sahibindən kifayət qədər pul alıb fonaqram oxuyan və ya toya özü ilə heç kəsin tanımadığı müğənnini gətirib, 2-3 mahnı oxuduqdan sonra toy tutmaq arzusu ilə yaşayan gənci qabağa verməsini az görmüşük? Bəs yaxşı, adı çıxmış, efirlərdən düşməyən müğənni bir maşının pulunu alıb, 2-3 mahnı ifa edib, sonra özü üçün oturub, gətirdiyi gənc müğənnini oxudacaqdısa, onda bu ev yiyəsi niyə bu boyda vəsait xərcləyib, hələ bəzi hallarda minnətçi də düşüb onu gətirmişdi? Bu hələ harasıdır. Siz bəzi hallarda toy gedən ərəfədə heç o müğənnini tapa da bilməyəcəksiniz. Çünki gənc müğənni tanınmışı əvəz etdiyi vaxt, o fürsərtdən istifadə edib, kiminsə toyunda 20 dəqiqəlik oxumağa qaçıb.

Toyun sonu təbii ki, daim yaşlı və orta nəslin nümayəndələrinin ən sevmədiyi, gənc nəsli isə bir-birinə mehriban edən diskoteka ilə yadda qalır. Daha doğrusu, toyun əvvəlində heç kəsi bəyənməyən, lakin toyun sonunda tamamilə nəzarəti itirərək səslənən musiqinin sədaları altında birdən-birə gənclərin arasında peyda olan orta yaşlı bir insanın gülünc rəqsi ilə yadda qalır. Bu da növbəti, amma təkrar baxımından eyni toyun sonu. Dəyişən sadəcə simalardır.

Toy yox. Bəs onda yadda qalan nədi?

Səmayə Tofiqqızı
 


Onaylı yorum bulunamadı.
YAZARIN ÖNCEKİ YAZILARI
Yazarlar
Alınan
Müsahibə
Facebook