Şaxta Babaya üç məktub
01.01.2011




1

Məsmə xala (peşəsi - tum satan)


Salam, Şaxta baba! Sən atovun cəddi, əgər sən varsansa, biz kasıblara yazığın gəlsin. Bu nədir yağdırırsan üstümüzə? Mənim “bazarım bağlanıb”, tumlar satılmır. Həmişə altında oturduğum tut ağacı mənim kimi soyuqdan büzüşüb, armud qaxına dönüb. Soyuq külək həftələrlə həyətimizdə yığılıb qalan zibillərin üfunətini ətrafa yayır, ac sərçələr səhərəcən əziyyətlə qovurduğum tumları oğurlayıb qaçırlar. Bu soyuqda dərdləşdiyim dostlarımdan nə bomj Borya, nə də “zibileşən Müseyib” gözümə görünmürlər. Üstəlik daimi müştərilərim - hər gün mənə sataşsalar da tumlarımı pəh-pəhlə alan məhlə uşaqları, hətta vələdüzna Rəhim də yoxa çıxıblar... Həyətdə bir mən qalmışam, bir də üç-dörd küçə iti... Şaxta baba, Bakı əhli həmişə olduğu kimi bu il də qışa hazır deyil. Bax, inandırım səni ki, əgər 3-4 gün də arası kəsilmədən belə güclü yağış yağsa... iraq olsun, Müseyib demişkən, “kiş-kişlər” olsun... suyun altında qalarıq... Yox, əgər qar yağdırsan... 2-3 gündən sonra əriyib palçığa dönəcək. Bu şəhərə qar-yağış yaraşmır, atam, ya-raş-mır! Ay ağsaqqal, elə ki qış girdi... başlayırlar işıqlarımızı söndürməyə, qazımızı kəsməyə! Əvvəllər “Barmek”i söyürdük. İndi heç bilmirik şikayətimizi kimə deyək... Odur ki, ay Şaxta, üstümüzə qar yağdırma, fağır-fuğaraya yazığın gəlsin. Sonda səndən kiçik bir təvəqqem var. Əgər mümkün eləsən, Yeni li axşamı mənə bir-iki zənbil əla qovrulmuş tum göndər, üstündə də, çox demirəm, ikicə dənə palazqulaq yüzlük... Day heç nə istəmirəm. Sağ ol.

Səndən ümidini kəsməyən

Bacun Məsmə

(Hə, tamam yadımdan çıxıb, burda sənin yerlin - bomj Boryanın yazdığı kiçik bir məktub da var... Heç bilmirəm nə yazıb, uruscadı. Onu da oxu qardaş. O yazıq da qaçqın kimi bir şeydir. Onun məktubunu da özümünkünə əlavə edirəm)

Bomj (peşəsi - əvvəllər mühəndis, hazırda işsiz, evsiz-eşiksiz)

Starik, privet! Mne itak ploxo, sam ponimaeş. No tut poyavilas staruşka Mesme. Dobraya, no oçen qovorlivaya... Vsyo vremya vorçit, da vorçit. Voobşim, esli tı suşestvueş na samom dele, sdelay tak, ştobı u Mesme bılo stolko semeçek, klientov i deneq, ştobı u neyo na menya vremeni ne xvatalo. Umolyayu starik, sdelay eto.

S uvajeniem: Borya - to est Boris Aleksandroviç Nikitin

2006-oy qod, dekabr

2.

Rəhim ( məktəbli; 6-cı sinif şagirdi)


Salam, Şaxta baba! Səndən xahiş edirəm, mənə day gic-gic hədiyyələr alma. Hər dəfə dekabrın sonunda yuxudan ayılıb küknar ağacının altında uşaq oyuncaqları görürəm. Mən bəyəm uşağam?... Mən çoxdan böyümüşəm. İndi daha heç kim məni uşaqlıqdakı kimi “Toppuş” çağırmır. Birincisi arıqlamışam, ikincisi basketbola gedirəm, boyum uzanıb, böyümüşəm. Hamı hörmətlə məni Rəhim çağırır. Mən daha nənəmi incitmirəm, söyüş söymürəm, tumsatan Məsmə xalaya sataşmıram, “zibileşən” Müseyibin zibil arabasını gizlətmirəm, bomj Boryanın çəpgöz pişiyinin quyruğunu dartmıram, blokumuzda gic-gic miyoldayan pişikləri daşa basmıram... Keçən ilkinə nisbətən indi qayıblarım da çox azalıb... Cəmi 42 qayıbım var! Day dərsdən qaçıb məktəbimizin həyətində futbol oynamıram. Mən düzəlmişəm, heç özüm özümü tanımıram. Ən çox sevdiyim müəllimlərim - rus dili və idman müəllimləridir. Rus dili müəllimim daha kobudluq eləmir, söyüş söymür; İdman müəllimi də daha qulaqlarımızı az-az dartır... (Əgər qulaq dartmaq üzrə dünya çempionatı keçirilsəydi, bizim məktəbin idman müəllimi 1-ci yeri tutardı). Şaxta baba, anam deyir ki, 4 il əvvəl Bakıda möhkəm qar yağmışdı. Mənim də yadıma gəlir... O vaxt küləyin gücündən ağaclar qırılıb yerə yıxılmışdı... Biz uşaqlar da doyunca qartopu oynadıq. Əla idi! Şaxta baba, elə et ki, dekabrın 31-də qar yağsın, nolar... Bir də ki, xahiş edirəm, daha mənə oyuncaq alma. Alırsansa, fərli bir şey al... Raufun cib telefonundan - “6233” istəyirəm. Alarsan... yaxşı? Əgər pulun çatmasa, mənim daxılımda üç manat var, onu da götür, mənə yaxşı hədiyyə al. Öpürəm səni.

