Azərbaycanda pasportlara elektron çiplər nə vaxt yerləşdiriləcək?

Milli Məclisdə 'Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında' qanuna dəyişikliklər müzakirə olunacaq

2013-05-24 09:44:50
Azərbaycanda pasportlara elektron çiplərin yerləşdirilməsinə başlanması vaxtı dəyişdirilir.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçiriləcək iclasında bununla bağlı "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanunda nəzərdə tutan dəyişiklik müzakirə olunacaq.

Belə ki, qanunda qeyd olunurdu ki, 2013-cü il iyunun 1-dən pasportda elektron daşıyıcı (çip) yerləşdirilməsi, elektron daşıyıcıya (çipə) pasport sahibinin imzası istisna olmaqla onun barəsində məlumatlar, pasport sahibinin üz təsviri və barmaq izi və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi halda digər məlumatlar daxil edilməlidir. Müzakirəyə çıxarılacaq dəyişikliyə görə, bu tarix sentyabrın 1-nə keçirilir.

Qeyd edək ki, yeni qanunda, həmçinin pasportların verilmə müddəti də göstərilib. Belə ki, pasportlar 1 yaşınadək uşaqlar üçün birillik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üçillik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beşillik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə onillik müddətə veriləcək.