Putindən Əsədə hərbi dəstək

Rusiya Suriyaya döyüş gəmilərinə qarşı istifadə olunan müasir raket kompleksləri satıb. `Yaxont` modelli bu raketlər 300 kilometr məsafədə yerləşən hədəfləri məhv etmək qabiliyyətindədir.

2013-05-17 15:29:02
Beynəlxalq ictimaiyyətin səylərinə baxmayaraq, Rusiya Suriyanın hərbi gücünün artırılması üçün cəhdlərini həyata keçirir. “NewYork Time” qəzetinin məlumatında qeyd olunur ki, “Cruise” markalı bu raketlər əvvəlkilərdən xeyli güclüdür və daha dəqiq atış qabiliyyətinə malikdir.

Bu raketlərin uzunluğu 7 metrə çatır və daşınması rahatdır. Komplekslər hərbi nəqliyyat maşının üzərində rahatlıqla yerləşdirilir və yerdəyişmə edə bilir. Raket özü ilə birlikdə 500 kq partlayıcı maddə daşıya bilir.

Qeyd edək ki, rəsmi ABŞ artıq 90 min insanın həyatına son qoymuş Əsəd rejiminə bu cür silahların satılmasına görə çox narahatdır. Çünki bu silahlar dənizlərdən gələn təhlükəni məhv etmək və Əsədin hakimiyyətini daha da möhkəmlətmək qabiliyyətindədir. Rəsmi Moskvanın Suriyaya nə qədər raket satdığı isə açıqlanmır.

Onu da qeyd edək ki, Rusiya mətbuatı Suriyaya S-300 raket komplekslərini göndərilməsi xəbərini təsdiqləyib.

Bu arada 2011-ci ildən bəri Suriyada Bəşər Əsədə qarşı döyüşmüş müxalifətçilərə ən çox yardım ayıran ölkələrin adları məlum olub. Siyahıya Qətər başçılıq edib. Bu kiçik Ərəb ölkəsi müxalifətçilərə 3 milyard dollar yardım ayırıb.