Əli Həsənov: “Heydər Əliyevi hakimiyyətə YAP gətirməyib“

“Heydər Əliyevi hakimiyyətə Yeni Azərbaycan Partiyası gətirmədi. Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi Azərbaycan xalqının, Yeni Azərbaycan Partiyasından olan və ya olmayan, siyasətə qoşulan və yaxud qoşulmayan hər kəsin tələbi və dəstəyi, o cümlədən Azərbaycanı ciddi böhrana salan səriştəsiz hakimiyyətin dəvəti ilə baş verdi”.

2013-05-24 13:32:27
APA-nın məlumatına görə, bu açıqlamanı Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Gənclərin dövlət ictimai-siyasi həyatında rolu” mövzusunda keçirilən seminarda deyib.
 
O bildirib ki, H.Əliyev hakimiyyətə gəldikdən sonra YAP-ın qabaqcıl, düşüncəli, səriştəli və qabiliyyətli üzvləri hakimiyyət strukturlarında yerləşdirdi və YAP Heydər Əliyevin simasında və ətrafında iqtidar partiyasına çevrildi: “Beləliklə, Heydər Əliyev bütün xalqın tələbi və dəstəyi ilə hakimiyyətə gəldi”.
 
Ə.Həsənov gənclərin qarşısında duran məsələlərə də toxunub: “Gələcək nəsilləri elə yetişdirməliyik ki, sabah hakimiyyət mexanizmini, dövləti onlara həvalə edəndə narahat olmayaq və bu gənclik dövlətimizin, millətimizin gələcəyini bizdən daha yaxşı idarə etsin. Bu sözün əsl mənasında ciddi məsuliyyət yaradır. Azərbaycanın həyata keçirdiyi gənclər siyasətinin təməlində bu dayanır. Azərbaycan Respublikasının gənclər siyasəti ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılıb. Ümumiyyətlə, Azərbaycanın bütün ictimai-siyasi istiqamətləri və digər həyati əhəmiyyətli strategiyaları Heydər Əliyev tərəfindən qoyulub”.
 
Ə.Həsənov 1993-cü ildə baş verən prosesləri xatırladaraq həmin illəri anarxiya dövrü kimi xarakterizə edib: “Təəssüf ki, 1991-93-cü illərdə Azərbaycan gəncliyi düzgün istiqamətləndirilmirdi, tərbiyə olunmurdu, enerjisindən, potensialından, intellektindən və fiziki imkanlarından səmərəli istifadə olunmurdu. Həmin illərdə bəzi qüvvələr gəncləri silahlandıraraq, qruplara bölərək öz məqsədləri üçün istifadə edirdilər. Faktiki olaraq Azərbaycan gəncliyi ayrı-ayrı partiyaların çərçivəsində kimlərinsə siyasi iddiasını reallaşdırmaq məqsədilə mübarizəyə qoşulmuşdu. Mübarizənin istiqaməti, amalı isə bəlli deyildi. Dövlət strukturları Azərbaycan gəncliyinin nəzarət altında olması təəssüratı yaratsa da, əslində gəncliyimiz tam olaraq taleyin ümidinə buraxılmışdı. Belə bir təəssürat yaradılmışdı ki, sanki gənclik nəyinsə uğrunda mübarizə aparır, çarpışır. Ona görə 1994-cü ildə Heydər Əliyev ilk növbədə daxili sabitliyi, qanunçuluğu, dövlətçiliyi və gənclik siyasətini dövlətin əsas istiqaməti olaraq ortaya qoydu. Heydər Əliyevin yenidən hakimiyyətə gəldiyi ilk illərdə formalaşdırdığı qurumlardan biri Gənclər və İdman Nazirliyi oldu”.