Azərbaycanda prezident seçkiləri təxirə salına bilər

Azərbaycanda növbəti prezident seçkilərinin keçirilməsinə cəmi 5 ay qalıb. Seçkilərə rəsmi start verilməsə də, şərti olaraq bəzi namizədlər indidən bəllidir. Hakim partiya hazırki ölkə başçısı İlham Əliyevin növbəti dəfə namizədliyi irəli sürəcəyini açıqlayıb. Müxalif düşərgədə isə Müsavat başqanı İsa Qəmbər və “El” hərəkatının sədri Eldar Namazov da prezidentlik postuna iddialı görünür. AXCP sədri Əli Kərimli isə hələ ki qərar verməyə tələsmir.

2013-05-25 11:25:15
Partiyaların namizədlik məsələsi, Milli Şura, iqtidar-müxalifət çəkişmələrinin getdikcə gərginləşdiyi vaxtda Azərbaycanda prezident seçkilərinin təxirə salınmasından da bəhs olunur. Belə təkliflə çıxış edənlər də var. Belə təkliflərin müəllifləri xüsusən də Dağlıq Qarabağ münaqişəsi istiqamətində illərdir aparılan danışıqların uğursuzluğu, cəbhədə gün-gündən müharibə təhlükəsinin artması, bu yolda xarici qüvvələrin təsiri və s. məsələləri arqument gətirərək, seçkilərin təxirə salınması üzərində düşünməyə zəmin yaradır.

20 ildən çoxdur Ermənistanla müharibə şəraitində yaşayan Azərbaycanda prezident seçkilərinin təxirə salınması mümkündürmü?

Modern.az bu suala cavab tapmağa çalışıb.

Öncə qanuna nəzər salaq

Azərbaycanda keçirilən 18 mart 2009-cu il tarixli referendumda Konstitusiyaya dəyişiklik edilib. Konstitusiyanın 84-cü maddəsinə parlament, 101-ci maddəsinə isə prezident seçkiləri ilə bağlı əlavələr edilib. Bu dəyişikliyə görə, hərbi əməliyyatların aparılması prezident seçkilərinin keçirilməsini mümkün etmədikdə ölkə başçısının prezidentlik müddəti əməliyyatlar bitənədək uzadılır. Bu barədə qərar seçkilərinin keçirilməsini təmin edən dövlət orqanı, yəni Mərkəzi Seçki Komissiyasının (MSK) müaraciəti əsasında Konstitusiya Məhkəməsi tərəfindən verilir. Eyni xarakterli dəyişiklik Milli Məclis seçkilərinə də aid edilir.

Göründüyü kimi, Azərbaycan seçkiöncəsi müharibə təhlükəsi ilə üzləşərsə, seçkilər təxirə salına bilər.

Hazırki durumda necə, Azərbaycanda real müharibə təhlükəsi varmı?

Politoloq Qabilı Hüseynli Modern.az-a açıqlamasında Azərbaycanın müharibə təhlükəsi ilə üz-üzə qaldığını bildirib. Politoloqun ehtimalına görə, Rusiya-Azərbaycan münasibətlərinin gərgin olduğu bir dönəmdə-seçki ərəfəsində rəsmi Moskva Ermənistanı ölkəmizə qarşı istənilən qarşıdurmaya təhrik edə bilər:

“Qarabağ müharibəsi yenidən başlaya bilər”

“Azərbaycanda müharibə şəraiti hər an mövcuddur. Müharibə Azərbaycan üçün qaçılmazdır, hər zaman Ermənistanla müharibə ola bilər. Rusiyadan seçkiöncəsi belə bir təhlükə gözlənilir. Rusiya Ermənistanda son zamanlar hərbi-texniki bazanı daha da gücləndirir. Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya Ermənistan vasitəsilə Azərbaycanı daim şantaj altında saxlamağa çalışır. Bu, müharibənin yenidən alovlanmasına gətirib çıxara bilər”-deyə politoloq şərh edib.

Seçkilərin təxirə salınmasına gəlincə, Q.Hüseynli bunun mümkünlüyünü istisna etmir.

“Əlbəttə seçkilərin təxirə salınması mümkün ola bilər. Onsuz da keçirilən referendum və Konstitusiyaya düzəlişdə müharibə şəraitində prezident seçkilərinin keçirilməsi nəzərdə tutulmur. Üstəlik seçki ərəfəsində vəziyyət gərginləşərsə, prezident seçkilərinin keçirilməsinə heç bir ehtiyac qalmır. Həmin prosesdə cəmiyyət status-kvonun qorunub saxlanması uğrunda mübarizə aparmalıdı”.

Aktiv müharibə qorxu varmı?

Millət vəkili, hüquqşünas Çingiz Qənizadə Qabil Hüseynli ilə müqayisədə məsələyə bir qədər fərqli prizmadan yanaşır.
Deputat hal-hazırda Azərbaycanda aktiv müharibə qorxusunun olmadığını deyir. Ç.Qənizadə hesab edir ki, prezident seçkilərinin təxirə salınması Azərbaycan-Ermənistan müharibəsinin yenidən başlayacağı halda baş tuta bilər.

“Seçkilər ləğv oluna bilər, bir şərtlə ki...”

“Azərbaycan müharibə şəraitindədir, amma aktiv müharibə aparılmır. Əgər qəsbkar dövlət indiki sülh sazişini pozacarsa, hansısa hücum əməliyyatına başlayarsa, o zaman təbii ki, bu məsələyə baxıla bilər. 1994-cü ildən atəşkəs sazişi bağlanıb və indiyədək davam edir. ATƏT-in Minsk qrupu bu proseslərə nisbi də olsa, nəzarət edir.
Real olaraq müharibə başlayarsa, əməliyyatlar keçirilərsə, bu zaman seçkilərin təxirə salınması məsələsi gündəmə gələrsə, qanun buna yol verər”-deyə Milli Məclis üzvü məsələyə münasibət bildirib.

Azərbaycanda prezident seçkilərinin cari ilin oktyabr ayının 16-də keçirilməsi planlaşdırılıb.