11 sentyabrdan 22 iyula və daha sonrası
26.07.2011







Kövser Alxaslı



11 senytabr sabahı böyüklü kiçikli hamimiz ekranın qarşısına keçib heç özümüz də bilmədən böyük hadisələrin başlanğıcına şahidlik edirdik. Amerikanın iqtisadi gücünün simvolu olan Dünya Ticarət Mərkəzinin əkiz binaları gözümüzün qabağındaca yerlə yeksan olurdu. Və o gün dünya terrorun nəfəsini boynunun arxasında hiss etməyə başladı. Halbuki o nə ilk nə də son terror hadisəsi olacaqdı.
Planın ilk mərhələsi baş tutmuşdu. İkinci mərhələdə Amerika “İslam bərabərdir terror” yalanını günü gündən şişirtməyə başladı. Eyni zamanda əl-Qaidə lideri Üsamə b. Ladini öldürmək üçün Əfqanıstana girdi. Soyuq Savaş illərində cani-könüldən dəstəklədiyi əfqan mücahidləri indi ondan ötrü təhlükəli terroristlər idilər. Onları məhv etmək müqəddəs bir vəzifə idi. Çünki onlar artıq lazımsız idilər. Ardından İraqa qoşun yeridən Amerika ən böyük terroru da məhz elə burada etdi.  Minlərlə insan həlak oldu. Elə bir o qədər insan da evsiz-eşiksiz qaldı. Ölkənin bütün sərvəti talan edildi. Özünün etdiyi terror kiçik görünsün deyə əl-Qaidə lideri Bin Ladini şişirtdikcə şişirtdi. Qərblilər də bütün terror əyləmlərinin müsəlmanlardan qaynaqlandığına İsanın Tanrının oğlu olduğuna inandıqları kimi inandılar. İki ay bundan əvvəl yenə bir səhər vaxtı dünyanı lərzəyə gətirən Bin Ladinin öldüyü bildirildi. Bu qədər asan olduğuna heç kəs inanmadı. Halbuki elə məhz bu qədər asan idi. Sadəcə Amerikaya öz mənfur əməllərinə geyindirəcək gözqamaşdırıcı bir don lazım idi. Onu da əldə etmişdi. Bin Ladinin ölümünə sevinənlər olduğu qədər üzülənlər də oldu. Hillary Clinton “Bin Ladin öldü, ancaq terror bitmədi” dedi. Obama “İslamla savaşmırıq, terrorla savaşırıq” dedisə də bir işə yaramadı. Hədəfdə yenə İslam var idi. O dərəcədə ki, Çində bir kömür mədəni partlasa müsəlmanlardan şübhələnəsi idilər. Ta ki 22 iyula qədər…
O gün dünyanın ən mürəffəh ölkəsi olan Norveç terrorun vurduğu ölkələr sırasına daxil oldu. Nə qəribədir ki, dünyanın ən böyük terroristi (!) öldükdən cəmi iki ay sonra dünyanın ən böyük terror hadisəsinə şahid olduq. Hadisənin ilk günü Norveç xalqının 98%-i bunu müsəlmanların etdiyini düşündü. Yaxalanaraq kameralar qarşısına çıxarılacaq adamın təsəvvürü beyinlərdə hazır idi. Uzun saqqallı, əsmər sifətli, başında təkkə, dilində “Allahu Əkbər”… Ancaq gözlənilən olmadı. Yaxalanan adam sarı sifətli, sarı saçlı, yaşıl gözlü, əfrat sağçı, radikal xristian və İslam düşməni olan Anders Behring Breivik adında avropalı bir ağ adam idi.
Bircə gün sonra Qərb ictimaiyyəti terrorun bir dininin olmadığını yavaş-yavaş anlamağa başladı. Cinayətin xristian fundamentalizmi adıyla şərh edilməsi bəzi mübahisələrə yol açdı və bir qrup insan radikallığı xristianlıqla eyni tutmağın yanlış olduğunu ilkin refleks olaraq irəli sürdü. Bundan sonra isə dünyanın ən nüfuzlu mətbuat orqanlarından biri olan İngiltərənin “Guardian” qəzetində bu ifadələrə yer verildi: "Xristianlıqla radikallığın ayrılması bizi ona sövq edir ki, Avropada kor-koranə qəbul edilən İslam-radikallıq düşüncəsini yenidən nəzərdən keçirək və bu ikisinin arasını ayıraq." Bu cümlələr yeni bir mərhələnin başlanğıcıdır. Ən azından belə olmasını ümid edək.
Xülasə 11 martda ana bətninə düşən hüceyrə 22 iyulda uşaq olaraq dünyaya gəldi və o gün hər kəs anladı ki bu uşaq oğlandır yoxsa qız.

Onaylı yorum bulunamadı.
YAZARIN ÖNCEKİ YAZILARI
Yazarlar
Alınan
Müsahibə
Facebook