Türkiyə Əsədlə bağlı şərtlərini açıqladı

Ammanda toplanacaq 'Suriyanın dostları' konfransında rəsmi Ankaranın irəli sürəcəyi şərtlər açıqlanıb.

2013-05-22 14:39:29
Teleqraf.com xəbər verir ki, "Suriyanın dostları" qrupu bu gün Ammanda 2-ci Cenevrə konfransının keçirilməsi üçün şərtləri müəyyənləşdirərək müxalifətlə koordinasiyanı təmin edəcək. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun konfransda iştirak etmək üçün Ammana səfəri gözlənilir. Konfransın sonunda yayımlanacaq bəyənnamədə Əsədin bütün səlahiyyətlərini keçid hökumətinə təhvil verməsi şərtiylə 2-ci Cenevrə konfransına "yaşıl işıq" yandırılacağı gözlənilir.

Türkiyə mətbuatının verdiyi məlumatına görə, Davudoğlu Əsədin tamamilə hakimiyyətdən getməsini tələb edəcək. Türkiyənin konfransada aşağıdakı tələbləri irəli sürməsi nəzərdə tutulur:

 "Əsədin iqtidardan əl çəkməsi konkret şəkildə açıqlanmalı, keçid hökumət üçün ortaq razılıq əldə edilməlidir. Əsədin ölkəni tərk etməsi şərt deyil. 2014-cü ildə keçiriləcək seçkilərdə hələ də səs toplayacağına inanırsa, seçkilərdə iştirak edə bilər. Ancaq seçkilərdə iştirak etdiyi zaman heç bir səlahiyyəti olmamalıdır. İsər prezident sarayında, istər sadə bir vətəndaş kimi bu prosesdə səlahiyyətsiz olmalıdır. Əli qana bulaşmış şəxslər keçid hökumətində yer almamalıdır. Qurulacaq keçid hökuməti tam səlahiyyət sahibi olacaq və 2014-cü il üçün parlament və prezident seçkilərini koordinasiya edəcək".