Köhnəlmiş məsuliyyət
10.08.2011




Cənnətdən qovulma, şalvara şərik... sonra nə?

Bilirəm ki, hamı çiyninə çox ağırlıq etməyən, özünün də bir az könlü olan məsuliyyəti çəkmək istəyər.

Bir var çiyninə ağır və yöndəmsiz çulabənzər arxalıq atasan, bir də var sonunda üç sıfırlı qiyməti olan, faunanın mühafizəkarlarının qəzəbinə baxmayaraq bahalı kürk atasan... İnanın, ikincisini daşımaq daha xoşdur.

Məsuliyyət də belə bir şeydir. Xüsusilə də qadınların çiyninə düşən məsuliyyət... Biz çox vaxt özümüz öz xoşumuza məsuliyyətlənmirik. Biz çox vaxt öz kefimizdən məsuliyyətin altında boğulmuruq. Biz çox vaxt əslində məsuliyyəti sevməyib, ona nifrət edib, arxamızda daşımağa məcbur oluruq.

Çox sevdiyim, bütün vaxtların və xalqların ən yaxşı filmi saydığım “Xaç atası” filmində don Vito oğlu Maykla dediyi kimi: “Qadınlar və uşaqlar qayğısız ola bilərlər. Kişilər isə heç vaxt”. Yaxşı kişi idi don Vito.

Qadınlar o vaxt qayğısız olurlar ki, onların məsuliyyətləri qadın olmaqları və yalnız uşaq tərbiyə etməkləri ilə məhdudlaşır. Lap əlimizdən alınmış matriarxatdan sonrakı dövrlərdəki kimi... İndi bir evin qadını olmaq, bir də uşaq tərbiyə etməklə məsuliyyətli deyilik. İndi biz asta-asta kişilərin vəzifələrinə şərik çıxa-çıxa az qala orta cinsin nümayəndələrinə çevrilirik. Bir az qadın, bir az da kişiyik əslində.

Biz “şalvarımızı da əlimizdən almısınız” deyən kişilərə rişxəndlə baxırıq. Ayağını qaldırıb traktora minən vaxtilə sovet azərbaycanının işgüzar qadın obrazına həmişə nifrət etmişəm. Mənim üçün qadının lazımsız məsuliyyəti o vaxtdan başlayıb. Bu kifir obrazın şahidi olandan...

Qadın əslində belə olmamalıdır deyə düşüncələrim olub. Qadın əslində traktora minməməlidir, fikrinə isti baxmışam.

Daha sonralar kişilərin əyinlərindən çıxarıb əynimizə keçirtməsək belə, ürəyimizdə daha azad ruhlu olmaq eşqinə geyindik şalvarları. 80-cı illərdə şalvar geyinən xanımları barmaqla göstərirdilərsə, “filankəsin qızı əyninə şalvar geyinir” deyə qınayanlar çox idisə, 90-cı illərdə cəmiyyət buna normal baxmağa başladı.

O vaxtdan bizim qadın məsuliyyətimiz çoxaldı. Biz özümüzə yaxşı iş, yaxşı yaşayış, azad həyat, dörd tərəfində komfort olan əsl qadın evi, yayları köçüb sərinləmək üçün bağ evi, bağa gedib gəlmək üçün bəzən sadəcə ayağımızı yerdən götürən nimdaş hesab etdiyimiz sedan, bəzən isə hündürlükdə avtobusla yarışa girə bilən ciplər istədik...

Əgər işgüzar qadın əcdadlarımız həkim, müəllim, mühəndis, traktorçu idisə və bununla kifayətlənirdisə, biz müəllim ola-ola həm də piar menecer, jurnalist, prodüser, ofis menecer və onlarla qəşəng səslənən vəzifələr tutduq. Biz bir az daha yuxarı dırmaşmaq istədik, azad ruhlu, sərbəst olmaq üçün...

İstədik ki, daha çox pulumuz olsun, istədik ki, köhnə maşınımızı satıb “ful salon” cip alaq. İstədik ki, çantamız “Louis Vuitton”-dan, dikdaban ayaqqabılarımız “Prada”-dan olsun. Əla. Getdikcə artan məsuliyyətlərimizin altında boğulmaq həddinə çatdıq.

