İlham Rəhimov Azərbaycandan gedib

Bir vaxtlar mətbuata verdiyi siyasi açıqlamaları və şəxsi həyatı ilə gündəmdə olan iş adamı, hüquqşünas-professor İlham Rəhimov nədənsə son zamanlar gözə dəymir.

2013-05-16 11:19:09
Azərbaycanda “Putinin dostu” olaraq  tanınan İlham Rəhimovun Azərbaycandan getdiyi, Bakıda qurduğu biznes fəaliyyətindən geri çəkildiyi haqda da müxtəlif məlumatlar yayılmışdı.
Bildirilirdi ki, son zamanlar verdiyi açıqlamaları ilə geniş müzakirələrə səbəb olan İlham Rəhimov Azərbaycanda həyata keçirmək istədiyi siyasi ambisiyalarının baş tutmayacağını anlayaraq, geri çəkilmək qərarına gəlib. Artıq belə bir fikir də səsləndirilir ki, Azərbaycanda Rusiya prezidenti Putinin yaxın dostu kimi divident qazanmağa cəhd göstərən İlham Rəhimovun siyasi karyerası iflasa uğrayıb.

Bu günlərdə yayılan məlumatlara görə, iş adamının Azərbaycandakı biznes fəaliyyəti qapadılıb, mobil telefon bazarında ona monopoliya yaratmağa imkan vermiş “imtiyaz”ı geri alınıb.

Bəs görəsən “Putinin dostu” indi haradadır? Doğrudanmı Azərbaycandan gedib?

Əməkdaşımız bu və ya digər suala cavab tapmaq üçün İlham Rəhimovun mətbuat xidmətinin rəhbəri Xanoğlan Əhmədovla əlaqə saxlayıb.

İlham Rəhimovun hazırda Azərbaycanda olmadığını deyən mətbuat katibi onun şəxsi işləri ilə bağlı tez-tez xaricdə olduğunu bildirib:

“İlham Rəhimov işləri ilə bağlı tez-tez xaricdə olur. Hazırda şəxsi işləri ilə məşğuldur. Azərbaycandan birdəfəlik getməyib. Tez-tez burada olur”-deyə X.Əhmədov bildirib.

“Forbes” jurnalının yaydığı məlumatda azərbaycanlı iş adamı İlham Rəhimovun Moskvada 500 milyon dollarlıq daşınmaz əmlakın sahibi olduğu açıqlanmışdı. Jurnalın məlumatına görə, Rəhimovun bir neçə ticarət mərkəzində, mehmanxanada və göydələn tikilən ərazidə payı var.

Məsələn, onun “Qranditul” MMC-də 15% payı olduğu göstərilib. Şirkət “Qrand” və “Qrand-2” mebel ticarəti mərkəzinə malikdir, ötən il Moskva hökumətinin hərracında isə o, 7,2 milyard rubla “Moskva-siti”də 15 saylı sahəni əldə edib. Burada 150 000 kv. metrdən çox sahəsi olan göydələn tikmək olar.

Rəhimov Rusiyada ən iri “Sadovod” topdansatış bazarının və “Moskva” ticarət mərkəzinin həmsahibidir. “Forbes” mənbələrinin məlumatına görə, onun “Avropa” ticarət mərkəzində və “Ukrayna” mehmanxanasında da hissəsi var.