Pentaqon Azərbaycanda baza yerləşdirsin
29.10.2010




ABŞ-dakı Heritage Fondunun Avropa və Avrasiya araşdırmaları proqramının direktoru, keçmiş sovet respublikaları üzrə ekspert Ariel Koen Obama administrasiyasının Rusiyaya dair siyasətini tənqid edib. A.Koen fondun saytında yer alan məqaləsində bildirir ki, 2009-cu ilin martında ABŞ dövlət katibi Hillari Klinton və Rusiya xarici işlər naziri Sergey Lavrov Cenevrədə iki ölkə arasında münasibətlərin bərpasına dair simvolik “restart” düyməsini basdılar.
Həmin vaxtdan bu yana Obama administrasiyası hər addımda Rusiya ilə münasibətlərin yenidən bərpasını alqışlayır və onu öz xarici siyasətinin mühüm nailiyyəti adlandırır. Lakin ABŞ-ın strateji hücum silahlarının ixtisarına dair yeni müqavilədə getdiyi güzəştlər, Avropada raketdən müdafiə sistemlərinin yerləşdirilməsi planlarının təxirə salması və Avrasiya regionundakı işlərə qarışmaması Rusiyanı Amerikanın maraqlarına təhlükə yaradan kurs həyata keçirməyə həvəsləndirib.
Ekspert qeyd edib ki, strateji hücum silahlarının ixtisarına dair yeni müqavilə ABŞ-ın və müttəfiqlərinin müdafiəsi üçün yeni, effektiv raketdən müdafiə sistemlərinin işlənib hazırlanmasını və yerləşdirilməsini məhdudlaşdırır. Digər tərəfdən, bu müqavilənin yerinə yetirilməsini yoxlamaq çətindir, Rusiyanın nüvə arsenalı isə 3800 başlıqdan ibarətdir. Müqaviləyə görə, mobil platformalar üzərində yerləşən qitələrarası ballistik raketlər nəzarətdən kənarda saxlanılır, bu da Rusiyaya imkan verir ki, həmin sistemlərə qoyulan məhdudiyyətləri aşsın. Ariel Koen Rusiyanın Şərqi Avropa və Avrasiya bölgəsində öz iştirakını gücləndirdiyini də qeyd edir. Rusiya Gürcüstanın separatçı bölgələrini tanıyıb və orada iri hərbi bazalar yerləşdirib. Hazırda Rusiya Gürcüstanın böyük hissəsinin hava məkanına nəzarət edir. Ermənistanda Rusiya hərbi bazasının dislokasiya müddəti uzadılıb, Rusiya həmçinin Sevastopolda yerləşən Qara dəniz donanmasından istifadə müddətini uzadıb. Moskva Moldova və Dnestryanı bölgədə də qoşun saxlayır. Orta Asiyada Rusiya güclü kampaniya başladıb və Qırğızıstanda hakimiyyət çevrilişinə nail olub. Belarusda isə Kreml avtoritar Lukaşenkoya güclü təzyiqlər edərək onu Moskvaya daha sadiq adamla əvəz etmək istəyir.
Digər tərəfdən, Moskva Suriya və Venesuela ilə sıx əməkdaşlıq edir, onlara yeni silahlar verir. Rusiya Venesuelaya nüvə reaktoru verməyə və bu ölkədə süni peyklərin buraxılması üçün poliqon tikməyə razılıq verib. Suriya isə Rusiyadan gəmilər əleyhinə qanadlı raketlər alıb. Hansı ki, onlar Amerikanın bölgədəki 6-cı donanması üçün çox təhlükəli ola bilər. “Rusiya radikalları dəstəkləməyə və silahla təmin etməyə hesablanmış neosovet taktikasından istifadə edərək yenidən Yaxın Şərqə qayıdır. Bununla da Kreml Obamanın ”heç nəyi görmürəm" şüarına əsaslanan siyasətindən faydalanır, postsovet məkanına ekspansiyanı davam etdirir və anti-Qərb rejimlərini dəstəkləyir. Rusiya həmçinin Arktikaya da iddia edir və orada Fransa, Almaniya və İtaliyanın birlikdə götürülmüş ərazilərinin ölçüsündə ərazini tutmaq istəyir. Obama administrasiyasının siyasəti nəticəsində ABŞ-ın Avrasiyada nüfuzunun kəskin azalması qaçılmazdır. Bu, Birləşmiş Ştatların və müttəfiqlərinin təhlükəsizliyini qorxu altına alır" deyə Koen bildirir.
Ekspert hesab edir ki, Obama administrasiyası Avrasiyadakı qərbmeylli qüvvələri dəstəkləməlidir. Bu zaman dövlət idarəçiliyinin inkişafına, insan azadlıqlarına və qanunun aliliyinə əməl edilməsinə diqqət gücləndirilməlidir. Konqres Rusiyada siyasi məhbusların və jurnalistlərin təqib olunması ilə bağlı qətnamə qəbul etməli, məsuliyyət daşıyanlara sanksiya tətbiq etməlidir. Koenə görə, Vaşinqton Mərkəzi Asiyada hərbi-siyasi iştirakını da gücləndirməlidir. Ekspert Özbəkistan, Türkmənistan və Tacikistanla iqtisadi, siyasi, hərbi əlaqələrin gücləndirilməsinə çağırır. Bildirir ki, ABŞ Qırğızıstanın yeni hakimiyyətinə də dəstək verməli, Rusiyanın “Manas” bazasını ələ keçirməsinə imkan verməməlidir: “Qafqazda isə ABŞ Gürcüstana və Azərbaycana müdafiə xarakterli müasir hərbi texnika verməli, Transxəzər qaz kəmərinin çəkilməsinə nail olmalıdır. Pentaqon Gürcüstan, Azərbaycan və Mərkəzi Asiay respublikalarında hərbi bazaların yerləşdirilməsi imkanlarını araşdırmalıdır”. Ekspert vurğulayır ki, Obama administrasiyası Rusiyaya və keçmiş sovet respublikalarına dair siyasətinə yenidən baxmalı, Amerikanın milli maraqlarını prioritet saymalıdır.
musavat
Onaylı yorum bulunamadı.
YAZARIN ÖNCEKİ YAZILARI
Yazarlar
Alınan
Müsahibə
Facebook