Artıq psixoloqlara, fen-şuya, yoqaya, meditasiyaya aludə olduq. Həyat çətinləşib, deyə biri-birimizə şikayət etməyə başladıq, daha sonra da avtomobillərimizə minib evimizə gəldik. Uşağımızı etibar etdiyimiz tərbiyəçidən, mətbəximizi əllərinə təslim etdiyimiz xidmətçidən xəbər aldıq.

Gün ərzində uşağımızın nə yeyib, nə içdiyini, hansı uşaqlarla dostluğa başladığını, nəyə küskün olduğunu, kiminlə mübahisə etdiyini, hansı fənni daha çox sevdiyini tərbiyəçisindən öyrəndik... Təbiətin bizi məhkum etdiyi məsuliyyəti bir tərəfə itələyib, bizə yad olan məsuliyyətləri qucaqlamağa başladıq.  

Tam mənasında ana olmaq məsuliyyətini bəyənmirik artıq, bu bizə sıxıcı gəlir. Evdə oturub yalnız uşağını tərbiyə edən qadınlar həyatlarından bezmiş, deyingən, narazı, naşükür insanlara çevriliblər.

Onlar artıq 583 əyarlı qızıllarını taxıb toya, yasa, hamama (sonuncunu klassik fikir olduğuna görə yazdım) getməkdən beziblər. Onlar artıq telefonda xalaqızıları, baldızları, qardaşı arvadları ilə boş-boş söhbətlər etmək istəmirlər. Onların da könlündən mobil telefon vasitəsilə “tale yüklü” məsələlərin həllinə girişmək keçir.

Ətraflarında maşınları ilə o yan-bu yana şütüyən xanımların şöhrətləri onlara sakitlik vermir. Nəyin bahasına olursa olsun evdən çıxmaq, işə düzəlmək, maşın almaq, uşağını tərbiyəçinin, mətbəxini xidmətçinin ümidinə qoymaq istəyir. Biz “köhnə qadın” olmaqdan bezdik! – deyirlər.

Biz şalvarı, daha sonra evdə iqtidarın yarısını, daha sonra isə sürücülük vəsiqəsini asta-asta kişilərin əlindən alan qadınlarıq. Əvəzində kişilərə heç nə verməmişik. Olan qalan missiyalarına da şəriyik.

Ailənin ehtiyaclarını yalnız kişilər ödəmir artıq və biz də vaxtilə müəllimə işləyən nənələrimiz kimi maaşımızı gətirib kişiyə vermirik. Biz artıq diliuzun, əliuzun məxluqlarıq. Biz yalnız dünyaya uşaq gətirmək və onu böyütmək kimi məsuliyyəti bəyənmirik. Biz böyük adam olmaq, Puşkinin məşhur nağılındakı kimi “balıqçının” arvadı olmaq istəyirik. Artıq sadəcə uşaqların anası yox, filankəs olmaq istəyirik.

Biz səhər axşamdan tapşırılan işi düzgün yerinə yetirmədiyimizə görə kişi müdir tərəfindən danlanmaq, axşam üç gün öncə bişən yeməyi süfrəyə qoyduğumuza görə ərimizdən “təmtəraqlı” sözlər eşitmək istəyirik. Biz sakit yaşaya bilmirik. Bizə daha çox məsuliyyət lazımdır.

Bizim özümüz üçün təşkil etdiyimiz “maneələrlə qaçış” proqramının əlində girinc qalmışıq. Yorulmuşuq, amma üzə vurmuruq. Yorulmuşuq, amma hələ ki, hiss etmirik və fərqinə varmırıq.

Mən bütün bunlarda merkantil ruhumuzu günahkar hesab edə bilərəm. Almanı Adəmə yedirən və cənnətdən qovduran qadınlarıq. Merkantil, şöhrətpərəst, hər şeyi bilməyə can atan, dünyanı dəyişən... Yalnız ana olmaq məsuliyyəti ilə barışmayan, bir qabırğadan yaranıb bütün o biri qabırğaları sıxışdıran qadınlarıq biz. Bizimlə bacarmazsınız.

Gülnar Muradova/ GUN.az
Onaylı yorum bulunamadı.
YAZARIN ÖNCEKİ YAZILARI
Yazarlar
Alınan
Müsahibə
Facebook