Rəhim

(“6233”-ü unutma)

2006-cı il, dekabr.

3.

Mən (özün bilirsən kim)


Salam. On altı yaşlı oğlum indi səni Şaxta yox, Saxta baba adlandırsa da, mən hələ də sənə inanıram. Yəqin ki, sadəlövhəm. XXI əsrin “məhsulu” olan oğlum da belə hesab edir. Neyniyim, özümlə bacara bilmirəm. Hər yeni il gələndə, elə zənn edirəm ki, bu dəfə mütləq möcüzə baş verəcək... Və mən axır ki, çoxdan həsrətində olduğum arzuma çatacağam. Amma, möcüzə baş vermir və mən özümə bir növ təsəlli vermək üçün özümə nəsə bir hədiyyə alıram; kitab, ətir, nə bilim daha nə... Yenə anam yadıma düşdü. O da hər bayram özünə hədiyyə alardı. Çünki səndən əlini üzmüşdü, başqalarındansa heç nə gözləmirdi. Yəqin bu qəribə adət mənə anamdan keçib. Bu il özümə hədiyyə almayacağam. Belə kiçik, saxta, süni sevincdən bezmişəm. Amma nə qədər qəribə görünsə də, sənə yenə inanıram. Çünki çox-çox illər bundan əvvəl mən Bakının uzaq bir qəsəbəsində həftələrlə, aylarla uşaq bağçasında qalanda və məni görməyə uzun, arıq əllərini divara sürtə-sürtə gözləri çox zəif görən tək bir qoca nənəm gələndə yeni il ərəfəsində möcüzə baş vermişdi. Biz uşaqlar böyük küknar ağacının ətrafında şən mahnılar oxuyub əylənirdik. Sən Şaxta baba bütün uşaqlara şirniyyatdan ibarət hədiyyələr paylayırdın. Sən mənə də hədiyyəni uzatdın. Amma mən almadım. Yadındadı? Onda sən təəccüblə soruşdun: “Qızım, bəs sən nə istəyirsən?” Mən də sənin qulağına pıçıldadım: “İstəyirəm ki, atamla anam barışsınlar və məni bu zəhləmgetmiş bağçadan evə aparsınlar” Sən çaşqın halda uzun-uzadı mənə baxdın. Sonra mənim alnımdan öpüb, dedin: “Arxayın ol, onlar barışıb sabah mütləq səni evə aparacaqlar”.

Şaxta baba, “sabah” yox, elə həmin gün möcüzə baş verdi. Nahardan sonra onlar əl-ələ, gülə-gülə gəlib məni qucaqladılar. Anam mənə böyük gəlincik, atamsa oyuncaq piano almışdı... Onlar elə xoşbəxt idilər ki... elə hey danışır, hərdən məni də unudurdular... Həmin gün məni ən çox sevdiyim yerə - dənizkənarı parka apardılar. Atam mənə qarpız boyda şirin pambıq aldı. Anam “Qaragilə” mahnısını zümzümə edir, atamla mən isə ucadan mahnının nəqəratını oxuyurduq... Biz həmin gün doyunca əyləndik və sonda mən xoşbəxt yorğunluqdan atamın qolları arasında yuxuya getdim... Şaxta baba, indi saçlarım ağarsa da, hər yeni il ərəfəsində sənin göstərdiyin o möcüzə yadıma düşür... Yox, mən daha yeni il ərəfəsində heç vaxt özümə hədiyyə almayacağam! Çünki heç bir hədiyyə, bir dəfə mənə bəxş etdiyin o xoşbəxt gün qədər əziz və qiymətli olmayacaq...

Hələ də sənə inanan mən - Həmidə Ömərova
LENT.az

Onaylı yorum bulunamadı.
YAZARIN ÖNCEKİ YAZILARI
Yazarlar
Alınan
Müsahibə
Facebook