Elşad Abdullayevin həbsinə hazırlıq

2013-05-23 09:02:57




   
“Gülər Əhmədovaya da bu barədə təklif olunub”

“Elşad Abdullayevin işi ilə bağlı hələ ki, heç nə yoxdur. Amma görünən budur ki, istintaqın gedişində Elşad Abdullayevə qarşı material toplanır, Elşad Abdullayevin həbsinə hazırlıq görülür”. “Qafqazinfo” xəbər verir ki, bunu “Azadlıq” qəzetinə müsahibəsində E. Abdullayevin vəkili Adil İsmayılov bildirib. Vəkil bildirib ki, onu Bakı şəhər prokurorluğuna çağıraraq və Elşad Abdullayevə çatdırılması üçün məktub təqdim ediblər: “Elşad Abdullayev gəlib ifadə verməyə dəvət olunurdu. Elşad Abdullayev də bildirdi ki, Azərbaycanda təhlükəsizliyimə təminat olmadığına görə gəlmirəm. Hətta məsələni belə qoymuşdu ki, əvvəlcə məni zərərçəkmiş kimi tanıyın, bundan sonra mən istintaqla əməkdaşlıq eləməyə hazıram”.

“Belə bir xəbər də var idi ki, Gülər Əhmədova dəymiş ziyanın ödənilməsinə razılıq verib. Elşad Abdullayevə və ya onun nümayəndəsi kimi Sizə bu haqda müraciət olubmu?” sualına A. İsmayılov belə cavab verib: “Əmlakla bağlı cinayətlərdə bir qayda olaraq, ziyanın ödənilməsi təklif olunur. Çünki bu həm də məsuliyyəti yüngülləşdirən haldır. Ola bilsin ki, Gülər Əhmədovaya da bu barədə təklif olunub, onun nə cavab verdiyini istintaq bilər”.

Vəkil həmçinin deyib ki, Mahir Abdullayevlə bağlı iş üzrə zərərçəkmiş qismində tanınsalar da, qanunda zərərçəkmişin hüquqları geniş deyil: “İstintaq başa çatmadan iş materialları ilə tanış olmaq imkanı yoxdur. Elşad Abdullayevin yaydığı videolarda yeni adlar çəkilirdi, Əli Zəngilanski və digərləri. Bildiyimə görə, üzə çıxan yeni adlarla bağlı araşdırma gedir, amma istintaq sirrini yaymamaq haqda iltizama imza atmışıq deyə, müəyyən məsələlərlə əlaqədar fikir bildirmək istəmirəm”.