İran-İsrail, yoxsa Ərəb-İran müharibəsi?
15.02.2012







Elə bir abı-hava yaradılır ki, sanki ABŞ ilə İran və ya İran ilə İsrail arasında istənilən an müharibə baş verə bilər. Əslində hazırda sözügedən ölkələr arasında hər hansı bir müharibənin baş verəcəyi ehtimal olunmamasına rəğmən, yeni bir silahlı qarşıdurmanın gözlənildiyinə dair xəbərlər müəyyən dairələri məmnun edir.

Belə ki, istər beynəlxalq miqyaslı silah bazarı, istərsə də xarici siyasət nöqteyi-nəzərindən bu səpkidə yayılan informasiya böyük əhəmiyyət daşıyır.

Bu sırf hava müharibəsidir. Mövcud gərginlik yaradılmadığı təqdirdə ABŞ Fars körfəzindəki və Hind okeanındakı hərbi mövcudluğunu necə izah edə bilər?

Gərək Somalidə dəniz quldurluğu həyata keçirilsin ki, ABŞ NATO çətiri altında BMT-nin dəstəyi ilə bölgəyə nəzarət edə bilsin, regionda mövcudluğunu davam etdirsin, ərəb ölkələrinə silah satsın, yeni hərbi bazalar yaratsın.

Bütün bunlardan sonra Birləşmiş Ştatlar bu silahlardan istifadə edilməsi üçün səbəb ortaya çıxarmalıdır. Belə şərait yarandıqda isə maşa olduğu halda nə üçün əlini oda uzatsın ki!

Diqqət yetirin, ABŞ qısa müddət ərzində İraqı tərk etdi. Yaranan boşluğu isə dərhal İran doldurdu. İndi isə İranla ərəb ölkələri arasında müharibənin baş verməsinə nail olmaq gərəkdir. Yəqin ki, ssenariyə görə, bu zaman ABŞ və İngiltərə Türkiyəni öz tərəflərinə çəkməli, İsrail isə ərəblərə yardım göstərməlidir…

ABŞ regionda şiə-sünni və ya ərəb-kürd müharibəsinin baş verməsi üçün müxtəlif planlar qurur. Axı bölgədə baş verəcək müharibədə nə qədər milli ünsür iştirak edərsə, bir o qədər yaxşıdır. Müharibənin mümkün qədər uzunömürlü olması, daha çox qan axıdılması ABŞ-ın maraqlarına daha münasibdir. Şeytan isə bundan razı qalacaqdır.

Birləşmiş Ştatlar İranın əlini-qolunu bağlayıb ölkədə vətəndaş müharibəsi vəziyyəti yaratmaq, daha sonra isə Əfqanıstanın və İraqın başına gətirdiyini İranın da başına gətirmək niyyətindədir. Bu proseslərin baş verməsi fonunda isə İsrail heç bir ərəb ölkəsi ilə müharibəyə girişməyi arzulamaz. Baş verə biləcək Ərəb-İran müharibəsi ABŞ və İsrail üçün çox böyük əhəmiyyətə malikdir.

Bu arada Səudiyyə Ərəbistanı və körfəz ölkələrinin silahlandığı müşahidə edilir. Bu ölkələr əldə etdikləri neft dollarlarını silah sektoruna axıdırlar. Fikrimcə, növbəti beş ildə sözügedən ölkələrdən birinə qarşı hücum baş verə, yaxud onların aldıqları silahların “tullanılması” üçün münasib ölkə tapılacaq. Digər bir mümkün variant isə sözügedən silahların yararsız hala salınmasından sonra BMT-nin köhnə silahların məhv edilməsi istiqamətində tövsiyə qərar qəbul etməsi ilə müxtəlif qərb şirkətlərinin prosesə cəlbidir. Daha sonra isə silah satışı qaldığı yerdən davam edəcək.

Yəqin ki, ərəb ölkələrinin İrana hücum etməsi İsraili çox məmnun edər. Belə bir qarşıdurma baş verməzsə, gizli əllərin müəyyən lazımi məntəqələri bombalayaraq aranı qızışdıracağı da istisna edilmir.

Üstəlik, belə bir müharibə həcc mövsümünə təsadüf edərsə, hərbi qarşıdurmaya Mehdi və Məsihin gələcəyi mübahisələri əlavə edilərsə… Əgər ərəblər bu silahları qonşularına qarşı istifadə etmək üçün alırlarsa, həddən artıq pul xərcləyirlər. Yox əgər bu silahlar İrana tuşlanacaqsa, onda həmin ölkələrin silaha xərclədikləri pul çox azdır!

Qərblilər həmişə pulun ərəblərin əlində qalmamasına səy göstərmişlər. Neftdən gələn külli miqdarda vəsait müəyyən yollarla ərəblərin əlindən alınıb. Belə ki, neft sənayesindən qazanılan pulların əksər hissəsi iri şirkətlərin inhisarında cəmləşib. Neftçıxarma texnologiyaları, eləcə də neftayırma, daşıma, satış və digər xidmətlərin hamısı bir neçə iri şirkətin nəzarətindədir. Ərəblərə bu gəlirlərin heç dörddə biri belə çatmır. Bu pul müqabilində ərəblərə silah verilir, inşaat işləri görülür, infrastruktur və s. yaradılır. Bu zaman isə 3 manatlıq iş 10 manata görülür.

Öz növbəsində ərəblər isə əldə etdikləri neft gəlirlərini əsasən elektron avadanlığa, təyyarələrə, avtomobillərə xərcləyir, geri qalanını isə banklara yatırırlar. Qərb ölkələri bu pulların ərəblərin əlində qalacağı təqdirdə ya islam təşkilatlarına sərf olunacağını ya da müsəlman ölkələrinə sərmayə şəklində veriləcəyini yaxşı bilirlər.

Qərbə təhsil almaq üçün göndərilən şahzadələr müxtəlif vasitələrlə tələyə salınır, şantaj edilir.

İran, İraq və Suriya vasitəsilə Livana uzanan xətdə ərəb yarımadasının şimal xəttində fəaldır. Bu zonada müəyyən şiə nüfuzu mövcuddur. Bu baxımdan xüsusilə Bəhreyn, cənubda isə Yəmən İran üçün böyük əhəmiyyət daşıyır. Düşünürəm ki, münaqişə üçbucağının tərəfləri olan şiə, sələfi və təsəvvüf cərəyanları üç ölkə: Türkiyə, İran və Səudiyyə Ərəbistanı arasında paylaşıb.

Zənnimcə, şiəlik və sələfilik arasındakı hesablaşma “Ərəb baharı”nın baş verdiyi ölkələrdə də özünü büruzə verəcək. Əgər müsəlmanlar göz görə-görə bu tələyə düşsələr, vay onların halına… Gəlin, müsəlmanları məyus edib şeytanı sevindirməyək.


AzeriMuslims
Onaylı yorum bulunamadı.
YAZARIN ÖNCEKİ YAZILARI
Yazarlar
Alınan
Müsahibə
Facebook