“Azərbaycan papağını göyə atar”

“Əgər Amerika qoşunlarını Azərbaycanda yerləşdirmək istəsə, Azərbaycan şadyanalığından papağını göyə atar”.

2013-04-25 14:02:02
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında politoloq Vəfa Quluzadə rusiyalı politoloq Maksim Şevçenkonun ABŞ-ın Əfqanıstandan çıxarılacaq NATO qoşunlarını Azərbaycanda yerləşdirəcəyi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib. Vəfa Quluzadə bildirib ki, əgər Amerika qoşunlarını Azərbaycanda yerləşdirmək istəsə, Azərbaycan şadyanalığından papağını göyə atar: “Mən hesab edirəm ki, hətta Amerikanın belə qərarı varsa da, Şevçenkonun bu məsələdən xəbəri ola bilməz. Onun fikrini ciddi qəbul etmirəm.”.

Vəfa Quluzadə bunun asan məsələ olmadığını deyib: “Hələ o vaxtlar Heydər Əliyev Madlen Olbraytla görüşü zamanı Amerika əsgəri qoşunlarının Azərbaycanda yerləşdirməsini təklif etmişdi. Madlen Olbrayt bunu gülümsəyərək qarşılamışdı. Azərbaycan o vaxtdan buna hazır idi. Amerika o vaxt qoşunlarını yerləşdirsəydi, Azərbaycandan asılı vəziyyətə düşəcəkdi. Amerika o zaman yerləşdirər ki, bir o qədər də asılı olmasın”.

Onun sözlərinə görə, Amerika hazırda bunu qəbul etməyəcək: “Onun hazırda Suriya, İran kimi problemləri var. Bu problemlər həll edilmədən Amerika öz hərbi qoşunlarını Azərbaycanda yerləşdirməz”.